backend

Narkotika bazarı

Narkotika bazarıBiz tez-tez məmləkətimizdə narkotik maddələrdən istifadə edənlərin və yaxud da satanların tutulması barədə məlumatlar alırıq

Aldığımız bu məlumatlardan belə çıxır ki, bizim məmləkətimizdə narkotik maddələrdən istifadə edənlərin və satanların sayı olduqca çoxdur. Çünki, bu biznesdə o qədər mənfəət vardır ki, hətta bizim məmləkətimizin Cinayət Məcəlləsində də bu biznesi qanuni yolla həyata keçirmək üçün boşluğun olması açıq-aşkar özünü biruzə verir. Yəni, bu məcəllədə qanunsuz narkotik maddə əldə edən şəxslər üçün qanuni tədbirlər görməkdən ötəri “Xüsusi Məcəllələr” vardır. Deməli, buradan belə çıxır ki, bu biznesi, yəni narkotik maddələrin qanuni əldə edilməsi və satılması üçün hansısa şərait vardır. Elə isə, görəsən, narkotik maddələri qanuni yolla əldə etmək üçün kimlərə və necə icazə verilir? Təbiidir ki, bu qaydalar qanunlarımızda göstərilməyib. Eləcə də narkotik maddələrsiz yaşaya bilməyən və yaşaması mümkün olmayan xəstələrimiz narkotik maddələri haradan əldə edə bilərlər? Təbiidir ki, əgər Cinayət Məcəlləsində qanunsuz olaraq narkotik maddə əldə edənlərə qarşı cəza növləri vardırsa, deməli bu maddələri hansısa qanuni yolla əldə etmək üçün bir yol vardır. Görəsən, bu yolu kimsə bilirmi? Əlbətdə, bilənlər vardır. Bu yolu bilənlər bizim bu işlə məşğul olan bəzi polislərimiz və bu polislərin köməyi ilə iş görən narkobaronlardırlar. Bütün bu dediklərimizi və demədiklərimizi “Ay oğul, get, polis ol” adlı kiçicik şeir parçası ilə oxucularımıza çatdırmaq istərdik. İstəkli oxucularımızdan xahiş edərdik ki, bu şeirə öz münasibətlərini bildirsinlər. Onların gül kimi övladlarını narkotik maddəyə yoluxduranlar və yaxud da, ciblərinə bu maddələri atanlar barədə məlumat versinlər.

Ay oğul get, polis ol
(Qoy bəzi polislərimiz bizdən inciməsinlər.)

Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.
Görürsənmi qonşunun oğlu gəzərdi avara?
İçərdi pivə, araq, möhtac olardı divara.
Qoşuldu bu biznesə, satdı nəşə, ağ, ya qara.
Heç kəsin varı çatmaz, bax, indi onun varına.
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.
Alır narkobiznesdən ağını, ya qarasını.
Narkobiznes öyrədib ona işin çarasini.
Nəşə ilə doldurur siqaretin arasını.
Bax, narkobiznes onun necə yetibdir karına?
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına

Baxma ki, qanunumuz qadağan edib nəşəni.
Əlbir olsan polislə, qabağa aparar səni.
Çalış iki eyləmə, polis deyən heç kəlməni.
Sadiq ol polis ilə sən əhdinə, ilqarına.
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.

Baxma, qanunda yazır, qanunsuzdur, cinayətdir.
Polisin haqqını ver, bax, bu sənə kifayətdir.
Narkobaronlara da iş vermək, sanki adətdir.
Tanıtma heç bir zaman müştərini həmkarına.
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.

Görəsən, bu nəşənin vardımı qanuni yolu?
Qanunda yoxsa əgər, bəs, necə əkirlər onu?
Axtar qanunsuzu da qanuni etməkçin yolu.
Atmaz heç kəs nəşəni nə cibinə, nə maşına.
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.

Tutmayasan heç zaman kimlərinsə adamını.
Yoxsa, onun adamı tez alacaqdır canını.
Lazım olarsa əgər, batır ölənin qanını.
Nəyinə lazım sənin ki, sataşasan harına.
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.

Nə çoxdur bizdə fağır, tutub salasan içəri.
Nə pulu, nə də varı, nə də yox başqa hünəri.
Həriflə biznesmeni, şər at, ilişdir zərgəri.
Al rüşvət, bala-bala qulluq eylə rüzgarına.
Ay oğul, get, polis ol, gir narkotik bazarına.
At cibə ağ, ya qara, düş tutmağın azarına.


Baloğlan Mirzəli