backend

“Gürcüstanın taleyi Qarabağdan keçir”

“Gürcüstanın taleyi Qarabağdan keçir”
Gürcü ekspertləri Qarabağ münaqişəsi ilə bağlı Gürcüstanın passiv olmaq hüququna malik olmadığını bildiriblər

Politika.Az xəbər verir ki, jurnalistlərə açıqlamasında gürcü ekspert Georgi Ruxadze bildirib ki, Qarabağda başlanacaq genişmiqyaslı müharibə Gürcüstanda terrorizm təhlükəsini artıracaq və iqtisadi destabilizasiya yaradacaq:

“Əsas təhlükə odur ki, konfliktin dərinləşməsi Gürcüstanın Rusiya tərəfindən işğal ehtimalını artırır. Ona görə ki, hərbi fəaliyyət şəraitində Rusiya çalışacaq özünün Ermənistandakı bazalarına hava və quru yolunu açsın. Üstəlik, Gürcüstan Şərq-Qərb enerji dəhlizinin vacib hissəsidir. Konflikt qızışsa, bu dəhliz üçün təhlükə yaranacaq”.

Mövzu ilə bağlı “Yeni Müsavat” a danışan ADA universitetinin professoru, ekspert Elnur Sultanov bildirib ki, Dağlıq Qarabağda başlayan proseslərə nə dünya, nə də bizə qonşu olan dövlətlər lazımlı və beynəlxalq hüquq prinsiplərinə əsaslanan cavab vermədilər:

“Doğrudur, gürcülər müxtəlif səviyyələrdə Azərbaycanın torpaq bütövlüyü məsələsini gündəmə gətirirlər. Ancaq yuxarıda da qeyd etdiyim kimi zamanında lazımı reaksiya verilmədiyi üçün Gürcüstanda, Moldovada, Ukraynada oxşar hadisələr baş verdi.

Bu kimi mesajları zamanında vermək lazım idi. Ümumiyyətlə, Qafqazda dövlətlər birlikdə davranmalıdırlar. Əks halda hansısa ölkədən gələn təhlükəni tək formada qarşılamaq çətin olacaq. Azərbaycanın Qarabağ münaqişəsi Gürcüstanla o qədər oxşar və bənzərdir ki, bu dövlətin Qarabağla bağlı susqunluğuna təəccüb edirəm. Hər halda bu, onların ermənilərlə xüsusi münasibətlərindən irəli gələn haldır. Gürcüstan kiçik ölkə olsa da geopolitik olaraq onun mövqeyi Ermənistanın dünyaya açılan iki qapısından biridir. Ona görə də Gürcüstan Qarabağ məsələsinə çox böyük təsir edə biləcək bir ölkədir. Əgər Gürcüstan Qarabağ məsələsinin beynəlxalq hüquq çərçivəsində həllinə kömək edərsə bu, bizim üçün də çox faydalı olar. Əlbəttə ki, bu istiqamət üzrə onlar erməniləri də doğru yola çəkməlidirlər. Ermənilər uzun zaman özlərinə çox böyük ziyan verdilər. İndi onların müəyyən bir mənəvi zərbəyə ehtiyacları var ki, xeyirli yol tutsunlar”.

Ekspert bildirib ki, Gürcüstan Qarabağ münaqişəsinin həllinə yardım edərsə, onların da problemləri öz həllini tapar:

“Qarabağ məsələsi həll olunarsa, bəzi dövlətlərin Qafqazda maraqları demək olar ki, tamamlanmış olar. Bu məsələ həll olunduqda isə Gürcüstan torpaqlarının işğalı məsələsi də öz mənasını itirmiş olur. Ona görə deyə bilərik ki, Gürcüstanın torpaq bütövlüyü məsələsinin həlli, Azərbaycanın torpaq bütünlüyü məsələsinin həllindən keçir”.
qaynarxett.az