backend

3 milyonluq müəmma

3 milyonluq müəmma

Vergilər Nazirliyinin “Caspel MMC” sevdası

















Azərbaycan Respublikası Vergilər Nazirliyinin builki tenderlərinin əksər hissəsinin qalibi “Caspel MMC” olub. Bu barədə Qaynar.info Satınalmalar üzrə Dövlət Agentliyinin saytına istinadən bildirir.
Belə ki, Fazil Məmmədovun nazirliyi təkcə bu ilin əvvəlindən “Caspel MMC” ilə “195” Çağrı Mərkəzi sisteminin avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 64 900 manat, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları və konfrans sistemlərinə, müşahidə, yanğın və siqnalxəbərverici sistemlərinə texniki xidmətin göstərilməsi üçün 174 085 manat, Zərif müştərilərə (elektron disksiz qurğulara), zərif müştəri serverlərinə, məlumat saxlama avadanlıqlarına, UPS-lərə, printerlərə və digər korporativ şəbəkə və server avadanlıqlarına (Exchange, TMG, Legalands, Spam, Antivirus, Message, Backup serverlər) texniki xidmətin göstərilməsi üçün 365 003 manat, AVİS ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, “SunServerləri”nə texniki xidmətin göstərilməsi üçün 678 429 manat, İskratel ATS-ə texniki xidmətin, ümumi kompüter şəbəkəsinə rabitə xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsi üçün 896 658 manat və Oracle proqram təminatına illik dəstəyin göstərilməs üçün 300 000, “Texniki və Akis sistemi avadanlıqlarının, proqram təminatlarının, kabel çəkilişinin və quraşdırma işlərinin yerinə yetirilməsi”nin satın alınması üçün 579 129,99 manat, kartriclərin satın alınması məqsədi ilə 99 844,52 dəyərində müqavilə imzalayıb.
“Caspel” şirkəti Azərbaycan Respublikasının ərazisində informasiya texnologiyaları və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət məlumatların ötürülməsi üzrə həll variantlarını, proqram təminatının işlənib hazırlanmasını, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini təqdim edir.
“Caspel” şirkəti Azərbaycanın bütün ərazisini əhatə edən özünün fiber-optik şəbəkəsinə də malikdir.
Vergilər Nazirliyinin “Caspel MMC” ilə çoxmilyonluq əməkdaşlığının isə yalnız şirkətin professionallıq göstəriciləri və satınalmalar haqqında qanunvericiliyin tələblərinə uyğun gerçəkləşdiyini demək çətindir. Belə ki, araşdırmamıza görə, hələ 2012-ci ildə ölkə KİV-i “Caspel” MMC-nin vergilər naziri Fazil Məmmədovun bacısı oğlunun adına rəsmiləşdiyini yazıb. Həmin vaxt bildirilirdi ki, nazirin bacısının yoldaşı, “Caspel”in isə de-yure sahibinin atası Namiq Quliyev Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavinidir.
Bildirək ki, hazırda Namiq Quliyev vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviridir. O həmin posta bu ildən təyin edilib.
Vergilər Nazirliyi “Caspel” MMC-nin Fazil Əliyevin yaxın qohumluğu ilə bağlı KİV-də yer alan məlumatları təsdiq etməsə də, təkzib də etməyib. Onu da deyək ki, 2014-cü ildə Vergilər Nazirliyi 11 mln 273,2 min manat məbləğində informasiya-kommunikasiya xidməti alıb. Həmin məbləğin böyük hissəsi də məhz “Caspel” MMC-nin payına düşüb: 5 mln 747 min manat. Yazıda özünə yer alan məqamlarla bağlı bütün tərəflərin mövqeyini dinləməyə və çap etməyə hazırıq.
P.S. Qaynar.info Azərbaycanın müxtəlif dövlət qurumlarının şübhəli satınalmaları ilə bağlı araşdırmalarını davam etdirəcək. Bizi izləyin…