backend

NOVXANI SAHİLİNDƏ TİKİNTİ: qanun, yoxsa növbəti “sahil zəbtı”? - VİDEO

Sumqayıt şəhərinin Novxanı qəsəbəsində, Xəzər dənizinin sahilinə yaxın ərazidə tikinti işlərinin aparılması ciddi suallar doğurur. Məsələ təkcə yeni bir tikilinin meydana gəlməsi deyil. Söhbət dəniz sahilinin hüquqi statusundan, ekoloji təhlükəsizlikdən və gələcəkdə həmin ərazinin necə istifadə olunacağından gedir. Sahilə yaxın ərazidə tikinti aparan hər bir şəxs və ya şirkət ilk növbədə həmin torpaq sahəsinin hüquqi statusunu, tikintinin təyinatını, şəhərsalma sənədlərini və aidiyyəti dövlət qurumlarının razılıqlarını ortaya qoymalıdır. Xüsusilə su obyektlərinə yaxın ərazilərdə tikinti məsələsi adi torpaq sahəsində tikinti ilə eyni yanaşma ilə həll edilə bilməz.

Qaynarxett.az bildirir ki, burada əsas sual çox sadədir: Novxanı sahilində hazırda aparılan tikinti hansı sənədlər əsasında həyata keçirilir?

Tikinti üçün şəhərsalma və tikinti tələblərinə əməl olunubmu? Əraziyə dair hüquqi sənədlər mövcuddurmu? Sahilboyu mühafizə rejimi nəzərə alınıbmı? Ekoloji baxımdan qiymətləndirmə aparılıbmı? Əgər aparılıbsa, nəticəsi nədir?

Bu sualların cavabı ictimaiyyət üçün açıq olmalıdır. Çünki söhbət adi bir tikinti meydançasından getmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında Novxanı sahili dəfələrlə ekoloji monitorinqlərin və təmizlik tədbirlərinin əhatəsində olub. Hətta 2026-cı ilin iyununda Novxanı sahilində keçirilən aksiya zamanı 370 kiloqramdan artıq məişət tullantısı toplanıb. Bu fakt sahilyanı ərazilərin ekoloji baxımdan xüsusi diqqət tələb etdiyini bir daha göstərir. Üstəlik, Nazirliyin əvvəlki monitorinq materiallarında Novxanı-Sumqayıt sahil zolağında çirklənmə problemlərinin mövcud olduğu, bəzi ərazilərdə tullantı sularının dənizə təsir göstərdiyi qeyd olunub.

Belə bir ərazidə aparılan hər bir yeni tikinti işi yalnız “tikinti icazəsi varmı?” sualı ilə yekunlaşmamalıdır. Tikinti sahil ekosisteminə, qum örtüyünə, təbii drenaja, dənizə və ərazinin gələcək istifadəsinə necə təsir göstərəcək? Bu suallar da cavablandırılmalıdır. Əgər bütün tələb olunan sənədlər, razılaşdırmalar və ekoloji prosedurlar mövcuddursa, aidiyyəti qurumların bunu açıqlamasında heç bir problem olmamalıdır. Əksinə, şəffaf açıqlama ictimaiyyətdə yaranan şübhələrə son qoyar. Əgər belə sənədlər yoxdursa və ya tikinti zamanı sahil zonasının mühafizəsi ilə bağlı tələblər pozulursa, onda məsul qurumlar niyə gözləyir?

Xəzərin sahili gələcək nəsillərin də haqqıdır. Sahilə yaxın hər boş ərazi tikinti üçün “sərbəst zona” hesab edilə bilməz. Ona görə də aidiyyəti qurumlardan Novxanı qəsəbəsində, sahilə yaxın ərazidə aparılan tikintiyə hüquqi və ekoloji qiymət vermələri, tikintinin hansı sənədlər əsasında həyata keçirildiyini açıqlamaları və mümkün pozuntular varsa, bunun qarşısını almaları gözlənilir.

Sahil şəxsi maraqların deyil, cəmiyyətin və təbiətin ümumi sərvətidir.



Qaynarxett.az