backend

Gülağa İslamovun "beh" söhbəti

Gülağa İslamovun  "beh"  söhbətiQarşıdakı bələdiyyə seçkilərində Binə, Türkan və Buzovna bələdiyyələri sədrlərinin məsələsini kimlər müzakirə edib

Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov keçirdiyi iclasların birində deyirmiş ki, rayonda torpaqların qanunsuz zəbt edilməsi hallarına hələ də rast gəlinir. Bunun ardınca vətəndaşlara məxsus torpaqların onların əlindən alınıb imkanlı şəxslərə qat-qat bahasına satılması prosesinə start verilir.. Bu xəbər bizlərə gəlib çatanda marağın cazibəsi üstün gəldi. Rəsmi informasiyalarda konkret ad çəkilmədiyindən belə qənaətə gəlmək olar ki, başçı cənabı özünütənqidə şərait yaradıb ki, bu da indiki dövrdə kifayət qədər cəsarətli sayıla bilər. Əvvəla, ona görə ki, Gülağa İslamov böyük bir rayona rəhbərlik edir. Uzun illərdir ki, rayonun iqtisadiyatına həm başçı kimi, həm də külli-miqdarda sərvət sahibi kimi Xəzər rayonunun iqtisadiyyatına tam nəzarət edir. Rayon rəhbərin tənqidə dözümlülük əmsalının sıfra bərabər olduğundan düşündük ki, başçı yəqin iz azdırır. Axı, həmin rayonda kimin nə həddi var ki, Gülağa müəllim dura-dura, getsin onun zonasında torpaq zəbt etsin. Siz elə bilməyin ki, camaat işini gücünü atıb torpaq bazarında qiymət fırıldadır. Ağlınıza elə bir şey gətirməyin. Qiymət fırladan da elə başçının çevrəsindəkilərdi. Öz aramızdı,uzun illərdi ki, başçının müavinləri bu məsələləri çürütməkdə böyük təcrübə qazanıblar. O təcrübəni hansı hansı müavin yaxşı mənimsəyib, bilmirik. Amma, deyilənə görə, müavinlərdən biri, yəni Arif Balayev işin içindədir. Deyilənə görə başçı obyektlərinin bir hissəsinin idarəsinə nəzarəti ona tapşırıb. Kimin nə haqq-hesabı var, deyilənə görə əzbərdən bilir. Başçı onu hesablaşmağa çağıranda Arif müəllim yaddaş dəftərinə ehtiyac görmür. Gedir necə lazımdısa, hamısını qoyur rəhbərinin ovcuna. Nə qoyur, necə qoyur özü bilər. Bu məsələ bizlik deyil. Amma, bax belə səlahiyyətli xətir-hörmət nədənsə digər birinci müavin Vaqif Həsənovdan qaçaq düşüb. Xeyr, demirik ki, Vaqif müəllim az qazanır. Allaha şükür, rayonda ayrı-ayrı adamların adına beş-on yerdə torpaq sahəsi əldə etmək başçının gözündən iraq böyük bir işdi. Həm də Gülağa müəllimin sağ əli hesab olunur bəzi məsələlərdə. Yenə min şükür. Yox, elə bilməyin ki, Vaqif müəllimin imici köhnəlib. Əsla! Sadəcə, güman ki, axır vaxtlar başçı ona bel bağlamır. Bir dəfə hətta hardasa ağzından qaçırıb ki, biri müavinim mənə atır. Ad çəkmədiyi üçün bütün kişi müavinlər şoka düşüb. Oturub linqvistik təhlil də aparıblar. Hər halda başçı birinci sözünü işlətməyib. Amma Vaqif müəllim həssas adamdı. Yəqin, nəsə duyub ki, bu qənaətə gəlir da! Birinci müavin bu işlərin qarışığa düşməsində deyəsən, Şüvəlan qəsəbə bələdiyyəsinin sədri İlham İslamovudan şübhələnir. Şübhə-filana qalsa, rayonda çox adam İlham müəllimin birbaşa başçı ilə kontakta girmək səlahiyyətinin olduğunu yaxşı bilir. Ata-oğul münasibətlərinin qeyri-rəsmi hissəsində çox söhbətlər olur. Məsələn, qarşıdakı bələdiyyə seçkilərində Binə, Türkan və Buzovna bələdiyyələrinin sədrlərinin məsələsi müzakirə edilib. Maraqlıdır ki, başqa bir düşərgədə son zamanlar Gülağa İslamovun vəzifədən kənarlaşdırılacağı barədə söz-söhbətlər olub. Bu xəbərin "simsiz teleqrafçıları" kiminsə "dobrosu" ilə bəzi vacib adamların qulağına çatdırıb. Deyilənə görə Gülağa İslamov indi də öz yerinə adam behləməklə məşğuldur. Ona görə də, torpaq işlərini yuxarıda ehtimal etdiyimiz münasib bildiyi şəxsə həvalə edib. Buna xahiş edirik inanmayın, hamısı boş danışıqdır. Çünki, başçı özünütənqidə keçib camaata şəxsi nümunə göstərmək fikrinə düşüb. Amma bunun da bir düşər-düşməzi var. Ona görə də, gərək işi əl altından, özü də etibarlı dostların əliynən görəsən. Daha dosta-tanışa bir etibar qalmayıb. Elə deyil, Gülağa müəllim?

Məmməd Əlibabalı