backend

“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO

Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub. Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir.

Həmin ünvanda əvvəllər “Daş abidə”nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətdə qalan ərazidə təxminən bir ay əvvəl abadlıq işlərinin aparılacağı bildirilsə də, sonradan burada ictimai-iaşə obyektinin tikintisinə başlanılıb.

Hazırda ərazi hasarlanıb, sürətli tikinti işləri gedir. Tikintinin qarşısında obyektin sifarişçisi, təyinatı və tikintiyə icazə barədə məlumatların əks olunduğu hər hansı lövhə yoxdur. Ərazidə konkret olaraq hansı obyektin tikildiyi də məlum deyil. Məlumata görə, burda avtomobillərin təmiri üçün sexlər, yuxar mərtəbələrdə isə kafe, restoran olacaq. 

Bizimesr.media bildirir ki, sözügedən tikinti ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mövqey öyrənmək mümkün olmayıb. 

Digər tərəfdən, ərazidə əvvəllər parkın olması və hazırda həmin sahədə tikinti aparılması ilə bağlı suallar açıq qalır. Əcəba, Fərhad Babayev küçəsində “Daş abidə”nin yerləşdiyi parkın ərazisində nə tikilir? Bu tikintiyə hansı qurum tərəfindən icazə verilib? Məsələ ilə bağlı aidiyyəti qurumların və mövqeyini dərc etməyə hazırıq.
***
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bizimesr.media
-nın sorğusuna verilən cavabda qeyd olunur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərhad Babayev küçəsində aparılan tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində araşdırılıb. 

Monitorinq zamanı müəyyən edilib ki, qeyd olunan ünvanda yerləşən birmərtəbəli qeyri-yaşayış tikilisi daha əvvəl sökülüb, bundan sonra təxminən 250 kv.m sahədə tikinti işlərinə başlanılıb: "Bildiririk ki, sözügedən ərazidə artıq tikinti işləri dayandırılıb, aşkar edilmiş hallarla bağlı rəsmi müraciətlər isə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib" deyə açıqlamada qeyd olunub". 

Açıqlamada qeyd olunur ki, məqalədə “Daş abidə” kimi qeyd olunan daş konstruksiyaya gəldikdə isə, həmin obyekt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil. Mədəni irs obyektlərinin uçotu, qorunması və mühafizəsi ilə bağlı məsələlər isə müvafiq səlahiyyətli dövlət qurumlarının səlahiyyətlərinə aiddir.


Bizimesr.media