backend

DÜŞDÜ

DÜŞDÜ




















DÜŞDÜ

(Bir müxbirin dilindən)


Arvad çığırıb üstümə birdən-birə düşdü,
Qorxdum boşanar, kürkümə birdən birə düşdü.

Bir vaxt lal idi, söz də danışmırdı, susurdu,
Pörtüb-bozarıb qul kimi qarşımda əsirdi,
Dövranmı dönüb, anlat İlahi, bu nə sirdi?
Seltək qabarıb üstümə birdən-birə düşdü,
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Hay-küy qoparıb, qıyya çəkib durdu yataqdan
Söyləndi, əbəs bəxti çürütdüm yad ocaqda,
Heç istəmirəm, qoy sənin olsun beş uşaq da...
Depremdi-nədi, sındı şüşə, pəncərə düşdü!
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Arvad nə qanır, pul kələyində naşıyam mən,
Tiftikli çatı, xırdaca bir fit daşıyam mən,
Beynimdə sovet, partiyanın nimdaşıyam mən,
Neynim ki, işim bicbalaya, fəndgirə düşdü,
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Müxbir babayam, əldə qələm hərlənirəm boş,
Pul yox, pənə yox, il uzunu girlənirəm boş,
İşdən əliboş çarpayıya tirlənirəm boş,
Bivaxt oyadıb danladı, Ya Rəbb, şərə düşdüm!
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Qanun qoyanın təsdiqi-inkarı bilinmir,
Min bir kələyin batini-aşkarı bilinmir,
Bəs neyləyəsən, kimdi günahkarı, bilinmir,
Qəlbim qırılıb sanki sinəmdən yerə düşdü.
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Möminlik edir zəllə ziləf məxmər içində,
Rüşvət ödülü rişələnib məhşər içində,
Bihuş baxıram həlləhüşə, qan-tər içində,
Bel bağladığım zövqü-səfa təxirə düşdü,
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Hərçənd, görürəm, kör-kotüdü, iş qarışıqdı,
Bu yır-yığışın sonrası vallah, barışıqdı,
Yüz il yaşasaq, sevgisi qəlbimdə işıqdı,
Bax gör, gümanım getdi o xoş günlərə düşdü,
Arvad boşanır… kürkümə birdən birə düşdü.

Fəaliyyət Qurbanov