backend

Elman Nuriyevin ŞÜBHƏLİ TENDER "OYUN"LARI... - Yenə Qurban Abbasov???

Qaynarxett.MEDİA. Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevi iş yerində tapmaq müşkül məsələdir. Redaksiyamıza daxil olan məlumatları araşdırmaq üçün dəfələrlə ona zəng açsaq da telefona cavab verən olmadı. Katibəsi də rəisin kabinetində olmadığını bildirdi. Naəlac qalıb məlumatı möhtərəm rəisə onlayn olaraq çatdırmaq məcburiyyətində qaldıq.

Bəri başdan qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin himayə etdiyi Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev bölgədə varlı-hallı adam kimi tanınır. İddialara görə, Elman Nuriyev əksər qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn, bu barədə Nyus.az yazıb ki, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.

Bildirilir ki, Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyat hissələrini əksər hallarda rayonun Heydər Əliyev prospektində yerləşən, qardaşına məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır. Bundan əlavə saytlarda idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması barədə məlumatlar yayılıb. Bu kimi nümunələr isə Elman Nuriyevin himayə olunmasına dair iddiaları gücləndirir. Bunlar öz yerində. Söhbət ondan gedir ki, bu günlərdə Elman Nuriyevin rəhbərlik etdiyi Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi yenə də “İlkin-N” MMC (VÖEN- 2100011121) və “Sevinc-96” MMC (VÖEN- 2100010871) olub.


“İlkin-N” MMC və “Sevinc-96” MMC Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişi əsasında daş-betonla sahilbərkitmə işləri görəcəklər və qarşılığında 7 milyon 221 min 643 manat 40 qəpik alacaqlar. Bu məbləğin 6 milyon 175 min 511 manat 24 qəpiyi “İlkin-N” MMC-yə, 1 milyon 46 min 132 manat 16 qəpiyi isə “Sevinc-96” MMC-yə veriləcək.


Məlumat üçün bildirək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 6,2 milyon manatlıq tenderinin qalibi olan “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamı kapitalı 35 min 572 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur.


Onu da bildirək ki, hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olan "İlkin-N" MMC-nin rəhbəri Hacı Qurban kimi tanınan Abasov Qurban İsmayıl oğlunun adı bir-neçə il əvvəl oğluna etdiyi dəbdəbəli toyla gündəmə gəlib. Qurban Abasovun adı 2013-cü ildə mətbuatın gündəminə oğlunun toy karvanında eyni markalı 25 "Mercedes-Gelandewagen" avtomobilinin iştirakına görə gəlib.


Eyni zamanda onu da qeyd edık ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən hər il milyonlarla manatlıq tender müsabiqələri udan daha bir şirkətin – “Sevinc-96” MMC-nin də (VÖEN- 2100010871) Qurban Abasova məxsus olduğu olduğu bildirilir.


“Sevinc-96” MMC “İlkin-N” MMC ilə eyni ildə - 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m. 1-də yerləşən MMC-nin nizamnamı kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur. 2013-cü ildə mətbuata verdiyi açıqlmada “Sevinc-96” MMC-nin qanuni təmsilçisi Yusif Haxıyev də “İlkin-N” MMC-nin tikinti üzrə sahə rəisi olduğunu bildirib.


Qeyd edək ki, hazırda “Sevinc-96” MMC-nin dövlət büdcəsinə də 23 min 948 manat 35 qəpik vergi borcunun olduğu qryd olunur. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil. Amma göründüyü kimi, 24 min manata yaxın vergi borcu olan şirkət təkcə tender müsabiqəsində iştirak etməyib, həm də qalib gəlib.



Mövzunu davam edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az