backend

Cahangir Əsgərovun «AZAL»baycan problemi

Cahangir  Əsgərovun  «AZAL»baycan problemi














Süni görüntülərlə ictimaiyyəti aldatmaq olar, dövlət başçısını isə yox!

Cənubi Qafqazda ən iri aviaşirkət sayılan «AZAL» Azərbaycanın bütün dünyaya açılan hava qapısıdır. Strateji maraqlarımıza xidmət edən bu mühüm dövlət qurumu beynəlxalq və daxili aviadaşımalarda əhəmiyyətli rola malikdir. «AZAL» təyyarələrinə dünyanın demək olar ki, bütün hava limanlarında rast gəlmək olar. Son illər Bakıda Heydər Əliyev Hava Limanının, Gəncədə, Naxçıvanda, Lənkəranda aeroportların yenidən qurulması Azərbaycanda hava nəqliyyatının inkişafı üçün yeni imkanlar açıb. Dövlətin qayğısı ilə «AZAL» inkişaf edir, konsernin fəaliyyət dairəsi ildən-ilə genişlənir, əldə etdiyi gəlir getdikcə artır. Bu isə ölkə büdcəsi üçün milyardlarla vəsait deməkdi. Lakin...
«AZAL» aviaşirkətinin rəhbəri Cahangir Əsgərov bütün bu müvəffəqiyyətləri yeri gəldi-gəlmədi, sadalamaqla dolayısı ilə öz adına çıxaraq mülki aviasiyada hökm sürən real vəziyyəti öz xeyrinə şişirtməyə çalışır. Bəli, «AZAL»-ın əldə etdiyi uğurlar göz qabağındadı. Bu üğürların əhatə dairəsi daha da geniş ola bilərdi. Təəssüf ki, bütün mümkün irəliləyiş və inkişaf rıçaqları Konsern prezidentinin əlində cəmləşdiyindən son sözü məhz bu ambisiyalı şəxsi deyir. Bir müddət öncə hava nəqliyyatı sistemində inhisarçılığın qurbanı olan «KLM», «Swissair», «Emirates» kimi aviaşirkətlərin ölkədən sıxışdırılıb çıxarılmasını yada salaq.
Nə qədər təəccüblü görünsə də, açıq etiraf etmək lazımdı ki, Cahangir Əsgərov rəhbərlik etdiyi şirkətin probleminə çevrilib. Həlli vacib məsələləri çox zaman geniş ictimaiyyətin diqqətindən yayındırmaqla Konsern prezidenti rəhbərlik etdiyi sahədə müsbət görüntü yaratmağa çalışıb. Belə süni görüntülərlə ictimaiyyəti aldatmaq olar, dövlət başçısını isə yox!
Gəlin, açıq danışaq, bu gün bir çox yüksək rütbəli dövlət məmurları rəhbərlik etdikləri sahədən az qala uzaq düşüblər. Belə unutqanlığın səbəbini izah etmək o qədər də çətin deyil. Çünki məmurların böyük əksəriyyəti qurduğu şəxsi biznesin hayına qalıb. Dövlət maraqlarını şəxsi maraqlar üstələyib.
Uzun illər eyni vəzifə kreslosunda görəvini yapan, «iş fırladan» məmurda formalaşmış «şərti refleks» onu özündən müştəbehliyə aparır. Havayı pullar hesabına özünə gün-güzəran qurmuş şişman və üzdəniraq məmura görə, vəzifə var-dövlət, xətir-hörmət, geniş ictimai –siyasi nüfuz və mövqe kimi şipşirin məhfumlarla assosiasiya olunur. Məmurların xeyli hissəsi eyni tərbiyə görüb. Qəpik üstünə qəpik gətirmək naminə kimin qarşısında desən, mayallaq aşmağa belə hazırdılar. Cahangir Əsgərov onların siyahısında neçənci sırada durur, bilmirik. Fəqət, onu bilirik ki, «AZAL»-ın prezidenti özünə görə ambisiyalı məmurdu. Başqaları kimi, onun də iştahı pis deyil. Yeri gələndə, Konsernin büdcəsinə yel buraxıb yengələri oynadar. Əlbəttə, bu gün heç kəs Cahangir müəllimdən «utilə» verdiyi «TU»-ların, «Mİ»-lərin aqibətini soruşmağa ürək eləməz. «Boinq»lərin dəyərinə əlavə edilmiş «şapka» və «sambrero»ların həcmini faiz hesabı ilə müəyyənləşdirmək mərəzinə kimsə yoluxmaz. Əl altdan xaricə ötürülən milyonların sahibini kimsə nişan verə bilməz. Naxçıvan-Bakı və Naxçıvan-Bakı marşrutu ilə uçan təyyarələrin azlığını Naxçıvan hava limanının imkansızlığı ilə izah etməz. Xülasə, bütün bunlar məmurun dövlət sirrindən də artıq gizlətmək istədiyi sirrdi. Belə sirri faş eləmək ağzı yırtıq adamların işidi. Amma elə sirlər də olur ki, onları gizlətmək heç bir məmura nəsib olmaz. Düzü, Cahangir Əsgərovun iddia edildiyi kimi, belə bir gizli bizneslə məşğul olması faktı adi bir şeydi və təsəvvürə gəlməz dərəcədə orijinal səslənmir. Bu, ən yaxşı halda demək olar ki, bütün qüdrətli məmurlarımızın məşğul olduğu fəaliyyət sahələrindən biri hesab oluna bilər. Yəni, qəbahət deyil. Məmur var ki, kartof biznesinə nəzarət edir. Məmur da var, banan biznesini əlində cəmləşdirib. Məmur da var ki, insan alverinə qurşanıb. Elə bilir, xüsusi xidmət orqanları bu əndazədən bixəbərdi.
Cahangir Əsgərovun «yağlı» biznesi bunların yanında vallah, toya getməlidi. Bərəkallah, belə biznesə!

Sadiq