backend

Qəbələdə saray qarşıdurması: məmurlar bir-birini ifşa edir

Qəbələdə saray qarşıdurması: məmurlar bir-birini ifşa edirSon günlər Qəbələ rayonu ilə bağlı cumhuriyyət. az olaraq bir neçə şikayət məktubu almışıq. Şikayətçilər cumhuriyyət. az-ın elektron poçtuna bir sıra mətləblərdən xəbər verən informasiyalar sızdırmaqda davam edirlər. Elektron poçtumuza daxil olmuş informasiyalarda yaxın keçmişin gizli saxlanılmış maxinasiyaları, bir sıra sabiq və hazırda iş başında olan məmurların qanuna zidd hərəkətləri və sairlər öz əksini tapmışdır.
Şikayətçilər qeyd edir ki, bu dönəmə kimi Qəbələdə baş verənlər ölkə mətbuatından maksimum dərəcədə gizlədilib. Belə ki, rayonda yaradılmış avtoritar idarəetmə öz bəhrəsini vermişdir. Rayonda aparıcı postlara təyinat alan namizədlər bütün parametrlər üzrə sorğu-suallardan keçmiş, bütünlüklə yoxlanılmış və onlar üçün hazırlanmış çərçivə içərisində fəaliyyətlərinə icazə verilmişdir. Ancaq son zamanlar Qəbələdə baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar onu deməyə əsas verir ki, daha vəzifələrdə çalışan məmurlar əvvəlki qaydalarla yaşamaq, fəaliyyət göstərmək istəmirlər. Çünki az qala hər gün onların mənafeyi əleyhinə qərarlar qəbul olunur ki, bu da yaxın gələcək üçün Qəbələni qapalı məkana çevirməyə xidmət edir. Odur ki, bir sıra məmurlar sabiqlər, ictimai fəallar və məlumatlı şəxslər qərar veriblər ki, KİV-lə əməkdaşlıq edərək rayondakı özbaşnalıqları ölkə gündəminə çıxarsınlar.
Son günlərin ən çox müzakirə olunan mövzusu olan keçmiş hərbi şəhərcikdə baş verənlərdir. Bu məsələ cumhuriyyet.az vasitəsilə ictimailəşdirildikdən sonra rayon rəhbərliyi əməlli- başlı narahat olmağa başlayıb. Hərbi şəhərcikdə yaşayan mənbəmiz məlumat verir ki, son yazıdan sonra rayon rəhbərliyində təmsil olunanlar, hansı ki, adları yazıda əks olunub və qeyd edilib ki, icra başçısı Səbuhi Abdullayev, onun müavinləri Arif Allahverdiyev, Abil Ağasəfov və hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adının hallanması onları əməlli-başlı silkələyibdir: “Hazırda rayon rəhbərliyinin göstərişi ilə hərbi şəhərcikdə təbliğat aparılır ki, güya burada evlərindən çıxarılanlar rus hərbçilərinin evlərini başaldaraq getməsindən sonra, qonşu rayonlardan gəlib evləri zəbt edənlərdir. Güya Ağdaş, Göyçay, İsmayıllı, Oğuz və sair rayonlardan insanlar kütləvi şəkildə şəhərciyə gələrək evlərə soxulublar və rayon rəhbərliyi onları zəbt etdiyi evlərindən çıxararaq evləri Qəbələdə evsiz ailələrə vermək niyyətindədir”. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, bütün bunlar rayon rəhbərliyinin uydurmasıdır. Buradakı evlərin böyük hissəsini elə məmurların özləri zəbt ediblər. Eyni zamanda şəhərcikdə gizli şəkildə axtarırlar ki, kim mətbuatla əməkdaşlıq edirsə, onu üzə çıxarsınlar.
Burada hərbi şəhərcik fəaliyyət göstərəndən uzü bəri yaşayan ailələr var ki, onlar da bir neçə mənzili zəbt ediblər. Hazırda həmin ailələr də rayon rəhbərliyinin mövqeyindən çıxış edirlər. Mənbəmiz onu da bildirir ki, baş verən məmur özbaşnalığına etiraz edən şəxslər polis tərəfindən təqib olunur və bu prosesə rəhbərliyi rayon prokuroru Məqsəd Orucov həyata keçirir: “Məqsəd Orucov on beş (15) ilə yaxındır ki, Qəbələdə prokuror vəzifəsində çalışır. Rayon rəhbərliyi və kuratorun ürəyincə fəaliyyət göstərdiyinə görə ona gözün üstə qaşın var deyən də tapılmır.rr Qəbələdə istənilən cinayət işini yüngülləşdirmək, yaxud ağırlaşdırmaq Məqsəd müəllim üçün su içmək kimi asandır. Məqsəd Orucovun Şəki-Bakı magistralının kənarında Qəbələ rayonu ərazisində villası yerləşir. Məqsəd müəllim son zamanlar hərbi şəhərcikdə rayon məmurlarının adlarının ən çox hallandığı 74-cü binada mənzilə sahiblənib. Buna görə sadə sakinlərə aman vermir ki, işin üstü açılar. Məqsəd müəllim belə işlərdənsə yaxşı olardı ki, rayonda köməyə ehtiyacı olan insanlara kömək etsin. Güya heç kim bilmir ki, insanlar dövlət idarələrində necə alçaldılır, təhqir olunur? Bəyəm Məqsəd müəllimin xəbəri yoxdurmu ki, Qəbələdə rüşvətsiz iş aşmır. Niyə tədbir görmür? Rayon diaqnostika mərkəzinin yanında beş nəfərlik ailə vaqonda yaşayır, bu ailənin yeməyə çörəyi belə yoxdur. Məqsəd müəllim belə insanlara dayaq durmaqdansa harınlamış məmurları müdafiə edir. Məqsəd müəllim hamıdan yaxşı bilir ki, Qəbələ məmurları yetim malı yeməklə məşğuldurlar. Bəs qanunlara ali nəzarət funksiyasını həyata keçirməli olan prokuror niyə vəzifəsinə səhlənkar yanaşır? Niyə cənab prezident kimi xalqa deyil, məmurlara xidmət edir? Nə vaxta kimi Qəbələ prokurorluğu, polis sistemi rayon rəhbərliyinin əlində Qəbələ camaatına qarşı dəyənək kimi istifadə ediləcək? Biz sadə insanlar dövlətimizin başçısı cənab İlham Əliyevdən kömək istəyirik. Xahiş edirik ki, bizləri azğınlaşmış məmurların şərindən qorusun”.
Redaksiyadan: Cumhuriyyət. az olaraq qeyd edirik ki, yazıda adları çəkilən şəxslərin heç birini tanımırıq və onlara qarşı hər hansı qərəzimiz yoxdur. Buna görə də adları çəkilən şəxslərin və dövlət qurumlarının da fikirlərini dinləyib dərc etməyə hazır olduğumuzu bəyan edirik. Mövzu ilə bağlı foto şəkilləri elektron poçtumuza hərbi şəhərcikdəki mənbəmiz göndərib.