backend

Elvin Məmmədov kasıbın pulunun yarısını istəyir, amma yardımı varlıya verir

Goranboy cəbhə xəttinə yaxın yerləşdiyindən burada insanların təsərrüfat işləri ilə istənilən səviyyədə məşğul olmalarında problemlər yaşanır. Xüsusən cəbhəyə yaxın kəndlərdə əhalinin durumu yaxşı hesab edilmir. Səbəbi də onların təsərrüfat işlərinə ermənilərin mütəmadi atəş açmaları səbəbindən maneçilik törətmələridir.
Elvin Məmmədov kasıbın pulunun yarısını istəyir, amma yardımı varlıya verir
Bu səbəbdəndir ki, artıq xeyli vaxtdır Goranboyda ünvanlı sosial yardım alanların sayı xeyli çoxalmışdı. Hətta bir neçə il bundan əvvəl rəsmi qurumlar da təsdiqləmişdilər ki, Goranboy rayonunda ünvanlı sosial yardım alanların sayı artıb.
Qeyd edək ki, belə bir vəziyyət heç də yaxşı hal sayılmır. Belə ki, yoxsulların sayının artmasının həmin rayonda işsizliyin çox olması anlamına gəldiyini bilməyən yoxdur. Lakin Goranboyda bu gün də ünvanlı sosial yardım alanların sayının çoxluğunun işsizlik və yoxsulluqla heç bir ələqaəsi yoxdur. Bu yerli Sosial Müdafiə Mərkəzinin pul qazanmaq üçün düşündüyü plandır.

Demokratiya.info-ya verilən məlumata görə, mərkəzin direktoru Elvin Məmmədov vəzifə başına keçdikdən sonra yardım almaq istəyənlər üçün yeni qaydalar «kəşf» edib. Əslində, bu qaydalar yeni kəşf olunmayıb, sadəcə, Goranboy SMM-in direktoru onlara bəzi əlavələr edib. Məlumatlarda vurğulanır ki, rayonda kasıb bir adamın ünvanlı sosial yardım alması məşəqqətdir. Belə ki, Elvin Məmmədovun maklerləri əvvəlcə kasıbın cibini «rentegen» edib, müəyyən edirlər ki, onun pulu var, ya yox. Pulu varsa, min bir hörmət, izzətlə qarşılayıb, danışıqlar aparır, sonra da razı yola salırlar.

Vay o günə ki, gələnin cibində pulu olmaya və qanundan danışa. Əvvəla onu SMM-in qarşısında adam yerinə də saymırlar. Üstəlik, hər vəchlə oradan uzaqlaşdırmağa çalışırlar. Pulu olmayan ünvanlı sosial yardım almaq istəyirsə, ona o qədər sənəd yığmasını tapşırırlar ki, Qaf dağından qar gətirmək daha asandır.

Amma məsələ sənədləri toplamaqla bitmir. Məsələ belədir ki, bütün sənədlər hazır olduqlan sonra Elvin Məmmədov və ya adamları ünvanlı sosial yardım almaq istəyən şəxsə çatdırırlar ki, alacağı pulun yarısı onlara verilməlidir. Bunun üçün kart da onlarda qalmalıdır. Bununla razılaşan kasıb iki illik müddətinə ünvanlı sosial yardım ala bilir. Əks təqdirdə, qulağının dibini də görmür.
Demokratiya.info-ya verilən məlumata görə, Elvin Məmmədovun «icad»ları təkcə bununla bitmir. Onun yaşlı və tənha adamlara yardımlar göstərilməsi adıyla hər il on minlərlə manat pul sildiyini rayonda bilməyən yoxdur. Və ya müxtəlif kasıb ailələrə edilən yardımların şişirdilməsi, bir pay üçün çəkilən xərcə az qala maşın almağın mümkün olduğunu da hər kəsi yaxşı bilir.

İşin maraqlı tərəfi odur ki, Elvin Məmmədov vəzifə başına keçdikdən sonra imkanlarını bir qədər də artıraraq, bahalı maşın sahibi olmağa nail olub. Bakıda ev, Goranboyda isə daha yaraşıqlı mənzilə sahib olmaq da elə ünvanlı sosial yardım bazarı açmasının bəhrəsidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…