backend

“İcra başçıları hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər”

“İcra başçıları hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər”

“İcra başçıları hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər”
















Tanınmış hərbi ekspert Üzeyir Cəfərov rayon icra başçılarının müdafiə naziri ilə keçirilən birgə müşavirəyə mülki geyimdə qatılmalarını qınayıb:

"Sizin diqqətinizə çox, həddən çox vacib bir məqamı çatdırmaq istərdim. Və bilmirəm yazacağım qeydləri hörmətli yoldaşlar və dostlar necə qəbul edəcəklər, amma susmağı da özümə sığışdıra bilmədim. Nəzərə alsaq ki, adətən çox mühüm siyası tədbir öncəsi (parlament seçkilərində iştrakımı nəzərdə tuturam-Ü.C.) belə şeyləri qələmə almaq, ola bilsin ki, şəxs olaraq mənim ziyanıma işləsin. Amma, mənim üçün hər şeydən öncə dövlətimin və xalqımın marağı olduğuna görə, hesab edirəm ki, bu haqda danışılmalı və yazılmalıdır. Keçirəm əsas məsələyə.

Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi haqqında xəbəri oxuyanda çox sevindim. Ona görə ki, 65 minlik təlimlər kimi, bu da ilk dəfə idi ki, müdafiə naziri döyüş bölgəsində yerləşən bütün rayon və şəhərlərin icra strukturlarının rəhbərlərini bir yerə yığaraq onlarla çox ciddi təhlil və dövləti əhəmiyyətli müşavirə keçirirdi. Özü də, mövzusu, “Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” olan toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib.

Şəxsən mən gözləyirdim ki, hörmətli müdafiə nazirimiz cənab general-polkovnik Zakir Həsənov müşavirə iştirakçıları olan icra başçılarından tələb edəcək ki, onlar da Ali Baş Komandan cənab İlham Əliyev kimi döyüş bölgəsinə mülki qiyafədə deyil, məhz hərbi geyimdə, necə lazımdır tam hazır vəziyyətdə gəlsinlər. Amma çox təəssüflər olsun biz bunun şahidi olmadıq. Ölkə tarixində ilk dəfə keçirilən və az qala regionu lərzəyə salan irimiqyaslı təlimlərdə hesab edirəm ki, məhz cəbhəboyu yerləşən rayon və şəhərlərin icra başçıları ilk növbədə hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər və bunu onlardan tutduqları vəzifənin məsuliyyəti birbaşa tələb edir. Onların birbaşa borcu idi ki, hərbi libasda müharibə qanunları çərçivəsində tabe olduqları generalların qarşısına çıxıb, bilik və bacarıqlarını nümayiş etdirsinlər. Hesab edirəm yaxşı olar ki, yaxın zamanlarda, bizim bərli-bəzəkli və dəyəri çox baha olan kostyumlarda əsgər və zabitlərimizin qarşısına çıxmağa alışmış icra strukturlarının rəhbər şəxsləri ilə ayrıca bir neçə günlük hərbi təlim-məşq toplantısı keçirilsin. Çünki, bu çox önəmli və vacibdir. Yaxşı xatırlayıram və yəqin ki, köhnə zabit dostlarımız da bilirlər ki, keçmiş SSRİ zamanında bütün rayon və şəhər partiya komitələrinin rəhbər şəxsləri, o cümlədən bütün idarə və müəsissələrin müdir və rəsiləri mütəmadi olaraq hərbi toplanışlara cəlb edilir və yekunda onlara ehtiyatda olan zabitlər kimi rütbə və məharət dərəcələri verilirdi...
Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Ona görə də, cəbhədəki real vəziyyət, yarana biləcək təhdid və riskləri qabaqlamaq məqsədilə təkcə hərbçilərin deyil, ən böyük yükün və məsuliyyətin məhz yerli icra strukturlarının üzərinə düşəcəyini də biz bir an belə unutmamalıyıq. Şəxsi heyətin və cəbhəboyu zonada yaşayan əhalinin, sənaye, təsərrüfat, o cümlədən kommunikasiya qovşaqlarının və digər əhəmiyyətli obyektlərin mühafizəsi, qorunması, müdafiəsi və təhlükəsizliyinin təmin olunması hərbçilərlə yanaşı yerli icra strukturlarının, onların birinci şəxslərinin üzərinə düşən əsas vəzifələrdən biridir.
Yerlərdəki icra başçıları, onların bütün kollektivləri eyni zamanda Azərbaycan Prezidentinin bölgələrimizdə təkcə səlahiyyətli nümayəndələri deyil, eyni zamanda Ali Baş Komandanın əsgərləridirlər. Onlar bunu heç zaman unutmamalıdırlar. Hesab edirəm ki, birbaşa döyüş bölgəsində yerləşən rayonların icra başçılarına müharibə bitənədək mülki geyimdə hərbi hissə və birləşmələrin ərazisində görünmək də qadağan edilməlidir. Bəzən biz çox əndrabadi bir mənzərənin şahidi oluruq. Müdafiə naziri və ya Baş Qərargah rəisi cəbhə bölgəsində hansısa mühüm tədbirdə iştrak edir və Müdafiə Nazirliyi də xəbər yayaır ki, N saylı hərbi hissədə filan-filan işlər görülüb. Bah, bir də görürsən ki, cəbhəyanı hansısa rayonun icra başçısı bahalı mülki kostyumda durub nazirin yanında. Biz də bəzən deyirik ki, nədən düşmən bizim bütün hərbi sirlərimizi bizdən daha yaxşı bilir?! Ay hörmətli hərbi sirri qorumağa cavabdeh olan dostlar, əgər belə "xırda ÇP"-lərinizi siz peşəkar kimi bilmirsinizsə, məsuliyyətsizlik edirsinizsə, mətbuatın günahı nədir? Ona görə də, icra başçıları ya hərbi geyimdə olmalıdırlar, ya da onlar mühüm tədbirlədə sadəcə görünməsələr yaxşı olar...
Ən sonda. Hesab edirəm ki, hörmətli müdafiə naziri general-polkovnik Zakir Həsənov çox gözəl bir işin başlanğıcını qoyub. Yaxşı olar ki, təkcə cəbhəboyu rayon və şəhər icra başçılarını deyil, o cümlədən Bakının, respublikanın bütün icra strukturlarının rəhbər şəxsləri ilə mütəmadi olaraq hərbi təlimlər keçirilməlidir. Bunun niyə və nə cür olmasını isə, məncə izah etməyə o qədər də ehtiyac yoxdur.
Tanrı Azərbaycanımızı və onun Silahlı Qüvvələrini qorusun!!!

“İcra başçıları hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər”
“İcra başçıları hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər”
“İcra başçıları hərbi geyimdə müdafiə nazirinin qarşısına çıxmalı idilər”