backend

Anar İsgəndərov: “TDT Türk dünyasının təhlükəsizlik arxitekturasında mühüm rol oynayır”

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər Türk dünyasının qarşıdakı dövr üçün təhlükəsizlik və əməkdaşlıq gündəliyinə dair mühüm mesajlarla zəngin olub”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər yalnız mövcud vəziyyətin qiymətləndirilməsi baxımından deyil, həm də Türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir:
“Görüş TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində keçirilib. Dövlət başçısı çıxışında təşkilatın beynəlxalq nüfuzunun artmasına, üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə diqqət çəkib.
Müasir dünyada təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun kəsb edir. Terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, hibrid risklər və digər yeni çağırışlar dövlətlərin təkbaşına deyil, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməsini zəruri edir. Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik qurumları arasında məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”.
Anar İsgəndərov qeyd edib ki, TDT-nin potensialı yalnız siyasi və mədəni yaxınlıqla məhdudlaşmır:
“Türk dövlətləri geniş coğrafi məkanda yerləşir və Avropa ilə Asiya arasında mühüm bağlantı imkanlarına malikdir. Enerji resursları, nəqliyyat-logistika imkanları və iqtisadi potensial TDT məkanının strateji əhəmiyyətini artırır. Orta Dəhliz, Xəzər üzərindən daşımalar və Şərq-Qərb nəqliyyat bağlantıları Türk dövlətlərini bir-birinə daha sıx bağlayan mühüm layihələrdir.
Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları da müasir dövrdə ümumi təhlükəsizlik anlayışından ayrı nəzərdən keçirilə bilməz. Bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi həm üzv dövlətlərin iqtisadi inkişafına, həm də regional sabitliyə töhfə verə bilər”.
Deputat vurğulayıb ki, Türk dünyasını birləşdirən əsas amillərdən biri də ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərdir:
“TDT-ni fərqləndirən mühüm xüsusiyyətlərdən biri üzv dövlətlər arasında tarixi-mədəni bağların mövcudluğudur. Bu amil xalqlar arasında qarşılıqlı etimadın və əməkdaşlıq ruhunun güclənməsinə mühüm zəmin yaradır.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müxtəlif sahələrdə inkişaf edən münasibətləri də Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdiyini göstərir. Azərbaycan-Türkiyə müttəfiqliyinin Şuşa Bəyannaməsi ilə yeni hüquqi-siyasi mərhələyə keçməsi bunun mühüm nümunələrindəndir”.
Anar İsgəndərov Azərbaycan-Qazaxıstan və Azərbaycan-Özbəkistan əlaqələrinin də Türk dünyasının ümumi əməkdaşlıq gündəliyində xüsusi yer tutduğunu bildirib:
“Qazaxıstanın Qarabağın bərpasına göstərdiyi dəstək, Kurmanqazı adına İncəsənət Mərkəzində Qarabağdan olan gənclərin təhsil alması iki ölkə arasındakı münasibətlərin humanitar ölçüsünü də nümayiş etdirir.
Azərbaycan və Özbəkistan arasında Nizami Gəncəvi və Əlişir Nəvai ilə bağlı həyata keçirilən mədəni layihələr isə xalqlarımızın ortaq ədəbi-mədəni irsinin nə qədər zəngin olduğunu göstərir. Bu cür layihələr dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də tarixi və mədəni bağlar üzərində inkişaf etdiyini nümayiş etdirir”.
Deputat müasir dövrdə informasiya təhlükəsizliyi və gənclər siyasətinin də xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb:
“Qloballaşan informasiya məkanında gənclərin müxtəlif informasiya və ideoloji təsirlərlə qarşılaşması dövlətlərin diqqət yetirdiyi məsələlərdəndir. Bu baxımdan Türk dövlətlərinin gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə forumların, konfransların və digər tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu gün formalaşan münasibətlər gələcəkdə Türk dövlətləri arasında əlaqələrin sosial və humanitar əsaslarını daha da möhkəmləndirəcək”.
Anar İsgəndərov bildirib ki, beynəlxalq hüququn qorunması və dövlətlərin suverenliyinə hörmət TDT-nin beynəlxalq mövqeyinin formalaşmasında da mühüm amildir:
“Azərbaycanın uzun illər ərzində üzləşdiyi münaqişə təcrübəsi beynəlxalq hüququn prinsiplərinin və beynəlxalq mexanizmlərin effektivliyinin nə qədər vacib olduğunu göstərib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda yeni reallıqlar yaradıb.
Bu baxımdan Qarabağ Zəfərinin yaratdığı yeni regional reallıqlar, Zəngəzur dəhlizinin açılması imkanları və nəqliyyat bağlantılarının genişləndirilməsi Türk dövlətləri arasında iqtisadi və logistika əlaqələrinin daha da inkişafına yeni imkanlar yarada bilər”.
Deputatın sözlərinə görə, TDT-nin qarşısında duran əsas vəzifələrdən biri mövcud potensialı daha səmərəli əməkdaşlıq mexanizmlərinə çevirməkdir:
“Türk Dövlətləri Təşkilatının gələcək inkişafı siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, informasiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın kompleks şəkildə genişləndirilməsindən keçir. Müasir təhlükəsizlik yalnız hərbi və siyasi məsələlərlə məhdudlaşmır. Kibermühit, informasiya təhlükəsizliyi, gənclər siyasəti, təhsil, mədəniyyət və ictimai diplomatiya da təhlükəsizlik arxitekturasının mühüm elementləridir.
Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan Türk dünyasının təhlükəsiz, dayanıqlı və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xüsusi əhəmiyyət verir. Mövcud potensialın düzgün əlaqələndirilməsi TDT-nin regional və beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişlənməsinə xidmət edə bilər”.

Anar İsgəndərov
Milli Məclisin deputatı