backend

Sultanəhməd terroru azərbaycanlı jurnalistin gözündə...

Sultanəhməd terroru azərbaycanlı jurnalistin gözündə...


Türkiyədə, turizmin qəlbi Sultanəhməddə baş verən terror hadisəsi bütün dünyanı, o cümlədən qardaş Azərbaycanı sarsıldıb. Qəzetimizin mühacirətdə olan əməkdaşı Elbəyi Həsənli ailəsi ilə birlikdə hazırda Türkiyədədir. O, terror baş verən ərazinin yaxınlığında qalır.

Əməkdaşımızın terror aktı ilə bağlı təəssürat və qeydlərini diqqətinizə çatdırırıq:

Sultanəhməd meydanında baş verən terror İstanbulu sarsıldıb. Xüsusən əcnəbi turistlərin xəsarət alması çoxlarını narahat edib.

Qaldığım otelin müdiri ilə söhbət zamanı bildirdi ki, turist axını onsuz da yaxşı deyil: "Orta Şərqdə baş verənlər Türkiyəyə əcnəbilərin marağını azaldıb. Son partlayış isə yenidən turist axınının canlanacağı ümidlərini darmadağın etdi".

Dünən mən də ailəmlə birlikdə o meydanda oldum. “Sultanəhməd” məscidi qədər məşhur olan Ayasofya məbədi də orada yerləşir. Çox gözəl yerdir. Partladılan məbədin yanında da olduq. Əslində elə bugünkü planımız da belə idi ki, səhər yeməyindən sonra “Sultanəhməd” məscidinə və Ayasofya məbədinə gedək. Yerli vaxtla saat 10:20-də baş verən terror aktı səbəbindən dostlar bizə ümumiyyətlə şəhərə çıxmamağı tövsiyyə etdilər. Hazırda əraziyə giriş-çıxış qadağandır, şəhərdə polis nəzarəti gücləndirilib.

“Sultanəhməd”də yerləşən turizm şirkətinin rəhbəri Əli bəy yerli radioya müsahibəsində bildirdi ki, hadisənin canlı şahididir, partlayış vaxtı meydanda çoxlu turistlər olub: "Çoxluq təşkil edən yapon turistlər bir kənara çəkilib ağlayırdılar. Uşaqlar isə valideyinlərinə “Dərhal geri qayıdaq” deyirdilər".

Əli bəy bəy həmçinin qeyd etdi ki, Sultanəhməd Türkiyəni ziyarət edən turistlərin əsas “misafir odası”dır və Türkiyəyə gələn önəmli dövlət rəhbərlərini bu meydana gəzməyə aparırlar.

Əli bəy sonda bildirdi ki, partlayışdan sonra rezarvasiya edən şirkətlər zəng edərək sifarişləri təxirə salıblar.