backend

Ermənistan səmasını qara buludlar örtür - Serj qasırğası

Ermənistan səmasını qara buludlar örtür - Serj qasırğası























Bölgədə siyasi havanı öyrənən hidrometeoroloqlar qarşıdan gələn baharın Ermənistan üçün heç də mülayim keçməyəcəyini ehtimal edirlər

“Ərəb baharı” siklonunun Ermənistana tərəf hərəkət etdiyini bildirən mütəxəssislər yaxın zamanlarda bu ölkədə “Serj qasırğası”nın baş verə biləcəyini istisna etmirlər. Bununla əlaqədar erməni əhalisinə siyasi havanın kəskin pisləşəcəyinə hazır olmaları tövsiyə olunur.

Ermənistan – cılız bir dövlətdir, lakin son zamanlar orada cərəyan edən hadisələr öz fəsad və nəticələrinə görə ölkə əhalisi üçün olduqca acınacaqlıdır. Məhz bu hadisələr erməniləri öz gələcəyi ilə bağlı ciddi seçim qarşısında qoyur.

Mövcud olduqları vaxtdan ermənilər özlərini qonşu dövlətlərin “zülmlərinə” məruz qalan “əzabkeş” xalq kimi qələmə verməyə adət ediblər. Lakin, bu günlərdə Ermənistanda baş verən proseslər, o cümlədən Ermənistanın vassal dövlətə çevrilməsi, inhisarlaşmış iqtisadiyyatının sürətlə tənəzzülə uğraması, rüşvətxor məmurların və onların yaxınlarının özbaşınalıqlarının geniş vüsət alması, istehlak qiymətlərinin mütəmadi artımı, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi, erməni əsgərlərinin nizamnamədən kənar münasibətlərin qurbanı olması və bir sıra digər neqativ hallar ermənilərin məhz özlərinin seçdikləri Serj Sarqsyan hakimiyyəti tərəfindən zülmə məruz qalmasını sübut edir. Bu isə Sarqsyan hakimiyyətinin, yəni ermənilərin özlərinin dediyi kimi – “Qarabağ klanının” dövlət idarəçiliyi sistemində əldə etdiyi ən böyük nailiyyətdir. Çünki bu hakimiyyətin şüarı bəllidir – Ermənistanı məhv etmək!

1992-94-cü illərdə Qarabağda azərbaycanlılara qarşı bir çox hərbi cinayətlər törətmiş Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan, müdafiə naziri Seyran Ohanyan və bir sıra digər məmurlar “Qarabağ kartı”ndan məharətlə istifadə edərək hakimiyyətə gəlmiş və əldə etdikləri səlahiyyətlərdən növbəti dəfə məharətlə istifadə edərək öz maddi durumlarını yaxşılaşdırmaq üçün cinayətkar əməllərini davam etdirirlər. Lakin, bu dəfə hədəf fərqlidir – Ermənistan və ermənilər!

Qeyd etmək lazımdır ki, həmin dövrlərdə ermənilərin öndə gedən “ziyalı”sı hesab olunan Zori Balayan da “Qarabağ kartı”ndan məharətlə istifadə edərək şəxsi ambisiyalarını həyata keçirmək istəyirdi. Lakin, öz istəyinə tam nail ola bilmədiyini gördükdə, Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq guya tarixi faktlara əsaslanıb Dağlıq Qarabağın əvvəllər Rusiyaya məxsus olduğunu vurğulamış və Rusiya prezidentindən bunu nəzərə almasını istəmişdir. Necə oldu ki, ömrü boyu “Qarabağ ermənilərə məxsusdur” deyən Zori Balayan birdən-birə onun Rusiyaya məxsus olduğunu iddia etməyə başladı? Bax, budur Zori Balayanın və ona bənzər erməni “ziyalı”larının əsl sifətləri! Budur əsl erməni xəyanəti!

Etiraf etmək lazımdır ki, Serj Sarqsyan və onun komandasının kriminal fəaliyyəti Cənubi Qafqaz bölgəsində daimi təsir gücünə malik olmaq istəyən qüvvələr tərəfindən hərtərəfli dəstəklənir və bunun qarşısı alınmasa, Ermənistan əhalisinin aqibətinin necə olacağını təsəvvür etmək çətin deyil.

Daha aydın olsun deyə Sarqsyan hakimiyyətinin fəaliyyətini təhlil edək:

2008-ci ilin 1 mart hadisələri. Ermənistanın “müstəqillik” əldə etdikdən sonra üzləşdiyi çoxlu sayda itkilərlə müşayiət olunan ən qanlı hadisə. Bu hadisə Köçəryan-Sarqsyan cütlüyünün birgə səyi nəticəsində 19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan erməni xalqının soyqırımı kimi dəyərləndirilə bilər. Sirr deyil ki, həmin hadisələr zamanı ermənilərin qanını axıdan şəxslər bu gün yüksək vəzifələr tutaraq “əzabkeş” ermənilərə zülm etməyə davam edirlər. Ən maraqlısı isə odur ki, bu gün Azərbaycan snayperlərindən ağızdolusu şikayət edən hazırkı Ermənistan rəhbərliyinin göstərişinə əsasən, həmin hadisələrdə bir çox ermənilər məhz erməni snayperinin peşəkar fəaliyyəti nəticəsində qətlə yetirilmişlər.

2003-2008-ci illərdəki ikinci prezidentlik dövründə Robert Köçəryan tərəfindən dövlət büdcəsindən 3 milyard ABŞ dolları məbləğində vəsaitin mənimsənilərək talan edilməsi faktı ölkədə böyük rezonans doğursa da, Serj Sarqsyanın bu günədək ölkəyə vurduğu ziyan ictimaiyyətdən gizlədilir.
Sarqsyanın dövlət büdcəsinin talançısı olduğunu sübut edən dəlillərdən biri də onun prezidentliyi dövründə Ermənistanın dövlət büdcəsinin 2.7 milyard ABŞ dolları olduğu halda xarici dövlət borcunun 4.5 milyard ABŞ dollarına, xarici kredit borcunun 158 milyon ABŞ dollarına yüksəlməsi, ölkəyə yatırılan xarici sərmayələrin isə 184.4 milyon ABŞ dollarından 167.7 ABŞ dollarına enməsidir. Ermənistanın xarici borcunun onun dövlət büdcəsinin gəlir hissəsini üstələməsi ölkə iqtisadiyyatının real vəziyyətini əks etdirən əsas amillərdəndir.

Sarqsyanın prezidentliyi dövründə Ermənistanda iqtisadi artım 2.3% qədər azalmış, işsizliyin sayı isə 35%-ə qədər yüksəlmişdir.

2008-2014-cü illər ərzində Ermənistanı ümumilikdə 224.300 nəfər tərk etmişdir.
Milli park hesab olunan Sevan gölünün 180 ha torpaq sahəsi 25 il müddətinə Serj Sarqsyana məxsus “Sevan işxanı” (“Sevan alabalığı”) şirkətinin istifadəsinə verilmişdir.

2013-2014-cü illər ərzində ölkənin ümumtəhsil müəssisələrində 664.600 şagird yerinin nəzərdə tutulmasına baxmayaraq, onların sayı 360.500 nəfərdən az olmuşdur. Bu müddət ərzində isə ölkəni tərk edən əhali arasında təhsil alan şagirdlərin sayı 5.500 nəfər təşkil etmişdir. Son illər ərzində Ermənistanda ixtisara salınmış dövlət təminatlı ümumtəhsil məktəblərin sayı 50, yeni açılmış qeyri-dövlət ümumtəhsil məktəblərin sayı isə cəmi 12 olmuşdur. Qeyd olunmuş dövr ərzində 38 ümumtəhsil məktəb ləğv edilmişdir. 2008-2012-ci illər ərzində 25 ali təhsil müəssisəsi və 5 orta ixtisas təhsil müəssisəsi bağlanıb və ya ləğv edilib. Ümumtəhsil müəssisələrinin bağlanması halları təkcə şəhərlərdə deyil, rayon və kəndlərdə də qeydə alınmışdır. Ermənistanda əhalinin 40%-i orta təhsilli və cəmi 20%-i ali təhsillidir.

Sarqsyanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Ermənistan tərəfindən dəfələrlə qeyri-konstruktivlik nümayiş olunduğu üçün durğunluq yaranmışdır.

Sarqsyanın prezidentliyi dövründə Ermənistan ordusunun itkilərinin sayı kəskin artaraq 277 nəfər təşkil etmişdir ki, bu da Ermənistan kimi cılız bir dövlət üçün çox böyük göstəricidir.
Ermənistan ombudsmanının uşaq məsələləri üzrə müşaviri Anna Safaryanın bildirdiyinə görə, hazırkı hakimiyyətin səriştəsizliyi nəticəsində ölkədə geniş yayılmış yoxsulluq və acınacaqlı sosial-iqtisadi durum rayon və kəndlərdə uşaqların məktəbə getməsinə imkan vermir, çünki onların valideynləri məktəb ləvazimatları almaq iqtidarında deyillər. Bu səbəbdən valideynlər məktəbdən uşaqların sənədlərini götürüb onları pul qazanmağa və hətta dilənçiliyə belə göndərirlər. “Şirak” mərkəzinin direktoru Vaqan Tumasyan isə bildirmişdir ki, Gümrüdə uşaqlar arasında əsas problem aclıq, təhsil almaq və yaşayış yerlərinin bərbad olmasıdır. Onun sözlərinə görə, antigigiyenik şəraitdə yaşayan uşaqlar müxtəlif xəstəliklərə tutulur və normal həyat yaşaya bilmirlər. Tumasyan onu da qeyd etmişdir ki, əgər digər rayonlarda əsas problem aclıqdırsa, Gümrüdə bu problemlə yanaşı evsizlik problemi də mövcuddur.

Ermənistanda təkcə son dörd il ərzində onlarla kənd məktəblərinin bağlanması faktı ölkənin təhsil nazirinin təhsil sistemində ciddi problemlərin olmaması barədə dediklərini tamamilə inkar edir. Kəndlərdə orta məktəblərin bağlanmasının kütləvi hal almasının əsas səbəbi isə ölkəni tərk edənlərin hesabına kəndlərin sürətlə boşalmasıdır. Bunun nəticəsində bəzi kəndlərdə məktəb yaşı çatan uşaqlar qonşu kənddəki məktəblərə getməyə məcbur olurlar. Problemin aradan qaldırılması üçün bəzi kəndlərin bələdiyyə rəhbərləri qonşu kənddə yaşayan bir neçə ailənin onların kəndinə köçmələri istiqamətində səylər göstərirlər. Demoqrafik böhranın təhsil sisteminə mənfi təsirini xarakterizə edən fakt kimi sovet dövründə 330 şagirdin təhsil aldığı Tavuş rayonunun Barekamavan kənd orta məktəbində 25 uşağın, həmin dövrdə 1200 şagirdin oxuduğu Movses kənd məktəbində isə 100-dən az uşağın qaldığını göstərmək olar.

GALLUP WORLD beynəlxalq təşkilatının həyata keçirdiyi sosial sorğunun nəticələri göstərmişdir ki, Ermənistan əhalisinin təxminən 40%-i yaranmış ağır sosial-iqtisadi şəraitlə əlaqədar ölkəni tərk etmək niyyətindədir. BMT-nin ekspert qrupunun hesablamalarına görə isə, 2025-2030-cu illərədək Ermənistanda əhalinin sayının azalaraq təqribən 1.500.000 – 2.000.000 nəfər olacağı gözlənilir.

Ermənistan prezidenti ölkədə mövcud olan bütün bu problemlərə laqeyd yanaşsa da, tutduğu vəzifədən sui-istifadə edərək özünün şəxsi maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirir. 168.am internet saytının 2013-cü ildə keçirdiyi ekspert sorğusuna əsasən, Ermənistanın keçmiş və hazırkı prezidentləri Robert Köçəryan və Sej Sarqsyan ölkənin ən zəngin adamlarıdır. Sorğuya əsasən, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın varidatı 10 milyard ABŞ dolları təşkil edir ki, bu da ölkənin dövlət büdcəsindən 3.2 dəfə çoxdur! Şübhə yoxdur ki, bu varidat hazırda aclıq və yoxsulluqdan əziyyət çəkən erməni xalqından oğurlanmış pullar hesabına əldə edilmişdir.

Ermənistan hakimiyyətinin daxili siyasəti ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulub. Bu cür vədlər verməklə hakimiyyət Ermənistanın siyasi, iqtisadi, sosial, hərbi, təhsil, demoqrafik və digər sahələrində mövcud olan problemlərdən insanların diqqətini yayındırmaq və iqtidara qarşı mümkün etiraz aksiyalarının qarşısını almaq istəyir. Ermənistanın istər siyasi, istərsə də iqtisadi vəziyyətinin günü-gündən pisləşməsinə baxmayaraq, Serj Sarqsyan 2018-ci ildə ikinci prezidentlik müddətinin bitməsindən sonra belə hakimiyyəti əldə saxlamaq niyyətindədir və bununla əlaqədar hətta Konstitusiyada dəyişikliyin edilməsi də nəzərdə tutulub. Öz planını həyata keçirmək üçün Serj Sarqsyan iqtidara əsas müxalif qüvvə hesab olunan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın qudası Hovik Abramyanı öncə parlamentin spikeri, daha sonra isə baş nazir vəzifəsinə gətirmişdir. Qeyd edək ki, Qaqik Tsarukyan Ermənistan ictimaiyyətində kifayət qədər nüfuza malikdir və növbəti prezident seçkilərində qalib olmağa real namizədlərdəndir. Vəzifəsini qoruyub-saxlamaq məqsədilə Serj Sarqsyanın hakimiyyət dairəsində həyata keçirdiyi bu cür kadr siyasətinin hələ davam edəcəyi istisna deyil.

Sarqsyan hakimiyyətinin Ermənistanın Avrasiya iqtisadi ittifaqına üzv olması istiqamətində səyləri ölkənin daxili ictimai-siyasi və sosial-iqtisadi vəziyyətinin gərginləşməsi ilə yanaşı məhdud regional əməkdaşlığına və Qərb ölkələri ilə münasibətlərinə ciddi xələl gətirmişdir. Bu isə təkcə Ermənistan-Avropa Birliyi münasibətlərinə deyil, eyni zamanda Ermənistan-ABŞ və Ermənistan-NATO münasibətlərinə də mənfi təsir göstərmişdir. Artıq NATO Ermənistanı tərəfdaş ölkə deyil, Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi qəbul etməyə başlamışdır. NATO-nun fikrincə, Rusiyadan hər cəhətdən asılı olan Ermənistanın Şimali Atlantika Alyansı ilə əməkdaşlıq etməsində əsas məqsədi bir tərəfdən Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirak edərək döyüş təcrübəsinin artırılması, digər tərəfdən isə NATO ilə bağlı məlumatların əsas himayədarı olan Rusiyaya ötürməkdir.

Ermənistan Rusiyadan hərtərəfli asılı olduğu üçün hazırkı hakimiyyətin müstəqil qərar vermək hüququ yoxdur və Ermənistan əhalisi düşdüyü bugünkü durumuna görə məhz Sarqsyan hakimiyyətinə “minnətdar” olmalıdır.

Hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət Ermənistanın təkcə müstəqilliyinin itirilməsi ilə deyil, eyni zamanda dövlətçiliyinin də ciddi təhlükə qarşısında qalması ilə nəticələnə bilər. İşğalçılıq fəaliyyətindən əl çəkərək regional əməkdaşlığı inkişaf etdirmək və iqtisadiyyatı inkişaf etmiş qonşu ölkələrlə münasibətlər qurmaq əvəzinə Ermənistan hakimiyyəti ölkəni təcrid mühitinə salaraq Rusiyadan asılı vəziyyətdə qoyur. Ermənistanın müxtəlif sahələrində işləyən bir çox dövlət məmurlarının Rusiya ilə gizli əlaqədə olması isə sirr deyil və bu barədə erməni KİV-lərində də kifayət qədər məlumatlar mövcuddur.

Ermənistanla öz münasibətlərini təhdidlər və vədlər üzərində quran Rusiya rəsmi İrəvanı təbii qaz təminatının dayandırılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin Ermənistanla əməkdaşlıqdan çəkindirilməsi, Ermənistana olunan hərbi yardımın kəskin azaldılması və Rusiyada olan erməni şirkətləri, həmçinin erməni immiqrantlarına qarşı sərt qaydaların tətbiq edilməsi ilə hədələyərək Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına nail olmuşdur. Qurumun qiymət və tarif siyasətinin Ermənistan üçün qeyri-mütənasibliyi və orada təmsil olunan ölkələrin iqtisadi göstəricilərə görə Ermənistanı dəfələrlə üstələməsi, özünün ən böhranlı dövrünü yaşayan erməni iqtisadiyyatı və əhalinin sosial vəziyyəti üçün fəlakət deməkdir. Daha dəqiq desək, Ermənistanın quruma üzv olması səbəbindən yaxın vaxtlarda ölkədə qiymətlərin kəskin artımı qaçılmazdır.

Sovetlər İttifaqı dövründə iqtisadiyyatın və istehsalatın müxtəlif sahələrində müəyyən nailiyyətlər əldə etmiş Ermənistan hazırda xarici qrantlar, kreditlər və pul yardımı toplayan marafonlardan əldə edilmiş maliyyə vəsaitləri hesabına yaşamaq məcburiyyətindədir. Bu üsulla isə ölkənin iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Rusiya və İranla regional əməkdaşlığa böyük ümid bəsləyən Ermənistan rəhbərliyi artıq bu əməkdaşlığın da getdikcə səməsiz olacağından ehtiyat etməyə başlayıblar. Belə ki, Ermənistanla regional əməkdaşlıq çərçivəsində birgə iqtisadi və strateji layihələr həyata keçirən Rusiya ilə İran onlara qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar nəticəsində Ermənistanla birgə fəaliyyətlərini dondura və ya tamamilə dayandıra bilərlər. Bu isə Ermənistan iqtisadiyyatının tamamilə defoltu deməkdir. Hadisələrin bu istiqamətdə inkişafı aşağıda qeyd olunan məsələləri aktual edir:

Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyi nəticəsində ölkənin istər regional, istərsə də beynəlxalq miqyasda təcrid mühitinə düşməsi Ermənistanda vəziyyəti böhran həddinə çatdırmışdır. Ötən ilin oktyabr ayında Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ölkədə ictimai-siyasi və sosial-iqtisadi durumun xeyli dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Belə ki, Ermənistanın quruma beynəlxalq-hüquqi sənədlərdə qəbul olunmuş sərhədlərlə, yəni Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və həmsərhəd rayonlarının əraziləri istisna olmaqla daxil olması Ermənistanın, xüsusilə də Dağlıq Qarabağın erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olmuşdur. Bu isə işğal olunmuş ərazilərin Avrasiya İqtisadi İttifaqının üzv-dövlətləri tərəfindən nəinki siyasi, hətta iqtisadi baxımdan da Ermənistanla bağlılığının inkar edilməsi ilə əlaqədardır. Erməni ictimaiyyətini məyus edən digər səbəb isə bu qərarı qəbul edən Avrasiya İqtisadi İttifaqının üzv-dövlətlərinin eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzv-dövlətləri olmasıdır. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar başlayarsa, təşkilatın üzvləri Ermənistanı dəstəkləməyəcək.

Ermənistanda yaranmış gərginliyinin iqtisadi aspektlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkədə istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə yanaşı erməni dramının dollara nisbətdə dəyərinin aşağı düşməsi Ermənistan iqtisadiyyatında inflyasiyanın artmasına gətirib çıxaracaqdır. Bununla yanaşı, Ermənistanın 2015-ci ilin yanvar ayının 1-dən Avrasiya İqtisadi İttifaqına üzvlüyünün reallaşması ilə əlaqədar yaxın vaxtlarda ölkəyə idxal ediləcək məhsulların daha yüksək gömrük rüsumları ilə daxil olması ölkədə onsuz da yüksək olan istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq. Bu isə öz növbəsində ölkədə mövcud olan siyasi böhranın sosial partlayışla müşayiət olunacağını istisna etmir.

Serj Sarqsyanın alternativ variantı hesab olunan Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyanın 2018-ci ildə keçiriləcək prezident seçkilərində hakim partiya tərəfindən namizədliyinin irəli sürüləcəyi və seçkilərdə qalib gələrək prezident olacağı məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun ölkə ictimaiyyəti arasında siyasi nüfuzunun olmaması və müdafiə naziri olduğu dövrdə orduda mövcud olan döyüş və qeyri-döyüş itkilərinin və digər neqativ halların sayının əvvəlki illərlə müqayisədə artması bu ehtimalları əsassız edir.

Son zamanlar Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistan gələcəyi haqqında düşünmək olar. Əks təqdirdə Ermənistanda milli dəyərlərin deformasiyası prosesi bundan sonra da davam edəcək.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi