backend

`Gizli qüvvələr var`

`Gizli qüvvələr var`

























Son günlər Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylarda reket jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin də adları hallanır.

İddialara görə, MTN-nin vəzifədən alınan rəhbərliyi hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirirmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar.

Araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketçiliklə məşğuldur. Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar.

Mətbuat Şurasının Reket jurnalistikaya qarşı Mübarizə Komissiyasının üzvü Vüqar Rəhimzadə “MTN işi” ilə bağlı iddialara münasibət bildirib. O, bu məsələdə gizli qüvvələrin olduğunu deyib.

V.Rəhimzadə AzVision.az-a açıqlamasında vurğulayıb ki, Mətbuat Şurasının qənaətinə görə, reket jurnalistikanın arxasında gizli və maraqlı qüvvələr mövcuddur.

“Reket qəzet və saytlar bəzi yüksək ranqlı məmurlar, idarə və müəssisələr haqqında elə informasiyalar yayırdılar ki, həmin informasiyaların onlara çox bilgili orqanlar tərəfindən ötürüldüyü açıq-aşkar hiss olunurdu”.

Onun sözlərinə görə, Mətbuat Şurası yarandığı gündən ölkə mətbuatının qərəzsiz və azad sözün prinsiplərinə uyğun fəaliyyəti üçün çalışıb. Bu istiqamətdə çox mühüm vəzifə isə reket jurnalistikaya və ayrı-ayrı şəxsləri şantaj amillərinin qarşısını almaq, jurnalistikaya yalnız maddi mənfəətləri üçün gələn qeyri-peşə işçilərinin önünü kəsmək olub. Məhz bu məqsədlə Azərbaycan Mətbuat Şurasında şikayətlər komissiyası ilə bərabər, Reket jurnalistikaya qarşı Mübarizə komissiyası yaradılıb.

“Mətbuat Şurası yerlərdən - xüsusilə də müəssisə kollektivlərindən və ayrı-ayrı şəxslərdən gələn şikayət və müraciətləri bu komissiyada araşdıraraq konkret nəticələr ortaya qoymaqla reketlik və ayrı-ayrı şəxsləri şantaj əlamətləri müşahidə edilən qəzetlər barədə təsirli təbdirlər görür. Hətta bizə bəzi mətbuat orqanlarının rəhbərlərindən elə faktlar daxil olurdu ki, onlarla artıq hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olmalı idilər. Ona görə də bu tip şikayətləri biz həmin orqanlara ünvanlayırdıq.
Eyni zamanda, reketliklə məşğul olan qəzet rəhbərlərini və əməkdaşlarını ictimai qınaqla üz-üzə qoyduq. Onların adlarını Mətbuat Şurasının hazırladığı “qara siyahı”ya salmaqla məsələni ictimailəşdirdik. Bu tədbirlərdən nəticə çıxaranlar olurdu. Ancaq elə dırnaqarası jurnalistlər də var idi ki, onları nə maarifləndirmək mümkün idi, nə də ictmai qınaqla tərbiyələndirmək. Amma bütün hallarda biz Mətbuat Şurası olaraq öz prisiplərimizdən bir addım da geri çəkilmədik”.

V. Rəhimzadə onu da vurğulayıb ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, reket jurnalistika ilə məşğul olan qəzetlərin və saytların şantaj xarakterli yazılarına əhəmiyyət verməməyə çağırıb: “Lakin bizə informasiyalar çatırdı ki, bəzi orqanlar həmin qəzetlərdə dərc olunan yazılarla bağlı idarə rəhbərini və sahibkarı qeyri-qanuni yoxlatdırıb. Təbii ki, belə hallar həmin reketlərə necə deyərlər, “qol-qanad” verirdi. Mətbuat Şurası olaraq təxmin edirdik ki, reket jurnalistikanın arxasında bəzi gizli qüvvələr var. Lakin bütün hallarda Azərbaycan Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizəsində ölkə ziyalıları, peşəkar və vətənpərvər jurnalistlər bizə dəstək olublar. Bu dəstəyi biz bu gün də hiss edirik. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə yaratdığı söz və mətbuat azadlığı peşəkar jurnalistlərimizi bundan sonra da Azərbaycan dövlətinin inkşafına yönəldəcəkdir”.