backend

Anar İsgəndərov Lənkəranda seçicilərlə görüşüb

Milli Məclisin deputatı Anar İsgəndərov Lənkəran rayonunda seçicilərlə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, sentyabrın 11-də əvvəlcədən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının qərargahında növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbulda deputatın köməkçisi Valeh Mikayılov da iştirak edib.
Görüş zamanı deputat seçicilərin müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılmasının vacibliyi vurğulanıb.
Qəbul zamanı dağ kəndlərindən olan sakinlərin əsas müraciətlərindən biri odun tədarükü ilə bağlı olub. Həmin yaşayış məntəqələrinə hələlik təbii qaz xəttinin çəkilməməsi nəzərə alınaraq, məsələnin xüsusilə həssas xarakter daşıdığı diqqətə çatdırılıb.
Problemin operativ həlli məqsədilə deputat aidiyyəti təşkilatların rəhbərləri ilə telefon əlaqəsi saxlayıb. Məsələnin qısa müddətdə həlli üçün müvafiq göstərişlərin verilməsi və zəruri tədbirlərin görülməsi təmin edilib.
Anar İsgəndərov bildirib ki, seçicilərlə keçirilən hər bir görüş onların problemlərini birbaşa dinləmək və məsələlərin həlli üçün imkanları səfərbər etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat vətəndaş müraciətlərinin bundan sonra da diqqətdə saxlanılacağını, qaldırılan məsələlərin aidiyyəti qurumlarla əlaqəli şəkildə həlli istiqamətində fəaliyyətin davam etdiriləcəyini qeyd edib.
Anar İsgəndərov seçicilərlə görüşlərin və vətəndaş qəbullarının bundan sonra da davam etdiriləcəyini bildirib.