Hər il ölkənin müxtəlif bölgələrində məktəblərdə “Son zəng” mərasimi keçirilir. Bu mərasim şagirdlərin məktəbdən vida etmələri və yeni həyat mərhələsinə qədəm qoymaları üçün önəmli bir gündür. Lakin bəzi hallarda bu əlamətdar gün valideynlər üçün maddi yükə, cəmiyyət üçün isə narahatlıq doğuran sosial problemə çevrilir. Belə hallardan biri də Ağdam rayonunun 3 saylı tam orta məktəbində baş verib. Məktəbin direktoru vəzifəsini icra edən Esmira Səfərova tərəfindən "son zəng" üçün valideynlərdən məcburi şəkildə pul yığılması faktı ciddi narazılıqlara səbəb olub.
Məcburi yığımlar: təhsil sistemində köhnə problemlərin yeni təzahürü
Valideynlərin bildirdiyinə görə, tərəfindən hər bir şagirddən müəyyən məbləğdə pul tələb olunub və bu, könüllü ianə deyil, məhz məcburi xarakter daşıyıb. Bəzi valideynlərin imkanlarının məhdud olmasına baxmayaraq, onlara övladlarının son zəng tədbirinə buraxılmayacağı ilə bağlı dolayı təzyiqlər göstərildiyi iddia olunur.
Bu kimi hallar bir daha göstərir ki, ölkədə təhsilin kommersiyalaşması və şagirdlərin sosial bərabərliyinə zərbə vuran məcburi yığımlar təhsil sistemində ciddi islahatlara ehtiyac olduğunu ortaya qoyur.
Etik və hüquqi suallar doğuran praktika
Qanunvericiliyə əsasən, ümumtəhsil müəssisələrində valideynlərdən pul yığılması qadağandır. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, məktəblərdə hər hansı tədbir üçün pul toplamaq yolverilməzdir və bu hal aşkarlandıqda məsul şəxslər barəsində tədbirlər görülməlidir.
Lakin buna baxmayaraq, bəzi məktəb rəhbərləri bu qanuni tələbləri gözardı edərək, qeyri-rəsmi pullar yığmağa davam edir. Drektorun bu cür davranışı məktəb rəhbərliyinin etik məsuliyyətini və valideyn-məktəb münasibətlərindəki inamsızlığı yenidən gündəmə gətirib.
Valideynlərin səsi: “Məktəb təhsillə məşğul olmalıdır, bizneslə yox”
Valideynlərin bir qismi öz narazılıqlarını sosial şəbəkələrdə ifadə edib, bəziləri isə məsələ ilə bağlı Təhsil Nazirliyinə şikayət ünvanlamaga qərarlıdırlar. Onlar bildirirlər ki, məktəbdə təhsil keyfiyyətindən çox, pul yığımı ön plandadır. “Biz övladlarımızın yaxşı təhsil alması üçün məktəbə göndəririk. Hər tədbirdə pul tələb olunursa, bu, artıq təhsil deyil, başqa məqsədlərə xidmət edir,” – deyə narazı valideynlərdən biri qeyd edib.
Bu hadisə təkcə bir məktəbdə baş verən lokal problem kimi deyil, ölkə üzrə sistemli bir məsələ kimi qiymətləndirilməlidir. Təhsil müəssisələrində şəffaflıq, hesabatlılıq və valideynlərlə sağlam münasibət sistemi qurulmadığı təqdirdə, bu cür narazılıqlar davam edəcək.