backend

Nərimanovda Gənclər günü qeyd olundu

Nərimanovda Gənclər günü qeyd olundu
Nərimanov rayonunun fəal gəncləri mükafatlandırılıb.

Arqument.Az xəbər verir ki, mükafatlandırma Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Gənclər günü”nə həsr olunmuş tədbirdə baş tutub. Rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakına görə bir sıra gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.

İcra başçısı Abdin Fərzəliyev Azərbaycan gənclərini bu gün münasibətilə təbrik edərək, Gənclər gününün mahiyyətindən danışıb: “Heydər Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərirdi. 1996-ci ildə Heydər Əliyev tərəfindən 2 fevral - Gənclər Günü elan edilməsi ilə bağlı qərar qəbul edildi. Cənab Prezidentimiz də ulu öndərin gənclərlə bağlı siyasətini uğurla davam etdirir. Gənclərə göstərilən diqqətin bariz nümunəsi gənclərin hüquqlarını müdafiə edən ilk dövlət qurumu - Gənclər və İdman Nazirliyinin yaradılması olub. Aparılan gənclər siyasəti ölkəmizin beynəlxalq arenada layiqli yer tutmasına təkan verib”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə gəncliyin inkişafı üçün geniş potensial olduğunu qeyd edib. Bildirib ki, gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülür.

Tədbir iştirakçıları gənclərin qeyri-hökümət təşkilatlarının yaradılmasını, fəaliyyətlərinin təşkili üçün yaradılmış sağlam və intellektual mühiti müsbət qiymətləndiriblər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi “İlin Gənclər və İdman İdarəsi” sorğusunda birinci yerə layiq görülüb və Azərbaycan-Slavyan Gənclər Asossasiyası İctimai Birliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, 2 fevral - Gənclər Günü 1996-ci ildən qeyd edilir.