backend

«Oğuzxan» restoranında təşkil olunan qumar məclisləri niyə dağıdılmır?

«Oğuzxan» restoranında təşkil olunan qumar məclisləri niyə dağıdılmır?  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dərhal bu obyektdə əməliyyat keçirməlidir Binəqədi rayonunda yerləşən «Oğuzxan» ictimai-iaşə obyektində hər gün loto-qumar məclisinin təşkil edilməsi barədə xəbər vermişdik. Sözügedən obyektdə qumar oynayan vətəndaş Asif Məmmədov saytımıza verdiyi məlumatda bunları demişdi: «Mən belə bir obyektin fəaliyyətindən xəbərsiz idim. Dostlarımdan biri məni aldadıb bura apardı. Deməli, vəziyyət bu cürdür. Hər gün axşam saat 18:00-dan sonra obyektdə qumar məclisi başlayır. Ta ki, gecə saatlarına qədər. Burda qumarın daha çox loto növünə üstünlük verilir. Hər gecə saat 00:00-da böyük uduş, yəni çek-pot oynanılır. Mən demək olar ki, bir ay davamlı olaraq burda loto oynadım, amma heç nə udmadım. Əksinə, bir ay ərzində 12 min manat uduzdum. Qumara o qədər aludə olmuşdum ki, hətta həyat yoldaşımın qızıl-zinət əşyalarını satıb loto oynadım. Düzdür, indi bu vərdişdən əl çəkmişəm. Amma nə fayda, borc içində üzürəm və ailəm dağılmaq ərəfəsinə çatıb. Bu fikirləri sizə deməkdə, ictimailəşdirməkdə məqsədim odur ki, başqa insanlar mənim aqibətimi yaşamasınlar. Qoy aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları «Oğuzxan» restoranında təşkil olunan loto-qumar məclislərini dağıtsın və qeyri-leqal fəaliyyət göstərən obyektin işi dayandırılsın». Təəssüf hissi ilə bildirmək istəyirik ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları bu yazıda göstərilən faktlarla bağlı heç bir araşdırma aparmadılar. Məhz buna görədir ki, «Oğuzxan» restoranında qumar məclislərinin təşkili davam edir və hər gün yüzlərlə insan bu obyektdə pul uduzur. Xatırladaq ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən çay evlərindən birində qumarxana aşkar edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş idarəyə daxil olmuş məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki "Samovar" çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb. Baxış zamanı oradan poker oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib. Biz Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyindən «Oğuzxan» restoranında da əməliyyat keçirməsini xahiş edirik. Əks halda, bu obyektdə hələ çox insanın taleyi qaralacaq. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.