backend

Qələbə üçün müharibə !!!

Qələbə üçün müharibə !!!

Və ya hərbi uğuru diplomatik zəfərə necə çevirməli?

4 günlük aprel müharibəsi zamanı yaralanan və aylardır komada olan qəhrəman tankçımız Rəhim Tağıyev srağagün dünyasını dəyişdi - üç azyaşlı övladını xalqa əmanət eləməklə. Beləcə, milləti 22 illik məğlubiyyət sindromundan qurtaran aprel hərbi uğuru üçün canını fəda eləmiş igid döyüşçülərimizin sırası daha bir nəfər artdı.

Cəmi şəhidlərimizin yeri behiştlik olsun, Vətən əlbəttə ki, onların çiynində ucalır. Elə güclü diplomatiya da hərbi uğurlardan, qüdrətli ordu və hərbi sanbaldan qüvvət alır - bir şərtlə ki, bu sahə peşəkarların öhdəsində olsun.

Əfsus ki, üstündən 3 aydan çox ötməsinə baxmayaraq, aprel zəfərini hələ ki, maddiləşdirə, yəni onu diplomatik müstəviyə keçirə bilməmişik, halbuki, həmin blits-uğur diplomatlarımıza gözəl bir kart-blanş verib. Kart-blanşdan istifadə olundumu, olunurmu? Doğru, Azərbaycanı istəməyən qüvvələr güclü, amma və lakin özümüzdən asılı şeylər də az deyil.
Qələbə üçün müharibə !!!
“Bizim üçün narahatedici məqam odur ki, Azərbaycanın hərbi üstünlüyünü diplomatik yolla əvəzləməyə çalışırlar. Bu yolverilməzdir. Burada diplomatlarımız daha sərt mövqedən çıxış etməli, torpaqlar azad olunmayınca, Azərbaycanın ikinci dəfə hərbi əməliyyatlara başlayacağı mesajı beynəlxalq aləmə verilməlidir”. Belə bir fikir Dağlıq Qarabağ məsələsində mövqeyi mötəbər sayılan politoloqlardan birinin - Eldar Namazovun qəzetimizə son müsahibəsindəndir.



Məsələ də ondadır ki, diplomatiyamız hərbi sahədəki potensiala adekvat potensial ortaya qoymalıdır. Lap dəqiqi, dövlətin hərbi strategiyasını uğurla tamamlamağı bacarmalıdır - sinxron şəkildə, permanent olaraq. Sual da bundan ibarətdir ki, ordumuz cəbhədə status-kvonu xeyrimizə dəyişdi, bəs diplomatiyamız danışıqlarda status-kvonu dəyişə, silahlı qüvvələrimiz kimi, “diplomatik əzələ” göstərə bildimi?



Hələ ki, cəmiyyət gözlənditədir. Hələ vaxt var, şans itirilməyib. Aprel uğurunu diplomatik uğura transfer eləmək isə ilk növbədə ona görə vacibdir ki, Azərbaycan xalqı yenidən ruh düşkünlüyünə, bədbinliyə düşməsin, ümidsizliyə qapılmasın, böyük və həlledici savaşda onun qələbəyə inamı sarsılmasın, ordumuzun qələbə əzmi öləziməsin. Nəhayət, aprel zəfərimiz sıfırlanmasın, şəhidlərimizin qanı batmasın, ruhu narahatlıq keçirməsin! Şəhid anasının, şəhid atasının ürəyindən keçməsin ki, hər şey öz köhnə axarına qayıdacaqdısa, o zaman övladımız həyatını niyə qurban verirdi?



Bundan ötrü lazımdısa, lap xarici işlər naziri dəyişməlidir. Bəlkə doğrudan da bunun vaxtı çatıb. Diplomatiyamız ordumuzla ayaqlaşa bilmirsə, niyə olmasın ki? Axı, fakt faktlığında qalır ki, Azərbaycan Silahlı Qüvvələri işğalçı ordunu hər cəhətcə üstələyir. Bunu düşmən tərəfi də deyir, erməni ekspertləri də etiraf edirlər ki, Azərbaycan ordusu istənilən an müharibəni başlayıb onu uda bilər.

Müharibəni udduq, hərbçi-zabitlərimiz öz işini gördü, amma onu qısa zamanda siyasi qələbəyə çevirmək var. Bu isə yenə də çevik diplomatiyanın işidir. Xüsusən də aprel olaylarından sonra şərtlər və şərait diktə edir ki, Azərbaycan diplomatik özünümüdafiə mövqeyindin çıxsın və həmişə diplomatik hücum taktikası izləsin.

Bu, indi təkcə ölkə başçısının, Ali Baş Komandanın problemi deyil, ən əvvəl diplomatik korpusumuzun borcudur. Diplomatiyamız öz fəaliyyətini birə-beş gücləndirməlidir. Diplomatik həmlələrimizi daha kəsərli və effektli eləmək üçün eyni zamanda Azərbaycanın demokratik imici barədə düşünmək gərəkdir.



Diqqət edin, aprel savaşında uduzan Ermənistandır, amma sanki ən çox diplomatik fəallıq göstərən də odur - düşmən tərəf. Ermənilər bununla açıq-aydın bizim hərbi üstünlüyümüzü diplomatiya ilə tarazlaşdırmağa, guya ki, heç nə baş vermədiyi təəssüratını yaratmağa və beləliklə də, işğal rejimini saxlamağa səy edirlər.

Ancaq nəsə baş verib axı. Azərbaycan əsgəri işğalçıya yaxşıca qulaqburması ilə birgə xəbərdarlıq mesajı verib. Özü də təkcə ona yox, elə havadarlarına da. Ürəkli olaq və danışıqlar masası arxasında ordumuzun nəfəsini hiss edək.../Musava.com/