backend

Qarabağın azadlığı və tam suverenlik milli qürurumuzdur… – Deputat

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının şanlı dövlətçilik tarixinin, milli qürurunun və tarixi ədalətin bərpasının rəmzidir. Bu əlamətdar gün torpaqlarımızın hər bir qarışında bayrağımızın dalğalanmasının, suverenliyimizin tam bərpasının təntənəsidir.

Qaynarxett.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə xalqı təbrik edərkən deyib.
“Qarabağda Bərpa Olunan Suverenlik Dövlətimizin Qüdrətidir”
Millət vəkili Qarabağda suverenliyin bərpasının tarixi əhəmiyyətini vurğulayıb:
“Biz bu gün fəxrlə bəyan edirik ki, Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycanın suverenliyi tam təmin olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində bu əzəli torpaqlarımız azadlığına qovuşdu. Suverenliyimizin tam bərpa edilməsi dövlətimizin təhlükəsizliyinin, vətəndaşlarımızın əmin-amanlığının və gələcək rifahının ən möhkəm zəmanətidir”.
“Beynəlxalq Arenada Tarixi Uğurlar Qazanır”
Parlamentari son illərdə əldə olunan xarici siyasət uğurlarına və beynəlxalq nüfuzun artmasına diqqət çəkib:
“Müstəqil Azərbaycan xarici siyasətdə tarixi nailiyyətlərə imza atıb. Qlobal miqyasda yürüdülən məqsədyönlü strategiya nəticəsində ölkəmiz regionun liderinə və beynəlxalq arenada söz sahibinə çevrilib. Bu gün Azərbaycanla hesablaşırlar, dövlətimizin mövqeyinə hörmətlə yanaşırlar. Bu uğurlar hər bir azərbaycanlının rifahına və dövlətimizin qüdrətlənməsinə xidmət edir”.
“Xalqımızı Və Dövlətimizi Ürəkdən Təbrik Edirəm”
MCP rəsmisi təbrikini xalqımıza və dövlətimizə xoş arzularla tamamlayıb:
“Bu əlamətdar gün münasibətilə xalqımızı, Vətənini sevən hər bir həmvətənimizi ürəkdən təbrik edirəm. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günümüz mübarək! Dövlətimizin suverenliyi əbədi, birliyimiz sarsılmaz, xalqımızın rifahı daimi olsun!”