backend

Balqabaqdan adam qayıranlar

Balqabaqdan adam qayıranlar












Fəaliyyət Qurbanov

Balqabaqdan adam qayıranlar


Balqabaq, xiyar, şomba, yaxud qarpıza oxşar suvenirfason adam başları görmüsünüz? Həqiqətən də maraqlı və qeyri-adi nümunələrdi. Bunlar rəssam qəlbli məmur yaradıcılarının işidi,özü də cəmiyyətdə rast gəldiyimiz gerçək möcüzələrindəndi. Gündəlik həyatımızda ən çox məmur kabinetlərində rastımıza çıxan tutalım balqabaq baş görəndə adamın ilk əvvəl özünə gülməyi tutur. Niyəsini soruşmayın. Mən də sorğunuzu cavabsız qoya biləcəyimdən utanıb xəcalət təri tökməyim. Amma, içində hansı "xoşmırı" dəstgahın bulunmasından asılı olmayaraq Azərbaycanda belə "baş"ları geniş ictimai müstəvidə tanıdanlara həqiqətən gurultulu alqış düşür. Bu barədə çox danışmaq olar. Bizə ayrılan vaxt isə gözləmir, balqabaqla xiyara və bir də şombaya güc-bəla ilə çatar. Odur ki, vaxt itirməyib keçək əsas məsələyə. Qəribə gəlməsin sizə, işimin xüsusiyyəti belədir ki, demək olar il uzunu balqabaq və qarpızlarla ilişkili təmaslarda oluram. Yox, nə fermerəm, nə də bostan qarovulçusu. Yəni, dediyim odu ki, qoltuğuna qarpız verilmiş canlı balqabaqlarla çoxlarından fərqli olaraq mənim daimi ünsiyyətim var. Mən bizim cəmiyyətdə balqabaqları adam eləyənləri eynən də eləmək iqtidarında olanları hörmətlə və izzətlə ən yüksək ranqlı möcüzə yaradıcıları hesab edirəm. Necə bilirsiniz, balqabaqdan adam qayıranlar bizlərdən nə iləsə fərqlənirmi. Sən demə, heç bir fərq-zad yoxuymuş. İlk baxışdan sadə və təvazökardırlar. Bu gözəl nemətlə o qədər mehriban davranırlar ki, adam özü dönüb balqabaq olmağa özündə daxili bir ehtiyac duyur. Bizim ölkədə adamı balqabaq eləmək o qədər də asan deyil deyil. Amma balqabaqdan adam düzəldənlər elə hər yanda böyük nüfuz sahibidirlər. Hərəsinin öz sehrli çubuğu var. Hansı balqabağın güngörməzinə ilişdirsələr gedib düşür vəzifə kreslosuna, ölüncə sancılıb qalır orda.Aralarında nazir də var, icra başçısı da, hətta akademik də. Bizim məmmləkətdən son iki onillikdə Nyu-Yorka baş alıb gedən elm məcnunlarının Çin əvəzinə çaşıb niyə Amerikaya getməyi də balqabaq mətləbinə söykənir. Bu məntiqlə gör nə qədər pullu balqabağımız alimləşib, yekəlib, yüksəlib. Şombabaş bir alimin hansısa banan respublikasının elmi biblioqrafiya kitabına öz adını saldırmağını dünya elminə ən böyük töfhə adlandırmağımız mənim özümü də narahat edir. Niyə ki, qorxuram bu ölkədə total "şombalaşma", yaxud balqabaqlaşma getsin. Əslinə qalsa bu yaradıcılıq ölkədə idarə edilən avtomatlaşdırılmış prosesdir. Müşahidə eləsən, dediklərimə əmin ola bilərsən. Bir çox nazirlik və ondan üzü aşağı idarələrdəki toplantılar bostanı xatırladır. Rəyasət heyətindəki balqabağın qoltuğuna iki qarpız verib oturdublar yuxarı başda ki, yerdə qalanlara ağıl öyrətsin, nağıl danışsın. O nağıllara zaldakı bostan və tərəvəz məhsulları elə böyük həvəslə qulaq kəsilirlər, adam bu mənzərədən vallah, heyrətə gəlir. Dərd ondadı ki, balqabağın içi boş olur, ciblərisə-dolu. Mən balqabaq milyoner tanıyıram ki, çəkisndən yüzqat artıq sərvətə malikdir. Bir vaxtlar balqabaq olmağa namizəd idi, düzü lap əvvəllər adına çaşıb xiyar da deyirdilər. Baxmayaraq ki, zalım uşağı günbəgün dolub-doluxsunurdu,adamın yazığı gəlirdi ona. Sonra başladı yavaş-yavaş yekəlməyə. Dönüb oldu yekə bir balqabaq. Bir az üzərində işləyib adama döndərdilər, şomba başına da əl gəzdirdilər. İndi əməlli başlı nazirdi. Ətrafına özü kimi balqabaqları yığıb təsəvvür edin, efirdən bu millətə həftəbaşı qəzəl oxuyur. Hamı da dinməzcə qulaq asır. Sonra da tab gətirməyib gedir özünü asır.