backend

Putinin “sadə” həyatı, Ərdoğandan böyük risk, Qafqazdan başlanacaq BÖYÜK MÜHARİBƏ ...

Putinin “sadə” həyatı, Ərdoğandan böyük risk, Qafqazdan başlanacaq BÖYÜK MÜHARİBƏ ...

Suriyada vəziyyət getdikcə pisləşir. Türkiyə Suriya torpaqlarına piyada qoşunu, Rusiya isə Suriya sahillərinə ən böyük gəmisini göndərməyə hazırlaşır. Ankara və Moskvadan bir-birini qane etməyən bəyanatlar verildi. Rusiya prezidenti Vladimir Putin barədə verilən proqnozlar heç də yaxşı deyil. Putinin sərvəti haqqında iddialara Rusiyadan növbəti cavab gəldi. Filippin prezidenti Rodriqo Duterte isə yenə də öz ampulasındadır.

Bir gün sonra Qarabağ qaytarılacaq, Ermənistan isə... – XİLAS PLANI

Ermənistan müstəqilliyinin 25-ci illiyini qeyd edir. Lakin ölkə daxilində ciddi çaxnaşmalar yaşanır. Xüsusilə Dağlıq Qarabağ məsələsində fikir ayrılığı var.

Erməni əhalisinin əksəriyyəti, xüsusilə “Qarabağ klanı”na daxil olmayanlar münaqişənin tezliklə həll olunmasını və ölkə iqtisadiyyatının inkişafını tələb edirlər.

Əhalinin bu kəsimi Ermənistan üçün xilas planı da təklif edirlər: Qarabağ münaqişəsi tezliklə həll olunsun və dünya iqtisadiyyatına çıxış əldə edilsin. Erməni yazar Akop Badalyan isə bu planın sabah – sentyabrın 22-dən başlanmasını irəli sürür (http://publika.az/p/151050).


Qafqazdan başlayacaq “su müharibələri” – ƏSRİN SAVAŞI

Dünya “su müharibələri” dövrünə qədəm qoyur və bu müharibənin başlayacağı əsas bölgələrdən biri Azərbaycanın da yerləşdiyi Qafqazdır.

Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin söylədiyi fikirlər belə deməyə əsas verir.

G. Gülbey bildirib ki, Qafqazın su mənbələri illərdir İsrail tərəfindən müşahidə altındadır: “Bu mənbələr Yaxın Şərqin su qaynağı olaraq nəzərdə tutulur. Suyun neft və təbii qaz kimi boru xətti ilə İsrailə nəql edilməsi planlaşdırılır” (http://publika.az/p/151039).

Piyada qoşunu Suriyaya girir – BÖYÜK MÜHARİBƏ

Türkiyə Silahlı Qüvvələri Suriyada strateji mövqeyə malik olan Əl-Bab şəhərini İŞİD terror təşkilatından azad etmək üçün müxtəlif planlar üzərində dayanır.

Türkiyə mediasının yazdığına görə, bu planlardan biri də Türkiyə Quru Qüvvələrinə bağlı piyada bölüklərinin Suriyaya girməsidir.

Masada olan digər planlar isə xüsusi təyinatlılar, tank qoşunları və aviasiyanın əməliyyatda iştirakı ilə bağlıdır.

Xatırladaq ki, BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında Əl-Bab əməliyyatında piyada qoşunların iştirak edə biləcəyinə dair planların olduğunu bildirib.

Türkiyəli bir səlahiyyətli də Əl-Bab əməliyyatında piyada qoşunlarının iştirakının vacib olduğunu vurğulayıb.

Rusiya isə ən güclü gəmisini - “Admiral Kuznetsov”u Aralıq dənizinə göndərəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, hazırda Rusiyanın Aralıq dənizində altı hərbi gəmisi var.

“ABŞ dünya jandarmı rolunu yerinə yetirə biləcək yeganə namizəddir”.

Bunu NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen deyib.

Onun sözlərinə görə, müasir dünyanın problemlərini – Yaxın Şərqdəki, Cənubi Çin dənizindəki problemləri, eləcə də KXDR tərəfindən mövcud olan nüvə təhlükəsini, Liviyadakı terrorizmin və Ukraynanın şərqində gərginliyi həll edə biləcək yeganə qüvvə Amerika Birləşmiş Ştatlarıdır: “ABŞ bütün bunların öhdəsindən gələ biləcək gücə malikdir və bu dövlət hər kəsin kifayət qədər etimadını qazanıb”.

İran isə ABŞ-a mesaj verib ki, amerikalılar öz xalqlarının mallarını Fars körfəzində pisliklər törətmək üçün istifadə etməsinlər. İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri hərbi paradda çıxışı zamanı söyləyib ki, Fars körfəzi iranlıların evidir. O, İranın öz düşmənlərinin qarşısında dəmir yumruq kimi birləşəcəyini bildirib.

Ərdoğan Putini pərt etdi: “Krımın ilhaqı...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.

Görüşün gedişatında ikitərəfli münasibətlər, strateji əməkdaşlıq, həmçinin energetika və ticarət sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Bundan başqa, Ərdoğan Poroşenkoya söz verib ki, Ankara müstəqillik və ərazi bütövlüyünün bərpası məsələsində Kiyevə dəstək göstərəcək. Türkiyə prezidenti həmçinin həmkarını əmin edib ki, Moskva ilə münasibətlərin normallaşması Krımın zəbt edilməsi və Krım tatarları ilə bağlı Ankaranın mövqeyini dəyişdirməyəcək.

Xatırladaq ki, dövlət başçıları arasında 20 avqustda keçirilən telefon söhbətində də Türkiyə prezidenti Ankaranın Krımın Rusiyaya birləşdirilməsini tanımayacağını ifadə edib.

Moskva isə Ərdoğanın Kiyevə dəstək bəyanatına hədə xarakterli bəyanatla cavab verib.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç deyib ki, Türkiyə prezidenti Rəcəb Ərdoğanın Krımla bağlı bəyanatı Moskva ilə münasibətləri çətinləşdirə bilər.

“Biz daha bir sübutu aldıq: bizim “dostluğumuz” Türkiyə ilə müəyyən hüdudlara malikdir və kifayət qədər şərtidir”, - Klinseviç qeyd edib.

Onun fikrincə, Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin normallaşdığı bir zamanda nə qədər risk etdiyini əla anlayır. Rusiyalı senator bildirib ki, Rusiyanın xarici siyasət idarəsində uyğun nəticələrin çıxarılacağına şübhə etmir.

Putinlə bağlı ŞOK PROQNOZ: “Növbəti beş il yaşamayacaq”

“Rusiyanın Dövlət Duması indiki tərkibində öz səlahiyyət müddətinin sonuna kimi yaşamayacaq”.

Bu proqnozu Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında Rusiya politoloqu, jurnalist və siyasətçisi Andrey Piontkovskiy səsləndirib.

“Rusiya prezidenti Vladimir Putinin rejimi növbəti beş il yaşamayacaq. Mən bunu qabaqcadan xəbər verən tək insan deyiləm”, - o, bildirib.

Piontkovskiy əmindir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna və Suriyada etdiklərinə, həmçinin Ukraynanın işğal edilmiş ərazilərində Rusiya Dövlət Dumasına keçirdiyi qanunsuz seçkilərə görə cavab verməli olacaq.

Rusiya ilə bağlı daha bir proqnoz “Stratfor” şirkətinin analitiki Loren Qudriçidə gəlib. O, məqaləsində qeyd edib ki, qarşıdan gələn illərdə Rusiya dəyişməyə məcbur olacaq.

Onun sözlərinə görə, Rusiyada dəyişikliklər ölkədə kollaps olmasa belə, baş verəcək:

“Putin ömrünün sonuna qədər öz ölkəsini idarə etmək istəyir. Amma onun istəyib-istəməməyindən asılı olmayaraq, Rusiya dəyişməyə məcbur olacaq. Bu dəyişiklik yaxın 10 ildə baş verəcək. Rusiyanın hazırda əvvəlki maliyyə vasitələri qalmayıb. Üstəlik, ölkənin iqtisadi və hərbi imkanları da Putinin bundan öncəki rəhbərliyi dövründə olduğu kimi deyil”.

Rusiyanın VTB dövlət bankının prezidenti Andrey Kostin isə CNBC-yə müsahibəsində Vladimir Putinin sərvəti barədə səsləndirilən iddialara cavab verib.

“Rusiya prezidenti Vladimir Putində heç bir məxfi milyardlar yoxdur. Mən inanmıram ki, Putində iki milyard dollar var”, - Kostin vurğulayıb.

Bankın başçısı əlavə edib ki, Putin özünü tamamilə işə və Rusiyanı dəyişdirməyə həsr edib: “Düşünmürəm ki, milyardlar onun prioritetləri arasında hesab olunur… Heç kəs heç vaxt Putində nə milyard, nə də milyonlar görüb”.

Qeyd edək ki, Rusiya prezidentinin gizli sərvəti haqqında iddialar zaman-zaman gündəmə gəlir.

Hermitage Capital” investisiya fondunun rəhbəri Bill Brauder ötən il sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, Vladimir Putinin sərvəti təxminən 200 milyard dollar civarındadır.

Bu ilin iyulunda isə Rusiya prezidentinin 70 milyard dollar sərvəti olması barədə iddialar gündəmə gəldi.

Putinin sərvəti barədə şayiələr “Panama dosyesi”nin dərcindən sonra daha çoxalıb. Kostin aprel ayında “Bloomberg” agentliyinə müsahibəsində Rusiya prezidentinin Panama ofşor zonası ilə əlaqəsi haqqında iddiaları cəfəngiyat adlandırıb. Avqust ayında isə “Financial Times” qəzetinə bildirib ki, Putində milyardları axtarmaq faydasızdır, çünki o, özünü sadə həyata məhkum edib.

İŞİD Əsədin təyyarəsini vurdu

Dəməşqdən şərqdə El-Kalamun ərazisində Suriya hərbi təyyarəsi vurulub.

Hadisəyə görə, məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Suriya Silahlı qüvvələrindəki mənbə “Sputnik” agentliyinə açıqlamasında təyyarənin İŞİD tərəfindən vurulduğunu təsdiqləyib. Onun sözlərinə görə, pilot Suriya ordusunun nəzarəti altında olan ərazidə xilas edilib.

İsrail səfirliyinə hücum

İsrailin Türkiyədəki səfirliyi qarşısında atışma baş verib.

Məlumata görə, iki naməlum şəxs səfirlik binasına girməyə cəhd göstərib. Polis onlardan birini yaralı olaraq zərərsizləşdirib.

Zərərsizləşdirilən şəxsin 1978-ci il təvəllüdlü Osman Nuri Çalışkan olduğu müəyyən edilib. O, ilk ifadəsində Yaxın Şərqdəki qanı dayandırmaq üçün səfirliyə hücum etdiyini deyib.

Gəmi batdı: 29 ölü, yüzlərlə itkin - VİDEO

Miqrantları daşıyan gəmi Misir sahillərində batıb.

Gəmidə olan 150 nəfər xilas edilib, 29 nəfərin isə cəsədi sudan çıxarılıb. Yüzlərlə adamın taleyi haqqında hələlik məlumat yoxdur. Misir Səhiyyə Nazirliyi ölənlərin Suriya, Misir, Sudan və Afrikanın digər ölkələrinin vətəndaşları olduğunu açıqlayıb.

Gəminin marşrutu dəqiq bilinməsə də, Misir səlahiyyətliləri miqrantların İtaliyaya getdiyini təxmin edirlər.

Beynəlxalq Miqrant Təşkilatına görə, bu il Aralıq dənizindən 206 min 400 miqrant Avropaya gedib. Bu ilin yanvar-iyun aylarında 2800 miqrant dənizdə bataraq həyatını itirib.

Prezidentdən ədəbsiz hərəkət

Filippin prezidenti Rodriqo Duterte Avropa Birliyini cəhənnəmə “göndərib”.

Avropa Parlamentinin qətnaməsi dövlət başçısını qəzəbləndirib. Qətnamədə narkotiklərə qarşı mübarizə üzrə Filippin hakimiyyətinin metodları tənqid olunur.

“Mən oxudum ki, Avropa Birliyi mənim hərəkətlərimi ittiham edir. Beləliklə, Avropa ölkələri Yaxın Şərq ölkələrində işlətdiyi günahları ört-basdır etməyə çalışır”, - Duterte ölkənin cənubunda yerləşən Davao şəhərində yerli məmurlarla görüş zamanı bildirib.

Nəşr qeyd edir ki, dövlət başçısı bu zaman orta barmağını qaldırıb.

Qeyd edək ki, Duterte bu ayın əvvəlində ABŞ prezidenti Barak Obamanı “əxlaqsız qadının oğlu” adlandırıb.Bu ilin avqustunda isə Filippin prezidenti ABŞ-ın ölkədəki səfiri Filip Qoldberqi "tula oğlu" və "homoseksualist" adlandırmış, onu Filippinin daxili işlərinə "burun soxmaq"da ittiham etmişdi.

Ömər Dağlı