backend

Dərmanlar niyə ucuzlaşmadı?

Dərmanlar niyə ucuzlaşmadı?



















Bu gün dərman bazarında vəziyyət heç də qənaətbəxş deyil.

Dərmanların ayrı-ayrı apteklərdə müxtəlif qiymətə satılması vətəndaşların narazılığına səbəb olur. Lakin ölkə başçısı İlham Əliyevin dərmanların qiymətinin tənzimlənməsiylə bağlı verdiyi tapşırıqlar vətəndaşlarda ümid yaratdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənib, avqustun 25-də keçirilən iclasda isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Beləliklə, elan olunan 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib.

Hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

Lakin bütün bunlara baxmayaraq hələ də apteklərdə dərmanların qiymətində dəyişiklikləri görmək mümkün deyil. Bu barədə redaksiyamıza bir qrup vətəndaş şikayət edib. Onların sözlərinə görə, dərman bazarında qiymətlər olduğu kimi qalır. Hələ hansısa dərmanda qiymət azalmasına rast gəlməyiblər. Hətta vətəndaşlar bildirirlər ki, əksinə, bir çox dərmanlarda qiymət artımına gedilib.

Ekspertlər isə deyirlər ki, dərmanlar barədə tədbirlər zəruri olsa da, kafi deyil. Dərmanların qiymətinin ucuz və keyfiyyətinin yüksək olmasını istəyiriksə, bu sahədəki bütün maneələri aradan götürülməlidir. Gömrükdəki maneələr, biznesmenlərdən alınan əlavə rüşvətlər, həkimlərlə dərman distribüterlərinin işbirliyi yığışdırılmalıdır. Dərman biznesilə məşğul olanlara istənilən istehsalçıya çıxmaq imkanı yaradılmalıdır. Müstəqil ekspertiza yaradılmalıdır və bu iş gücləndirilməlidir. Belə olsa, bazar tamamilə liberallaşsa, qiymət də aşağı düşər, keyfiyyət də qalxar.

Səhiyyə Nazirliyinin rəsmisi dərmanların vahid qiymətə satılması ilə bağlı apteklərdə yaranan bəzi problemlərə münasibət bildirərkən qeyd edib ki, sözsüz ki, işin əvvəlidir və problemlərdən qaçmaq mümkün deyil. Müəyyən qədər problemlər var. Satışda qiyməti düzgün göstərilməyən, ölkədə qeydiyyatdan keçməyən dərman preparatları var. Hesab edirəm ki, qısa zaman kəsiyində problemlər aradan qaldırılacaq.

Nazirliyin rəsmisi qeyd edib ki, gələn ilin ortalarına qədər ölkədə satışa çıxarılan bütün dərmanların qiyməti dövlət tərəfindən tənzimlənəcək. Ölkə rəhbərinin tapşırığı ilə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atılır.