Rəşad Dağlı toylarda və el şənliklərində son illərin “kralı” hesab olunurdu və onun qazandığı şöhrət və pulu bəzilərinin qısqanclıqla qarşıladığı sirr deyil.
Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törətməsi son aylar baş verən ən hay-küylü kriminal hadisə sayıla bilər. Məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı, son altı ayda Almaniyada olduğu deyilən Ələkbər Yasamallının dayısı oğludur. Həmçinin öldürülən şəxsin də meyxanaçı olduğu deyilir.Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İskəndər Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusuna, iddialara görə, 7 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib. Bakupost.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.
Sayt məlumatlı mənbəyə istinadla yazır ki, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə “yox” cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib. Mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına “ilişib”.
Təxminən 1 həftə öncə toylardan birində Rəşad Dağlı narkotik satanları tövbə etməyə çağıraraq “barıqalar gedib, o malı evinə satsın, atası da pul qatlasın, anası da pul qatlasın”, - deyə qafiyə tutub. Bu da narkotik satan “barıqalar” üçün olduqca ağır gələ bilərdi. İddialara görə, narkotik satanlara ünvanlanmış sözlər İskəndər Mehtiyevin xoşuna gəlməyib və Rəşadın arxasınca söyüb. Bunu eşidən meyxanaçı da özünün “NİVA” markalı avtomobilində İskəndər Mehtiyevlə görüşə gedib. Aralarında yaranan mübahisə zamanı, məlumatlara görə, Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o ölüb.
Qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Rəşad Dağlı noyabrın 10-da prokurorluğa gətirilib. Qaradağ Rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb. Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.
“Xəzər” TV-nin efirində yayımlanan “Təsir Dairəsi” verilişində Rəşad Dağlının dostu, prodüser Ataş Hüseynov deyib ki, məşhur meyxanaçı narkomaniyaya qarşı olub. O bildirib ki, Rəşad Dağlını illərdir tanıyır və o, insanlara ziyan verən adam olmayıb: “Mən hadisənin nə şərtlərdə, nə səbəbdən baş verdiyini bilmirəm. Rəşad haqqında bir onu deyə bilərəm ki, gör nə vəziyyət yaradıblar ki, onu vurub. Düşünürəm ki, Rəşad özünü müdafiə edib. Rəşad sülhsevən adam olub. O, heç efirlərə çıxmırdı ki, qalmaqaldan, söz-söhbətdən uzaq olsun. Onu hansı həddə çatdırıblar ki, Rəşad tək gedib görüşməyə. Rəşad Dağlı heç vaxt üzərində bıçaq gəzdirən adam olmayıb. Heç kim deyə bilməz ki, o, nə vaxtsa üstündə bıçaq gəzdirib. Bəlkə də bıçağı qarşı tərəf çıxarıb, kim bilir. Ola bilsin ki, özünü müdafiə edib. Bu məsələlər ekspertizadan sonra dəqiqləşəcək”.
Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atasının qətl törətməsinə ilginc reaksiya verib, hadisəni “tələ” kimi qiymətləndirib. O, sosial media hesabında “Əziz izləyicilər, atamı tələyə saldılar! Dəstəyinizə və dualarınıza görə çox sağ olun! Bizimki də buraya qədər imiş...” sözlərini yazıb.
Pərviz Bülbüləli sosial şəbəkə hesabında Rəşad Dağlı ilə fotosunu paylaşaraq, bu sözləri əlavə edib: “Ağlımın ucundan da keçməzdi ki, səninlə paylaşdığım şəklin şərhində "Allah fərəc versin" yazaram. Allah qapını açsın, şair... Hər ağızda bir Amin var".
Rəşadın yetirməsi olan meyxanaçı Cahangeşt Balaxanlı isə bunları yazıb: “Allah özü sənə yar olsun, qardaşım. Sənin necə insan olduğunu səninlə şəxsi tanışlığı olmayan insan sərrafları da yaxşı bilir. Dualarımız səninlədir. Tezliklə görüşmək ümidi ilə...”
Qeyd edək ki, 1994-cü ilin fevralında meyxanaçı Məşədibaba həm də yaxın dostu olan Elçini öldürmüşdü. Bu iki şəxs eyni kəndin - Maştağanın yetirmələri, həmkar olmaqları ilə yanaşı, yaxın dost olublar. Sonu faciə ilə bitən bu dostluq, deyilənə görə, onların bəzi həmkarlarını da narahat edirmiş. Çünki onlar hər ikisi olduqca istedadlı meyxanaçı və qəzəlxan kimi göz görə-görə rəqiblərini ötüb keçirdilər. Sonu ölümlə nəticələnən bu anlaşılmazlığa dumanlı məclislərin birində Elçinin deyişmə zamanı dediyi çox adi bir ifadə səbəb olub. Sonradan şişirdildiyi kimi, həmin ifadədə “ana, arvad” və s. kimi ifadələr də səslənməyib. Hətta Elçinin o cavabını Məşədibaba təbəssümlə qarşılayıb və dostuna cavab verib, meyxana davam edib. Amma kənarda verilən “fətva”lar sonda Elçinin qətli ilə nəticələndi. Əks halda, bir-birinə bu qədər yaxın olan iki dost arasında ölümlə bitəcək bir problem yarana bilməzdi. Adam öldürməsinə rəğmən Məşədibaba 6 il həbs çəkdi, amma həmin hadisədən sonra bir ömür peşmanlıq yaşadı və sonda faciəvi şəkildə canına qıydı. Rəşad Dağlı toylarda və el şənliklərində son illərin “kralı” hesab olunurdu və onun qazandığı şöhrət və pulu bəzilərinin qısqanclıqla qarşıladığı sirr deyil. İndi Rəşad Dağlı əfsanəsi bitdi və onu rəqib kimi görənlərin bazarı açıldı...
Yazıçı, publisist Həmid Herisçi deyir ki, bu gün İranla qarşıdurma var deyə, bu məsələni də İrana bağlayanlar yanılırlar. O, “Yeni Müsavat”a deyib ki, baş vermiş olaydan istifadə edib meyxana sənətini aşağılamağa çalışanlar da var: “Meyxana sırf Azərbaycan xalqına məxsus olan sənətdir. İranda bu sənət yoxdur. Yeganə xalqıq ki, bədahətən şeir deyirik. Bakılılar buna "dəmyə meyxana" deyir. Bakı, Bakıətrafı kəndlərdə bədahətən şeir deyən insanlar az deyil. Əruz vəzninin bir qədər yayğın formasında deyilir belə şeirlər. Bu da janrın xüsusiyyətidir. Qəzəl klassikadır, meyxana postmoderndir. Meyxana saray ədəbiyyatı deyil, kütləvi bir sənətdir. İndiki dövrün tələbi də kütləvi mədəniyyətdir. Avropalılar bizə kütləvi mədəniyyətlərini sırımaq istəyirlər, ancaq Azərbaycanın öz xüsusiyyəti, mədəniyyəti var - meyxana.
Həmid Herisçi
Rəşad Dağlı söz xiridarıdır, onu da bu yolla sənətdən uzaq saldılar. Bu, meyxananın xüsusiyyətidir, bu sənətdə itkilər həddən artıq çoxdur. Gərək özünü qoruyasan. Bu, şair taleyidir. Bugünkü şair meyxanaçıdır. Əsl şairlər meyxanaçılardır deyə başları daim qalmaqaldadır. Bu, sırf şair taleyidir. Müşfiq, Əliağa Vahid şair talelərini yaşayıblar. Meyxanaçılar şair taleyini cəmiyyətə qaytardılar. Onların sənətinin sifarişçisi xalqdır. Amma xalq sifarişinin öz təhlükələri də var. Bu təhlükə Simurq quşu kimi yanmaq tələb edir.
Həmid Herisçi deyir ki, Məhəmməd Füzulinin “Bəngü Badə”(Tiryək və Şərab) poemasının mövzusu da narkotik və spirtli içkilərə aiddir: “Meyxana, sənət yolu ağrılı yoldur. Burada min cür büdrəmə, bədxahlıq, təhrikçilik, gözügötürməzlik var. Əsl şairlərin bədxahları daim yanlarında, ətraflarında olur. Rəşad Dağlı da xalqın sevdiyi şairdir, şair həyatını da yaşamalı olur”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”