backend

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2015-ci ilə uğurla yekun vurulmuşdur HESABAT

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2015-ci ilə uğurla yekun vurulmuşdur HESABAT





Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə” rəhbər tutularaq, dəniz nəqliyyatı sahəsində dövlət siyasəti və tənzimlənməsi istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Qeyd edilən müddət ərzində Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırmışdır. Administrasiya ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olmuş, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələrini genişləndirmişdir.

Əsas məqsədi Dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə lazımi qaydada həyata keçirilməsini və tətbiqini təmin etməkdən ibarət olan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə İspaniya Krallığının İctimai İşlər və Nəqliyyat Nazirliyi arasında 29 oktyabr 2015-ci il tarixində imzalanmış müqavilə ilə yeni tvinninq layihəsinin həyata keçirilməsinə başlanılmışdır.
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli, 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli, 161 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar olaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları” Nazirlər Kabinetinin 8 sentyabr 2015-ci il tarixli 296 nömrəli Qərarı ilə, “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydaları” Nazirlər Kabinetinin 1 oktyabr 2015-ci il tarixli 313 nömrəli Qərarı ilə, “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası”, “Gəmi agenti haqqında Əsasnamə”, “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası” Nazirlər Kabinetinin 8 iyul 2015-ci il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş və hal-hazırda “Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektlərinin icarəyə verilməsi ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydaları”, “Limanda xidmətlərin göstərilməsi Qaydaları”nın layihələrinin təsdiq edilməsi istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilməkdədir.
Administrasiya öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi yer ayırmışdır.
Belə ki, cari ilin 20 may tarixində Polşa Respublikasının Varşava şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Saziş imzalanmış və adıçəkilən Saziş “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli, 1313-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Qeyd olunan Saziş çərçivəsində limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir Tərəfin öz gəmilərinə yaratdığı imkanları digər Tərəfin gəmilərinə də yaratması nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin Polşa Respublikasına yük və sərnişin daşınması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcəkdir.
“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələr edilmiş) I/10-cu qaydasına uyğun olaraq, sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” layihələrinə dair ümumi razılıq əldə olunmuş və adıçəkilən layihələrin növbəti il ərzində imzalanması nəzərdə tutulmuşdur.
Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş” layihəsinin müzakirəsi ilə bağlı cari ilin 9-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Quru və Dəniz Nəqliyyatı Federal Qurumu ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mütəxəssisləri arasında ikitərəfli görüş keçirilmiş, keçirilən görüş zamanı Sazişin yenidən razılaşdırılıb yaxın gələcəkdə imzalanması üçün müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilmişdir.
Həmçinin, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və İordaniya Dəniz Administrasiyası arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələr edilmiş) I/10-cu qaydasına uyğun olaraq, sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” layihəsinin Hökumətlərarası Komissiyanın növbəti iclasında imzalanması nəzərdə tutulmuşdur.
Eyni zamanda, Dövlət Dəniz Administrasiyası Azərbaycan Respubikası Hökuməti ilə digər Dövlətlərin Hökumətləri arasında yaradılan Birgə Komissiyaların işində fəal iştirak etmişdir.
Qeyd edilən dövrdə Dövlət Dəniz Administrasiyasında Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir, Administrasiya tərəfindən göstərilən xidmətlərlə əlaqədar ictimai təqdimat, Beynəlxalq Əmək Təşkilatının “Dənizdə Əməyə dair” Beynəlxalq Konvensiyası ilə əlaqədar, “Dənizçilərin hüquqlarının qorunması” ilə əlaqədar seminarlar, həmçinin “İnformasiya azadlığının təmin olunması”, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi ilə əlaqədar “Peşəkarlıq və fərdi məsuliyyətin artırılması”, “Maraqların toqquşmasının qarşısının alınması” və “Məlumatlardan istifadə” mövzularında treninqlər keçirilmişdir.
Hesabat dövründə Administrasiyanın internet saytı, eləcə də Elektron hökumət Portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi müntəzəm olaraq təmin edilmişdir.
Qeyd edilən dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Administrasiyada çalışan dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində müvafiq zəruri tədbirlərin həyata keçirilməsi tam təmin edilmişdir.
Hesabat dövrü ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş 5 (beş) əməkdaş Dövlət Dəniz Administrasiyasında müvafiq vəzifələrə təyin olunmuşlar.
2015-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə uyğun olaraq, 147 gəmidə Dövlət liman nəzarəti və Dövlət Bayraq nəzarəti üzrə yoxlamalar aparılmışdır ki, qeyd edilən yoxlamaların da 102-si Azərbaycan Respublikasının, 45-i isə xarici dövlətlərin bayraqları altında üzən gəmilərdə həyata keçirilmişdir.
Həmçinin, hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilmiş, 3645 gəmi jurnalı təsdiq edilərək təhvil verilimiş, 645 xarici dövlətin bayrağı altında üzən gəmiyə bələdçi xidməti göstərilmişdir.
Hesabat dövrü ərzində Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.21-ci yarımbəndinə əsasən Administrasiyanın əsas vəzifələrindən biri olaraq müəyyən edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, habelə gəmi sənədlərinin verilməsi işi yüksək səviyyədə icra edilmişdir.
Qeyd olunan dövr ərzində Administrasiya tərəfindən 74 gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə, 22 gəmiyə Mülkiyyət hüququ haqqında şəhadətnamə, 74 gəmiyə Minimum heyət tərkibi haqqında şəhadətnamə, 41 gəmiyə Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə, 43 gəmiyə Əmniyyətli İdarəetmə haqqında şəhadətnamə, 144 gəmiyə Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat, 19 gəmiyə gəmi reyestrindən çıxarış və 35 gəmiyə Gəmi tarixinin fasiləsiz qeydlər sənədi verilmişdir.
Hesabat dövrü ərzində 1542 dənizçinin şəxsiyyət vəsiqəsi və 485 dənizçinin qeydiyyat kitabçası hazırlanaraq sahiblərinə təqdim edilmişdir.
Qeyd edilən dövr ərzində “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, eləcə də “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dənizçilərə 1413 sertifikat (diplom), 12629 xüsusi hazırlıq şəhadətnaməsi verilmişdir.
Cari ildə Administrasiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində Administrasiyada elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin aparılması üçün Dövlət Agentliyinin 2014-cü il 15 yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na uyğun olaraq, Dövlət Agentliyi tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparılmışdır.
Aparılmış qiymətləndirmələrin nəticələrinə dair Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçi qrupunun rəyinə əsasən Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərin hər birinin göstərilmə səviyyəsi “yaxşı” olaraq qiymətləndirilmişdir.
Həmçinin qeyd edilən il ərzində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən gəmilərə 10000-dən çox hal üzrə naviqasiya yardımı göstərilmiş, gəmilərin hərəkətinin koordinasiya olunmasında yaxından iştirak edilmiş və gəmi sürücülüyü üçün hava şəraitinin münasib olmadığı vaxtlarda gəmilərə mənsubiyyətindən asılı olmayaraq təhlükəsiz lövbər dayanacağı və hərəkət marşrutu seçməyə yaxından köməklik göstərilmişdir.