backend

Zibildaşıyan gənclər ölkəni xilas edəcək?

Zibildaşıyan gənclər ölkəni xilas edəcək?


Artıq bir çox şirkətlər, banklar və hətta bəzi dövlət qurumları belə “anti-böhran” tədbirlərinə keçiblər.
Həddən artıq “unikal” variantdır: işçilərə “könüllü” istefa ərizələri yazdırılır və “öz hesabına” məzuniyyətə göndərilir. Digər tərəfdən isə camaatı qorxudurlar ki, yanvardan növbəti bahalaşma olacaq… Beləliklə, “Hunger Games Azerbaijan” başlayır. Ya da “Survivor Azerbaijan”. Adını nə qoysaq, fərq etmir… Cəmiyyətdə bilərəkdən çaxnaşma salan işbazlar sadəcə qazanclarını artırmağı düşünürlər, yoxsa, onların daha ali məqsədləri də var?
Məsələn, Azərbaycanda dərman qiymətləri onsuz da qonşu ölkələrə nisbətən baha idi. Amma utanmadan, devalvasiyanı bəhanə edib yenə qiymətləri qaldırırlar…
Qənd, yağ, un, bir çox ərzaq məhsulları da qəti ucuz deyildi… Yenə bahalaşdı.
Siqaretin qiymətlərində bahalaşma bir yana, insanları müxtəlif şayiələrlə qorxudub blok-blok siqaret almağa təhrik edirlər.
Əlbəttə ki, görünən kəndə bələdçi lazım deyil.
Ölkəmizin hər dövründə milyardlar qazanmağı ali məqsədi seçən oliqarxlar, möhtəkirlər bu çətin dövrə də “uyğunlaşmağı” bacardılar. Onlar qəfil “azalmadan” qorxdular və bunun acığını kasıblardan çıxmağa başladılar. Amma bu, heç də asan proses olmayacaq…
Cəmiyyət ciddi islahatlar gözləyir. Əgər oliqarxlar öz gəlirlərində cüzi azalma ilə barışmasalar, ölkədəki kriminogen durum da arta bilər, ondan sonra dəhşət filmlərində gördüyümüz mənzərələri canlı-canlı eyvandan izləyə bilərik.
“Holland sindromu” çoxunuza məlumdur. 1960-cı illərdə Niderlandda qaz ixracatından xeyli gəlirlər əldə olunurdu, amma sonradan ortaya çıxdı ki,başqa sahələrdə vəziyyət heç də ürəkaçan deyil. Ciddi və sürətli islahatlar aparmaq lazım gəldi.
Niderland rəhbərliyi “stavka”nı kənd təsərrüfatına qoydu. Kiçik bir ölkənin qəfildən iri ərzaq ixracatçısına çevrilməsi qəribə görünə bilər… Lakin Niderland Krallığında elmi-texniki tərəqqidən yerində istifadə, biznesə ağıllı yanaşma bu ölkəni xilas etdi. Həmçinin, digər sahələrdə də irəliləyiş başladı və ən əsası, ölkə özü də ərzaq problemi yaşamaqdan xilas oldu. Niderland hazırda re-eksport sahəsində də qabaqcıl ölkələrdən sayılır. Biznesin inkişafına göstərilən yardım ona gətirib çıxardı ki, artıq başqa ölkələr üçün nümunəvi inkişaf tarixi formalaşdı. Elə bizim üçün də…
Zibildaşıyan gənclər ölkəni xilas edəcək?Bu yaxında çoxdan tanıdığım təhsil eksperti, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu ilə gənc kadrlar məsələsində söhbətim oldu. Sərdar Yusifoğlu bir çox gəncə xaricdə təhsil sahəsində yardım edib, özü də bir çox ölkədə olaraq ordakı həyatla, inkişaf yolu ilə maraqlanıb.
Sərdara dedim ki, dostum, əlbəttə ki, iqtisadi islahatlar gözləyirik… amma bu islahatları kimlər edəcək, kadrlarımız varmı?
Sərdar kadr məsələsində nikbin danışdı. Çünki dövlət proqramı ilə xaricə təhsil almaq üçün gənclər göndərilir, qayıdanların bəziləri də işlə təmin olunur.
Amma bəziləri… Öz hesabına, ya da beynəlxalq fondların qrantı ilə xaricdə oxumağa gedənlərin bir qismi qayıtmaq istəmir, ya qayıdandan sonra özəl sektora keçir.
Sərdar bir maraqlı məqamı qeyd etdi: Avropada təhsil alıb qayıdan gənclərin çoxu hazırkı reallıqla möcüzə göstərə bilməzlər. Onlar ən yaxşı halda təklif görə bilərlər.
Bu gün bəzi məmurların övladları, qohumları bizneslə, inhisarçılıqla məşğuldur. Onlar bu cəmiyyətin “nəfəsliyini” tutublar. Onlarla islahatlar aparmaq çətindir… Yoxsa, bütün islahatlar kağız üzərində qalacaq.
Ekspert dostum mənə maraqlı bir nümunə gətirdi: “Avropada bir çox tələbə gecələr zibil daşımaqla, bir sıra işlər görməklə dolanır, öz təhsil xərclərini qarşılayırlar. Lakin Avropanı xilas edən də bu “zibildaşıyan”lar oldu. Universitetlərdən verilən tapşırıqlar, kurs işləri nazirliklərin tələbləri ilə koordinə olundu, gənclər həm dövlət, həm də qeyri-dövlət strukturlarına təklif vermək imkanı qazandılar. Maraqlı layihələr maliyyələşdirildi, tanışlığa yox, ideyanın gücünə önəm verildi. Bu gün Azərbaycanda Dövlət İqtisad Universiteti var, bu ali məktəb bir sıra dövlət qurumu ilə birgə ortaq layihələr işləyə bilər, gənclərin enerji və ideya bolluğundan yararlanmaqla, yeni çıxış yolları tapa bilərlər. Amma təəssüf ki, gənclərin enerji və potensialından biz yetərincə faydalana bilmirik”.
Tamamilə razıyam… Bizdə konkret zibil daşımaq deyə bilmərəm, amma müxtəlif işlərdə çalışan tələbələr az deyil, amma onların qazancının çoxu məhz pedaqoqları dolandırmağa gedir. Özləri isə birtəhər, Allahın ümidinə baş qatırlar.
Ölkəmizə yeni nəfəs lazımdır… Lütfən, nəfəsliyimizin önündən çəkilin, cənablar!