backend

Təhsil şöbəsinə ayrılan büdcə vəsaitlərinin düzgün xərclənmədiyi iddia olunur

Təhsil şöbəsinə ayrılan büdcə vəsaitlərinin düzgün xərclənmədiyi iddia olunur

























Nazir Mikayıl Cabbarovun şöbə rəhbərliyinin fəaliyyətinə nəzarəti gücləndirməsi vacibdir

Məlum olduğu kimi, təhsil ölkəmizdə prioritet sahələrdən biridir. Bu sahənin inkişafına cənab prezident İlham Əliyev daim diqqət və qayğı göstərir. İnkişaf etmiş dövlətin qurulması üçün əsas amilin yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı tərəfindən Azərbaycan təhsilində son 10 ildə sistemli islahatlar aparılıb və bu gün də təhsilimizi Avropa standartlarına yüksəldən həmin islahatlar davam etdirilir. Bunun nəticəsində son illər ərzində respublikamızda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yeniləşdirilib, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütün bunlara baxmayaraq, bəzi bölgələrimizdə təhsil sahəsində axsamalar mövcuddur. Həmin rayonlardan biri də Goranboydur. Xatırlatmaq lazımdır ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Goranboy Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elmar Əliyev korrupsiya şəbəkəsi yaradaraq şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev və bir sıra məktəb direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək Goranboyun 52 orta məktəbinin və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəb direktorunu cinayətkar niyyətlərinin həyata keçirilməsinə cəlb edib. O, həmin məktəblərin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edərək külli miqdarda rüşvət alıb. Təqsirləndirilən şəxslər E.Əliyev, Cəmaləddin Nəsibov, İlqar Əliyev barəsində həbs-qətimkan tədbiri, Faiq Dosiyev, Rövşən Abbasov və Xasay Qasımov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Rayon sakinləri sözügedən şəxslərin qanunsuz əməllərinin üstünün açılmasını müsbət qarşıladılar. Onlar ümid etdilər ki, şöbəyə yeni müdir təyin ediləcək şəxs qanuni şəkildə işləyəcək və öz mənafeyini güdməyəcək. Lakin zaman göstərdi ki, Goranboy Rayon Təhsil Şöbəsində neqativ hadisələr bu tezliklə aradan qalxan deyil. Redaksiyamıza daxil olan son məlumatlarda bildirilir ki, təhsil şöbəsinin müdiri Anar Mayılov bu sahədə keçirilən islahatlara, nazir Mikayıl Cabbarovun təhsildə korrupsiya və rüşvətin kökünü kəsmək məqsədilə atdığı addımlara məhəl qoymur, özünə məxsus şəkildə fəaliyyətini davam etdirir: "Bu şəxsin rəhbərliyi altında rayonun təhsilində heç bir nailiyyət əldə olunmayıb. Məsələn, ali məktəblərə keçirilən sonuncu qəbul imtahanında goranboylu abituriyentlər elə də yüksək nəticə göstərmədilər. Bunun bəzi səbəbləri var. Birincisi, hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır. Nazir Mikayıl Cabbarov bütün direktor və müəllimlərə şagirdlərdən müxtəlif adlarla pul yığmağı qadağan edib. Buna rəğmən, Goranboydakı məktəblərdə direktorlar başqa-başqa bəhanələr gətirməklə şagirdlərdən nəysə umurlar. Sözsüz ki, bu amillər təhsilin inkişafına birbaşa mənfi təsir göstərir". Məlumatlı mənbənin dediyinə görə, son illər Goranboyda büdcə vəsaitləri hesabına neçə-neçə məktəb əsaslı şəkildə təmir edilib, bəziləri yenidən tikilib: "Yəni dövlət rayonda təhsilin inkişaf etməsində maraqlıdır. Təhsil şöbəsinin müdiri isə hər vasitə ilə bu inkişafın qarşısını almağa çalışır. Deyirlər ki, o direktorlarla bəzi işlər törədir və nəticədə dövlətin büdcəsinə böyük miqdarda ziyan dəyir. Bəzi direktorlar rəhbəri olduqları məktəblərdə dərs saatının artıq yazılmasından ötrü şöbə rəhbərinə "təşəkkür" edirlər. Bunun nəticəsində şöbə müdiri həmin məktəblərdə çalışan bəzi müəllimlərə əlavə dərs saatı yazır. Bundan başqa, rayonun bir neçə məktəbində heç nəyə lazım olmayan texniki ştatlar açılıb. Təhsil şöbəsinin müdiri hansısa maraqların qarşılığında həmin ştatlara işçi qəbul edir. Onun fəaliyyətindəki nöqsanları sadalamaqla bitən deyil. Təhsil şöbəsinin kassasında vəsait çatışmazlığı var. Araşdırma aparılsa, bu fakt üzə çıxacaq. Goranboydakı bəzi məktəblərin cari təmiri üçün ayrılmış vəsaitdən düzgün istifadə edilmir. Şöbə rəhbərliyi qeyri-qanuni sənədlərlə həmin vəsaitləri havaya buxarlandırır. Şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində hər ay dövlətin büdcəsinə ziyan vurulur. Bu işlərin sayəsində şöbə müdiri özünə geniş imkanlar yaradıb. Deyilənə görə, onun Goranboyda bir-birindən dəbdəbəli mülkləri, Bakıda mənzilləri və ticarət obyektləri var". Məsələyə aydınlıq gətirmək üçün Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Odur ki, qarşı tərəfin də fikirlərini dinləyə və mövqeyini dərc edə bilərik. Çox güman ki, təhsil naziri hörmətli Mikayıl Cabbarov uçuruma yuvarlanan Goranboy təhsilində tezliklə islahatlar həyata keçirib rayonda təhsilin inkişafına öz töhfəsini verəcək. Qarşı tərəfin münasibətini dərc edə bilərik.