backend

Bələdiyyə seçkilərinə hazırlıqlar necə gedir?

Bələdiyyə seçkilərinə hazırlıqlar necə gedir?



















Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının qərarı ilə oktyabrın 22-dən namizədlərin qeydiyyatına start verib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası seçkilərdə fəal iştirak edəcəyini və qadın namizədləri önə çəkəcəyini vurğulayır. Müsavat Partiyası seçkilərdə namizədliyini irəli sürən üzvlərini tam dəstəkləyəcəyini bildirir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə hələlik qərarsızdır.


Bununla belə seçkilərdə seçici fəallığı məsələsində təhlilçilərin fikirləri fərqlənir. Bəziləri yerli özünüidarəetmə orqanlarına seçkilərə marağın az olduğunu qeyd etsə də, bəzi təhlilçilər bu ilki fəallığının artacağını proqnozlaşdırır.
Ekspertlər seçkiyə marağın az olmasını cəmiyyətdə bələdiyyələrə "inamın olmaması", bəziləri bələdiyyələrin səlahiyyətlərinin məhdud səviyyədə olması və maliyyə imkanlarının zəifliyi ilə əlaqələndirirlər.

"İnamın azlığı"

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov cəmiyyətin bələdiyyələrə inamının azaldığını düşünür.
"Çünki bələdiyyələr real hakimiyyətə malik yerli özünüidarə orqanları kimi iş görə bilmirlər. Onların səlahiyyətləri ilə bağlı müəyyən problemlər, status ilə bağlı problemlər var. Ümumilikdə bələdiyyə üzvlərinin, namizədlərin azlığı və seçicilərin az olması buradan qaynaqlanır", o bildirir.
Son aylar bələdiyyələrin səlahiyyətlərinin artırılacağı ilə bağlı parlamentdə və cəmiyyətdə gedən müzakirələrdən danışan ekspertin fikrincə, bu dəyişiklərin vəziyyəti "əsaslı surətdə dəyişmir".
"Ona görə bu ilki dəyişiklər kiçik dəyişiklərdir və əgər bələdiyyənin maliyyə imkanları azdırsa, əhali qarşısında nə söz verəcək? Bundan başqa bu orqanların seçicilər qarşısında hesabatlılığı yoxdur. Bunları nəzərə alaraq demək olar ki, bu seçkilər də 2009-cu il seçkilərindən fərqlənməyəcək", Həsənov əlavə edib.

Seçici fəallığı

"Bələdiyyələrin inkişafı naminə" QHT Alyansının koordinatoru Abil Bayramov seçici fəallığının azlığını bələdiyyələrin sakinlərə onların gözlədiyi xidməti göstərməməsi və siyasi partiyaların bu seçkilərə maraq göstərməməsi ilə əlaqəli olduğunu deyir.
Onun sözlərinə görə, 2009-cu ildə keçirilən seçkilərdə rəsmi məlumata görə də seçici fəallığı aşağı olub.
"Əgər seçkilərə qədər bələdiyyələrin maliyyə imkanlarının artması ilə bağlı dəyişikliklər edilərsə, səlahiyyətləri artırılarsa və siyasi partiyaların iştirakçılığı artarsa o zaman müəyyən qədər seçici fəallığı müşahidə oluna bilər. Amma hal-hazırki situasiyada bu müşahidə olunmur", ekspert qeyd edib.

Vəziyyət iki ay ərzində dəyişə bilər?

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli seçici fəallığının seçkiyə qədər artacağını proqnozlaşdırır.
Onun sözlərinə görə, bələdiyyələrdə korrupsiya hallarına yol verilmədiyi, ayrılan vəsaitin düzgün istiqamətdə xərcləndiyi və bələdiyyə əhalinin cüzi bir problemini həll edəcəyi halda seçkilərə maraq artmış olardı.
"Bu il fərqli olacağını güman edirəm. Son iki ay müddətində bələdiyyə ilə bağlı müəyyən dəyişiklər olacaq ki, bu da maliyyə ilə bağlıdır. Əmlak vergisi ilə bağlı bələdiyyə büdcəsinin perspektivdə artacaq və müəyyən mənada diqqəti və marağı artmış olacaq", o əlavə edib.
Ekspert namizədlərin qeydiyyatı və təbliğat kampaniyasının başlaması ilə cəmiyyətdə seçkilərə münasibətin dəyişəcəyini deyir.

Siyasi partiyalar

Yerli medianın məlumatına görə, YAP sədrinin müavini Əli Əhmədov deyib ki, partiyası bələdiyyə seçkilərində ötən seçkilərdə göstərdiyi nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ötən ay deyib ki, hakim partiyanın qadın üzvlərinin bələdiyyə seçkilərində təmsilçiliyinə üstünlük veriləcək.
"Hazırkı bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardır. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin", Trend Agentliyi Əliyevadan sitat gətirir. "Qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlər keçiriləcək".

"AXCP ehtimal ki, iştirak etməyəcək"

AXCP Ali Məclisinin sədri Həsən Kərimov partiyanın bələdiyyə seçkilərində iştirakla bağlı konkret qərar vermədiyini deyir.
"Seçki Məcəlləsinin dəyişdirilməməsi, bu məcəllə ilə seçkilərə qatılmağın partiyalara problemlərin yaradacağı bir daha göstərir ki, hakimiyyət bələdiyyə seçkilərində seçki yox, təyinata üstünlük verəcək. Ona görə də böyük ehtimalla AXCP bələdiyyə seçkilərində iştirak etməyəcək", o bildiyib.
Siyasətçinin sözlərinə görə, yekun qərar müzakirələr bitdikdən sonra bu günlərdə veriləcək.
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib ki, bələdiyyə seçkilərində iştirakla bağlı Məclisin qərarı var.
"Müsavat Partiyası bütün dairələr üzrə öz namizədini irəli sürməsə də, bitərəf və əhali içərisindən namizədliyini irəli sürmüş şəxsləri də seçkilərdə tam müdafiə edəcəyik", o əlavə edib.
Bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası bələdiyyə seçkilərinə 23 gün qalmış başlayacaq, seçkilərə 1 sutka qalmış - yəni dekabrın 22-də saat 24:00-da başa çatacaq.
Xatırladaq ki, respublikamızda sonuncu bələdiyyə seçkiləri 2009-cu ildə keçirilib.

N. Abdiyeva