backend

Rəhim Qazıyevə açıq məktub

Rəhim Qazıyevə açıq məktub
“Vergidəki çatışmazlıqları yalnız Fazil Məmmədovla bağlamaq ədalətsizlikdir”


Elçin Qurbanov

Hörmətli Rəhim bəy!
Sizin vergi sistemindəki hüquq pozuntusuna dair mövqeyiniz və təqdim etdiyiniz sənədlərlə tanış oldum. Fikirləriniz bundan öncəki yazımla bağlı olduğundan önə sürülən iddiaları cavablandırmağı özümə borc bilirəm.
İlk başdan onu qeyd edim ki, bir sıra məsələlərdə mən də sizinlə həmrəyəm. Həqiqətən ölkəmizdə şəffaf və mükəmməl vergi mühiti mövcud deyil.

Amma bütün bu çatışmazlıqları yalnız nazir Fazil Məmmədovla bağlamaq ədalətsizlikdir. Fikrimcə, bu məsələdə biz konkret hansısa dövlət adamını yox, bütövlüklə cəmiyyətimizin mental gerçəklərini tənqid hədəfinə almalıyıq.
Nə yazıq ki, uzun əsrlər boyu dövlətçilik şüurumuz tam oturuşmadığından və əsarətdə yaşadığımızdan dövlət əmlakına özgə malı kimi baxmaq xüsusiyyətimiz formalaşlb. Bizim hər birimiz əslində özümüzünkü hesab etmədiyimiz dövlət əmlakını dağıtmaq, mənimsəmək istəyən ünsürlərik. Sadəcə, kimimizin buna imkanı çatır, kimimizin isə belə bir şansı yoxdur.

Dünyaya baxışımıza hakim kəsilən bu anlayış aradan qaldırılmadan istənilən sahədə bu cür neqativ halların müşahidə olunması mümkündür. Bu mental həqiqətlərlə mübarizə aparmaq isə yalnız bir nəfərin missiyası yox, hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Hamımız anlamalıyıq ki, dövlət xalqa məxsusdur, onun malını, əmlakını və pul vəsaitini qanunsuz yollarla mənimsəmək bütün cəmiyyətə qarşı törədilən cinayətdir. Bu kimi hərəkətlərə bəraət qazandıracaq heç bir əsas ola bilməz.
Məsələyə qlobal baxış bucağından nəzər salsaq, tamahkarlıq insan varlığını əxlaqi cəhətdən ən qorxunc səviyyədə aşındıran parametrdir və bu gün bütün dünyada olduğu kimi bizim cəmiyyətimizdə də pula hərislik, cismani aləmə ifrat bağlılıq heç bir hədd tanımır. Bu da düşünülmüş dünya siyasətinin tərkib hissəsidir. Hansı ki, insan cəmiyyətini idarə etmək üçün ən asan vasitə kimi tətbiq edilir.

Etiraf etməliyik ki, hakimiyyətin insan mənəviyyatsızlığı üzərində qurulması konsepsiyası ilə idarə olunan qlobal dünyanın gətirdiyi neqativliklərin qarşısını almaq hansısa nazirin və ya siyasət adamının gücü daxilində deyil. O da doğrudur ki, aşınma məsələsində nə sadə insanlar, nə də sistemin ierarxiyası kənarda qalmır, cəmiyyət bütövlükdə aşınır, tənəzzülə yuvarlanır. Belə cəmiyyətlərdə nazirdən tutmuş ən adi işçiyə qədər hər kəs günahkardır və əvvəl-axır hər kəs öz cəzasını alacaq. Zira kiminsə bədbəxtliyi üzərində qurulan xoşbəxtlik yalnız utopiyadır.

Bütün bunları qeyd etməklə demək istəyirəm ki, əgər cinayət törədilirsə və onu qanunlar hansısa səbəbdən cəzalandıra bilmirsə, Mütləq Ədalət hökmən cəzalandırır. Bir sözlə, bir çox çatışmazlıqların kökündə şəxsi neqativliyimiz yox, ictimai cəhalətimiz dayanır və biz bir cəmiyyət kimi öz mental dünyamızın axirətini yaşayırıq.

O ki qaldı arqumentlərinizə, onların Vergilər Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və birbaşa gömrük sisteminin fəaliyyətinə aiddir. Belə ki, avtomobillər ölkəyə gətirildiyi zaman gömrükdə hansı qiymətə sənədləşdirilirsə Dövlət Yol Polisində o cür də qeydə alınır. Üstəlik, qiymət siyasətini Vergilər Nazirliyi yerinə yetirmir, sadəcə müəyyənləşdirilmiş qiymətə görə vergi tutur.

Mənzil tikintisi sahəsi barədə fikirlərinizdə də eyni yanlışlığa yol vermisiniz. Belə ki, bu sahədə sahibkarların vergiyə cəlb edilməsi tikinti aparılan ərazi və zonalar üzrə normativ sənədlərə müvafiq qiymətləndirmə cədvəli əsasında həyata keçirilir və bu sahədə də qiymətləri Vergilər Nazirliyi müəyyənləşdirmir. Məsələn, Bakı şəhərində birinci zona üzrə 1kv.m mənzil sahəsi 1250,00 (bir min iki yüz əlli) manat, ikinci zona üzrə 1150,00 (bir min yüz əlli manat),üçüncü zona üzrə 1050,00 və.s qiymətləndirilir. Həmin qiymət isə vergitutma bazasını təsbit edir.

Bu sözləri deyərkən mən heç də kimisə müdafiə etmək istəmirəm. Sadəcə demək istəyirəm ki, vergi sistemi bir çox göstəricilərinə görə digər sahələrdən müsbət yönüylə fərqlənir. Məsələn, gömrükdəki çatışmazlıqlar vergi sistemi ilə müqayisə oluna bilməz. Nizam-intizama görə də Vergilər nazirliyi digər dövlət orqanları ilə müqayisədə nümunəvidir.

Qısası, şəffaf və ədalətli vergi mühitinin yaradılması üçün bu gün təkcə cənab Fazil Məmmədovun səyləri həlledici rol oynaya bilməz. Buna bütövlükdə cəmiyyət maraqlı olmalıdır. Yüksək çinli məmurlar,vəzifə səlahiyyətlərindən sui istifadə edərək işbazlıq etməməlidir. Bu əməllərdən doğan heç bir sahədə diskriminasiya xarakterli hüquq münasibətləri tətbiq edilməməli,inhisarçılığa son qoyulmalıdır. Belə bir mühitdə Vergilər Nazirinin qarşısına qoyulmuş planın öhdəsindən gəlməsi çox yaxşı göstəricidir.