backend

QAX GÖZ YAŞLARINA İNANMIR və yaxud aldadılmış və alcaldılmış insanlar...

QAX GÖZ YAŞLARINA İNANMIR və yaxud aldadılmış və alcaldılmış insanlar...Redaksiyamızın elektron poçtuna Qax rayonun, Cəlayir kəndinin bir qrup sakini tərəfindən ünvanlanmış şikayət məktubunu oxuduqca yenə də “hara gedir bu millət” sualını vermiyə bilmirəm.

Ulu öndərimiz Heydər Əliyev demişdir: -“Dövlət iki şeydən sarsıla bilər – bir günahsız insan cəza alanda, bir də günahkar cəzasız qalanda”.
Azərbaycanın başı üzərini qara buludlar alan zaman xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış Ulu öndərimiz Heydər Əliyev demokratik islahatların tərkib hissəsi olan hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi barədə verdiyi sərəncam və fərmanlar çox təəssüflər olsun ki, bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kobudcasına pozulur.

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, № 7 saylı qərarının təsvir hissəsində yazılır: - “Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur. Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən riayət edilir.

Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir, cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb edilmələri, faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, həmçinin, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək əsassız və qanunsuz ittiham hökmləri çıxarılır.

Şikayət məktubundan yazılanlardan belə aydın olur ki, Qax rayonun, Cəlayir kəndində anadan olmuş Əmrahlı Sona Nəzir qızı kənd sakinlərindən 22 nəfərinin (təqaüdçü və müəllim) adına “Kapitalbank” ASC-nin Qax filialından, “Muğan Bank” ASC-nin Zaqatala və Şəki filiallarından, “Turanbank”ASC-nin Qax filialından, “Bank Respublika” ASC-nin Qax filialından müxtəlif məbləğlərdə kredit götürərək mənimsəmişdir.

Qax Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Əmrahlı Sona Nəzir qızı barəsində Xəlilova Billur İskəndər qızının və digərlərinin şikayəti əsasında onları müxtəlif bəhanələrlə aldadaraq adlarına kreditlər götürərək vətəndaşların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirməsi barədə toplanmış fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.4 maddələri ilə cinayət işi başlanmışdır.

Qax rayonunun aldanmış sakinləri

İstintaq orqanın təqdimatı əsasında təqsirləndirilən şəxs Sona Əmrahlı barədə həbsqətimkan tədbiri seçilmiş olsa da dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə əsassız bəhanələrlə qətimkan tədbirini dəyişmişdir.

Yenə də Ulu öndərimizin başqa bir kəlamına müraciət edək: - “kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir”.
QAX GÖZ YAŞLARINA İNANMIR və yaxud aldadılmış və alcaldılmış insanlar...
Şikayət ərizəsi ilə müraciət etmiş 22 nəfərin aldadılaraq maddi və mənəvi zərər görməsini nəyinsə xatirinə ədalət mühakiməsində yayındırmaq özü də bir cinayətdir.

Vətəndaşların ərizəsində Sona Əmrahlının atası Nəzir Müstafayevin və “Kapital Bankın” əməkdaşı Samirə Hacıyevanın adı bir çox yerlərdə hallanır.
Şikayətçilərdən Billur Xəlilova yazır: - Onu da qeyd edim ki, öz evimizin təmiri məqsədilə 2014-cü ilin əvvəlləridə “Kapitalbankın” işçisi Samirə Hacıyevaya müraciət etdikdə mənə bildirdilər ki, maaşın aşağı olduğundan sənə 650 manatdan artıq kredit verə bilmərik.

Sona Əmrahlı bankın əməkdaşı Samirə Hacıyeva ilə nahar fasiləsi zamanı 5 dəqiqəlik söhbətdən sonra zamin kimi aparıldığım bankdan mənim adıma 2600 (iki min altı yüz) manat məbləğində kredit ayırdılar və kassadan pulu Sona Əmrahlı götürüb atası Nəzir Mustafayevə zəng edib bildirdi ki, “dədə mən kredit götürdüm. Pulu hara gətirim? Harada görüşək? deyib mənimlə sağollaşıb getdi. Kreditin mənim adıma yazıldığını bank borc yaranandan sonra bilmişəm. Problemli kreditlər şöbəsinin əməkdaşının telefon zəngindən sonra bilmişəm. Bu məsələni araşdırmaq istəsəm də bankın keçmiş əməkdaşı Samirə Hacıyeva buna imkan vermirdi”.

Digər şikayətçi Xanım Təsilova yazır: 07 yanvar 2015-ci il tarixdə Sona Əmrahlı yenidən yanıma gəlib bildirdi ki, atamın adına olan krediti bağladıq. Ev tikdirirəm. Ustalara verməyə pul lazımdır. Xahiş edirəm indi krediti sənin adına götürək atam sənə zamin olsun. Elə bil ki, yerlərinizi dəyişirəm. Taksi sürücüsü Rəcəb Xalıqovla birlikdə “KapitalBank” ASC-nin Qax rayon filialına gəldikdə yenə də Nəzir Müstafayev orada idi. Nəzir Mustafayevin Zaminlik Müqaviləsində imzasını gördükdən sonra mən kredit müqaviləsinə imza etdim.

Başqa bir şikayətçi Fətmət Xəlləyeva yazır: ... Biz Bəhramın taksisi ilə qayıdıb gələndə Kötüklü yolunda Sona Bəhrama dedi ki, maşını saxla. Dədəm məni maşınla gözləyir. Biz Bəhramın maşınından düşüb Sonanın atası Nəzirin maşınına mindik. Onlar ata-bala nə isə xısın-xısın danışdılar. Məni evə düşüründə dedi ki, narahat olma 3 aya, uzağı 6 aya sənin kredit borcunu bağlacayıq. Bu siyahını uzatmaq da olar.

Həmin şikayətçilər öz ərizələrində qeyd edirlər ki, bu barədə istintaq orqanlarına dəfələrlə həm yazılı, həm də şifahi məlumat verərək bu hallara hüquqi qiymıt verilməsini tələb etsək də nədənsə istintaq orqanı “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qəraında qeyd edildiyi kimi bu hallardan yan keçirlər.

Möhtərəm prezidentimiz İlham Əliyev cənabları öz praqmatik siyasəti ilə dünya arenasında Azərbaycan dövlətinin nüfuzunu yüksəltdiyi bir dövrdə hansısa dövlət məmurunun drijor çubuğu ilə hərkət edən ədalət mühakiməsinin bəzi əməkdaşlarının qanunsuz əməlləri sıravi xalqın dövlətə olan inamının zəifləməsinə xidmət edir.

Herdər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları yüksək vəzifə sahibi olan dövlət məmurlarının övladlarının qanunsuz əməllərinə qarşı gördüyü sərt tədbirlər bizdə inam yaradır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin adından istifadə edərək Qax rayonunda at oynadan Nəzir Mustafayevin qızının da qanunsuz əməlinə ədalətli hüquqi qiymət veriləcək. Şikayət ərizələrində yazılanlardan da görünür ki, qızının bu əməllərindən Nəzir Mustafayevin xəbəri olmuşdur. Lakin istintaq orqanı bu halı araşdırmağa “əsas” görməmişdir.

Mövzunu diqqət mərkəzində saxlayaraq, daha ətraflı məlumatları dəyərli oxucularımıza təqdim edəcəyik.

Adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az