backend

Rövşən Bağırov bəzi məsələləri sağ əli hesab olunan Cəlil Baxşiyevlə məsləhətləşdikdən sonra reallaşdırır

Rövşən Bağırov bəzi məsələləri sağ əli hesab olunan Cəlil Baxşiyevlə məsləhətləşdikdən sonra reallaşdırır

Rayonun meşə fondunu kimlər və nə üçün məhv edir?




















Uzun müddətdir ki, ölkənin ucqar rayonlarından olan Lerik problemlər məngənəsində boğulur. Belə ki, rayon sakinləri işsizlikdən, sosial qayğılardan əziyyət çəkməklə yanaşı, bəzi yerli məmurların onlara əlavə problemlər yaratmasından da əziyyət çəkirlər. Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, 2 aprel 2007-ci il tarixdən Lerik Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışan Rövşən Bağırov əhali ilə normal ünsiyyət qura, onların üzləşdiyi çətinlikləri aradan qaldıra bilmir.

İcra başçısının 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil aldığını qeyd edən mənbə bildirir ki, Rövşən Bağırov 1987-ci ildə Əzizbəyov adına Neft-Kimya İnstitutunda "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989-cu ildə Neft-Kimya İnstitutunda mühasib, 1990-cı ildə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib, 1992-ci ildə Səbail Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 2003-cü ildə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006-cı ildə isə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətində sədr vəzifəsində çalışıb: "Bu arada, onu da qeyd edim ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov "A.M.A.Y" Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevlə uzun müddət şərik olub. Deyilənlərə görə, icra başçısı 1994-2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini və müdir vəzifələrində işləyib. Məhz həmin dönəmdə o, bankda səhmlərə sahib olub. Rövşən Bağırovun sonradan digər dövlət qurumlarında işləməsinə baxmayaraq, "Debut Bank"da payı azalmayıb, əksinə artıb. Belə ki, o vəzifədə olduğu zamanlarda da bankla əlaqələrini tam kəsməyib. Hətta 2010-2011-ci ilə qədər bankın nəzarət səhm paketinə sahib olan iş adamı Abdulla Abdullayevlə sıx əlaqələri olub". Lerik rayon icra başçısının bəzi məsələləri ən yaxın adamlarından olan birinci müavini Cəlil Baxşiyevlə məsləhətləşdikdən sonra reallaşdırdığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, rayon sakinləri Rövşən Bağırovun müavininin əməllərindən təngə gəliblər: "İlk öncə onu nəzərinizə çatdırım ki, əslən Lerik rayonunun Kələxan kəndindən olan Cəlil Baxşiyev əmək fəaliyyətinə 1977-ci ildə Lerik rayon yol idarəsində fəhlə kimi başlayıb. O, 2007-ci ilin iyun ayından Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır. Buna kimi Lerik Rayon Dövlət Vergi Müfəttişliyinin rəisi, icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, "Kapital Bank"ın Lerik rayon filialının müdiri vəzifələrində çalışıb. Yeri gəlmişkən, qeyd edim ki, bu ilin aprel ayında icra başçısının müavininin qardaşı, Kələxan bələdiyyəsinin sədri Zəfər Baxşiyevin içkili vəziyyətdə avtoqəza törətməsi artıq çoxlarına bəllidir. Lakin nədənsə Rövşən Bağırovun müavininin qardaşı ilə bağlı heç bir tədbir görülmədi. Çünki Cəlil Baxşiyev əlində olan imkanlardan istifadə edərək qardaşını müdafiə etməyi bacardı. Bu kimi məsələlərə görə, artıq rayon camaatı onun əməllərindən təngə gəlib. Cəlil Baxşiyevin bir müddət öncə şikayətçiyə verdiyi cavab hələ də leriklilərin yaddaşından silinməyib. Belə ki, rus əsilli Lerik sakini icra başçısının müavininin qəbulunda olarkən problemləri barədə danışıb və qarşı tərəfdən ona yardımçı olmasını xahiş edib. Rövşən Bağırovun sağ əli kimi tanınan Cəlil Baxşiyev isə "anan rusdur, get köməyi Putindən istə" deyərək şikayətçini kabinetindən qovub. Hələ bu, harasıdır. Bir müddət əvvəl rayonun Zuvand kənd sakinləri birinci müavindən Prezident Administrasiyasına şikayət ərizəsi yazıblar. Ərizəyə səbəb isə Cəlil Baxşiyevin bu kənddəki torpaq sahələrini ələ keçirmək cəhdləri olub. Məhz bu ərizədən sonra Rövşən Bağırovun müavini bir müddətlik məqsədindən vaz keçib. Lakin ara soyuyan kimi yenidən "ənənəsinə" sadiq qalıb".

İcra başçısının birinci müavinini rayonun ən imkanlı şəxslərindən biri kimi xarakterizə edən mənbə bildirir ki, Lerik-Lənkəran yolunun üstündə yerləşən "Doqquz qardaş" adlı istirahət mərkəzi məhz Cəlil Baxşiyevə məxsusdur: "Deyilənlərə görə, hazırda Lerik rayonunun ən gəlirli sahələri icra başçısı ilə onun birinci müavininin ixtiyarındadır. Belə ki, Lerik rayon icra başçısı Rövşən Bağırov rayonda bütün tikinti və ticarət bizneslərini nəzarətinə alaraq bəzi məqsədlərini reallaşdırmağa çalışır. Rayon əhalisi isə sosial problemlərin içində yarıac, yarıtox vəziyyətdə yaşamaqdadır. Deyilənlərə görə, icra başçısı Rövşən Bağırov rayon mərkəzinə gedən yolun kənarında bir neçə istirahət və əyləncə obyektləri tikdirir. Bu obyektlərin tikintisinə icra başçısının Bakıdan olan qohumu nəzarət edir. Rövşən Bağırovun başqa bir biznes sahəsinin isə Lerik meşələrindən ağacların kəsilərək satılması olduğu bildirilir. Belə ki, icra başçısına yaxın olan şəxslər rayon ərazisində yerləşən meşələrdən hər gün onlarla keyfiyyətli ağacları kəsərək dəzgahlardan keçirərək paytaxt Bakıya göndərirlər".

Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun təhsil, səhiyyə və digər sahələrdə apardığı siyasət, eyni zamanda hazırda rayonda baş verən bir sıra neqativ hallar, büdcə vəsaitlərinin abadlıq işlərinə xərclənməsi adı altında mənimsənilməsi, eləcə də sahibkarlara qarşı sərgilənən amansız mövqe əhalinin ciddi narazılığına səbəb olur. Belə ki, icra başçısının əlində olan təsir rıçaqlarından istifadə edərək həm rayon camaatını, həm də sahibkarları daim təzyiq, basqı altında saxlamağa, onların tətbiq etdiyi "qayda"lara sözsüz əməl etmələrinə çalışdığını deyən məlumatlı şəxsin sözlərinə görə, Rövşən Bağırov rayonun rəhbərliyinə gəldiyi gündən camaatın gününü göy əskiyə büküb. Bundan başqa, son zamanlar Lerik rayonunda meşə fondu torpaqlarının müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi adı altında qeyri-qanuni olaraq ev, həmçinin iaşə obyektlərinin tikintisi üçün kənar fiziki və hüquqi şəxslərə satıldığını vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, rayondakı meşə əkinlərinin faktiki sahəsi biabırçı vəziyyətdədir: "Deyilənlərə görə, həmin meşə əkinlərinin faktiki sahələrinin hesabat sənədlərində göstərilənlərə uyğun olub-olmamasının, onlara naryad-aktlarla çəkilmiş büdcə vəsaitlərinin miqdarının, hesabat sənədlərində göstərilmiş meşə ilə örtülü sahəyə keçirilmiş bütün növ meşə əkinlərinin faktiki sahələrinin hesabat sənədlərindəki uyğunluğu şübhə doğurur. Qeyd edim ki, indiyədək hektarlarla əkin sahələri baxımsızlıq, səhlənkarlıq və aqrotexniki xidmət tədbirlərinin yerinə yetirilməməsi səbəblərindən məhv olub. Bunun da nəticəsində rayona külli miqdarda ziyan dəyib. Bütün bunlarla yanaşı, Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəldikdən sonra rayondakı hektarla torpaq sahəsi müxtəlif yollarla ayrı-ayrı şəxslərin ixtiyarına verilib. Deyilənlərə görə, icra başçısı Lerik rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımi səviyyədə icra edə bilmir. Ümumiyyətlə, bu gün Lerik rayonu icra başçısı və onun birinci müavininin əlindən zinhara gəlib…"


Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.