backend

"Neftqaztikinti" Tresti ləğv edilərək idarəyə çevrilib

"Neftqaztikinti" Tresti ləğv edilərək idarəyə çevrilib

Rövnəq Abdullayevdən Mirkazım Abbasova ağır cəza

















Bildiyiniz kimi, qəzetimizin son nömrələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abbasovun fəaliyyətindəki neqativ məqamlar, artıq işçi saxlaması, lazımsız ştatların olması, eyni zamanda 500 nəfərdən yuxarı rəhbər işçi vəzifəsinin mövcudluğu barədə yazılar dərc olunub. Əvvəlcə onu diqqətinizə çatdırmaq istəyirik ki, bizim Mirkazım Abbasovla heç bir şəxsi ədavətimiz, qərəzimiz filan yoxdur.

Sadəcə, o işinə məsuliyyətlə yanaşmadığı və Trestdə müxtəlif problemlər hökm sürdüyü üçün bu faktları işıqlandırırıq. Trest rəhbəri tənqidlərimizə dözümsüzlük nümayiş etdirirsə, bunu başqa cür başa düşürsə, bu artıq onun yanaşmasıdır. Biz peşə borcumuzu yerinə yetirib müxtəlif dövlət qurumlarında hökm sürən neqativ halları ictimailəşdiririk. "Neftqaztikinti" Tresti və onun müdiri ilə bağlı yazdığımız faktlar öz nəticəsini verməyə başlayıb. Mətləbə keçməmişdən öncə qeyd edək ki, "Neftqaztikinti" Tresti Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış "Azərdənizneftinşaat" və 07 may 1979-cu ildə yaradılmış "Xəzərdənizneftqaztikinti" Trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir. Dünya praktikasında açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin "Neft Daşları" rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə Trest tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılmış, ümumi sahəsi 8 hektar olan süni ada salınmış, estakada və meydançaların tikintisinə başlanılıb. Hazırda Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir: Trestin tərkibinə müxtəlif profilli 7 müəssisə və Gürcüstan Nümayəndəliyi daxildir. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Məlumat üçün bildirək ki, 2015-ci il yanvarın 1-nə olan məlumata görə Trestdə 4113 nəfər çalışır. Onlardan 501 nəfəri rəhbər, 338 nəfəri mütəxəssis, 3243 nəfəri fəhlə, 31 nəfəri isə digər qulluqçulardır. Dünən mötəbər mənbələrdən aldığımız məlumatlara görə, "Gündəlik Bakı"da işıq üzü görən faktlardan sonra Dövlət Neft Şirkətinin rəhbərliyi "Neftqaztikinti" Trestində bəzi islahatlar həyata keçirib. Mənbənin bildirdiyinə görə, bundan sonra Mirkazım Abbasovun rəhbərlik etdiyi qurum trest yox, idarə adlanacaq: "Rəhbər işçilərin bir çoxu tutduqları vəzifələrdən uzaqlaşdırılıb. Deyilənə görə, onlar indiyə kimi dövlətdən demək olar ki, havayı maaş alıblar. İşləri isə səhər işə gəlib axşama kimi ya kompüterlə, ya da telefonla oynamaq olub. Məsələdən xəbər tutan Rövnəq Abdullayevin göstərişi ilə 501 nəfər rəhbər işçinin demək olar ki, yarıdan çoxu işdən kənarlaşdırılıb. Həmin işçilərə qalıb fəhlə kimi işləmələri təklif edilsə də, onlar bununla razılaşmayıblar. Bundan başqa, köhnə trestin tərkibində fəaliyyət göstərən və əksəriyyətinə Mirkazım Abbasovun yaxın adamlarının rəhbərlik etdiyi tikinti quraşdırma idarələri də ləğv olunub. Mirkazım Abbasovun səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılıb. Digər tərəfdən, Neft Şirkətinin rəhbərliyinin onu möhkəm danladığı və bir də işində nöqsana yol verəcəyi təqdirdə cəzalandırılacağını bildiriblər". Etibarlı mənbənin dediyinə görə, şirkət rəhbərliyinin qəzəbinə tuş gələn idarə müdiri deputatlıq sevdasından vaz keçib: "Hazırda Mirkazım Abbasov vəzifəsini qorumaq haqda fikirləşir. Bu isə o deməkdir ki, idarə müdiri qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürməyəcək". Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən qurumun 012 521 07 80 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi götürən xanım heç bir informasiya vermədi. "Gündəlik Bakı" qəzetindən olduğumuzu eşidib dəstəyi asdı. Bu da Mirkazım Abbasovun işçilərinin mətbuat nümayəndələrinə hörməti. Eybi yox, Mirkazım müəllim, canınız sağ olsun. Onsuz da vəzifə karyeranızın son günlərini yaşayırsınız...


Mövzu ilə əlaqədar qarşı tərəfin də münasibət bildirmək hüququ var.