backend

Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirildi – 16 məsələyə baxılıb

Elm və təhsil komitəsinin yeni sessiyada ilk iclası keçirilib.

Qaynarxett.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsi 2026-cı ilin payız sessiyasında ilk iclasını keçirib.
Sentyabrın 11-də keçirilən toplantıya komitə sədri Anar İsgəndərov rəhbərlik edib. İclası açan sədr yeni sessiyada komitənin qarşısında duran fəaliyyət istiqamətlərinə toxunaraq deputatlara uğurlar arzulayıb. Bildirib ki, toplantının gündəliyinə iki məsələ daxil edilib.
İclasın əvvəlində komitənin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabat təqdim olunub.
Məlumata görə, hesabat dövründə Elm və təhsil komitəsinin 12 iclası keçirilib və ümumilikdə 16 məsələyə baxılıb. Komitənin fəaliyyətində qanunvericilik təşəbbüsləri ilə yanaşı, vətəndaş müraciətlərinin araşdırılması və ictimai əhəmiyyətli tədbirlərdə iştirak da əsas istiqamətlərdən olub.
Toplantıda bildirilib ki, ötən sessiya müddətində komitə sədri və üzvləri Vətən müharibəsi şəhidlərinin anım günləri ilə bağlı keçirilən tədbirlərdə iştirak edib, şəhid ailələrinin üzvləri ilə görüşüblər.
Komitənin vətəndaşlarla işinə də diqqət çəkilib. Belə ki, komitə sədrinin qəbul günləri çərçivəsində 21 vətəndaş qəbul edilib, onların müraciət və problemləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti istiqamətlər üzrə müvafiq addımların atıldığı qeyd olunub.
Payız sessiyasının ilk iclası komitənin qarşıdakı dövrdə qanunvericilik fəaliyyəti və elm-təhsil sahəsində gündəmdə olan məsələlər üzrə işinin davam etdirilməsi baxımından mühüm toplantı kimi qiymətləndirilib.