Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan tərəfindən 15 iyun 2001-ci ildə təsis edilmiş beynəlxalq təşkilatdır.Sonradan ŞƏT-ə Hindistan və Pakistan 9 iyun 2017-ci ildə,İran 4 iyul 2023-cü ildə,Belarus isə 4 iyul 2024-cü ildə qoşulub. ŞƏT-də təmsil olunmağın üç səviyyəsi mövcuddur.Birinci mərhələ-dialoq tərəfdaşı olmaq,ikinci mərhələ müşahidəçi statusu almaq, son mərhələ isə tamhüquqlu üzvlükdür.Təşkilatın 10 tamhüquqlu üzvündən əlavə,2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı var.
Rəsmi məlumatlara görə,ŞƏT-in əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadrat kilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur.Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir.Başqa sözlə desək, ŞƏT dünya quru ərazisinin 24,2 faizini,dünya əhalisinin 41,5 faizini,dünya ÜDM-in təxminən 23,1 faizini əhatə edir.
ŞƏT-in əsas məqsədləri arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, siyasi, iqtisadi, ticarət, ekoloji,mədəni,elmi-texniki, təhsil, enerji, nəqliyyat, maliyyə-kredit və ümumi maraq doğuran digər sahələrdə səmərəli əməkdaşlığın təşviq edilməsi və sair bu kimi məsələlər xüsusi yer tutur.
31 avqust-1 sentyabr 2026-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) növbəti sammiti keçirilib.Sammitin əsas şüarı "ŞƏT-in 25 ili:davamlı sülh, inkişaf və rifah naminə birlikdə" olub. Sammitdə beynəlxalq və regional vəziyyət, təhlükəsizlik, ticarət, nəqliyyat və logistika,rəqəmsal texnologiyalar,genişləndirilmiş"ŞƏT-Plus" formatı çərçivəsində BMT-nin beynəlxalq hüquqda və davamlı regional inkişafda əlaqələndirici rolunun gücləndirilməsi müzakirə olunub. Zirvə Görüşündə Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinin nəticələrini birləşdirən və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən "Bişkek Bəyannaməsi" qəbul edildi.Bununla yanaşı Sammitdə Elm, ekologiya, fövqəladə hallara cavab və mədəni-humanitar əməkdaşlıq sahələrində 20-dən çox birgə qərar və sənəd imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 31 avqust-1 sentyabrda düzənlənən tədbirlərində iştirak edib.Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı, keçirdiyi görüşlər Azərbaycan üçün həm bu quruma daxil olan ölkələrlə ikitərəfli əlaqələrinin dərinləşməsi,həm də ŞƏT ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə,gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Səfərin birinci günü Azərbaycan Prezidenti ŞƏT-in Zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşlər keçirib.Həmin görüşlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş xüsusi yer tutur. Həmin görüşlə bağlı mətbuat üçün bəyanatda bildirilir ki:” Liderlər 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, eləcə də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.Tərəflər Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıb.Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd edib.Liderlər parlamentarlar və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndirib.Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.”
Azərbaycan Prezidentinin İran İslam Respublikasının Prezidenti ilə görüşü də olub.İran Prezidenti Məsud Pezeşkian İranın üzləşdiyi çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin,nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə minnətdarlığını bildirib.Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.Məsud Pezeşkian İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.Azərbaycan Prezidentinin də öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, ölkəmiz İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə də görüşü olub. Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub.Münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb.Görüşün əsas mövzularından biri nəqliyyat-logistika məsələləri olub. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) region üçün əhəmiyyətinə toxunularaq,bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə iki ölkəni maraqlandıran digər regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Prezidentinin sentyabrın 1-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub.Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib.Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edibər.
Azərbaycan Prezidenti İham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib.Prezident bildirib ki: “Bir ildən bir az çox əvvəl Azərbaycan və Ermənistan sülh müqaviləsini paraflamaqla 30 ildən çox davam edən münaqişəyə son qoydular. Beləliklə, daimi münaqişə zonası olan Cənubi Qafqaz regionu sülh zonasına çevrilir.1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi üç il sonra icra edildi. Azərbaycan artıq Ermənistanı neft məhsulları ilə təchiz edir və üçüncü tərəf yükləri üçün tranzit təmin edir.Ermənistanla birlikdə qarşılıqlı ticarət həcmini artırmaq, onun çeşidini genişləndirmək və yeni quru nəqliyyat əlaqələri yaratmaq üzərində işləyirik. Lakin təəssüf ki, BMT bu qətnamələrin həyata keçirilməsində heç bir rol oynamayıb.Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddət ərzində həyata keçirilməsi müvafiq mexanizmlərin hazırlanmasını tələb edir. Əgər buna nail olunarsa, bu, BMT-nin nüfuzunu və münaqişələrin həllində rolunu artıracaq. Bu yaxınlara qədər Qoşulmama Hərəkatına dörd il sədrlik edən Azərbaycan beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək.”
Öz fəaliyyətində çoxşaxəli əməkdaşlıq siyasəyinə üstünlük verən Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı statusu aldıqdan sonra bu təşkilatla münasibətləri inkişaf etməyə başlayıb.Bu işdə Çinin Azərbaycanla münasibətlərindəki müsbət dinamika aparıcı rol oynayır. Bununla belə ŞƏT-in tərkibi çox rəngarəng,mürəkkəb,o cümlədən Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyən ölkələrdən ibarətdir.ŞƏT-də Qazaxıstan,Özbəkistan, Qırğızıstan,Tacikistan, Pakistan, Belarus kimi Azərbaycanla qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan kifayət qədər isti və konstruktiv münasibətləri olan ölkələr,Çin kimi əməkdaşlıq münasibətləri artan xəttlə inkişaf edən ölkə ilə yanaşı,Azərbaycana münasibətdə açıq düşmənçılık yolu tutmuş Hindistan və aramızda strateji tərəfdaşlıq müqaviləsi olmasına baxmayaraq, Azərbaycana qarşı tamamilə fərqli davranış sərgiləyən və son vaxtlar münasibətlər daha da korlanmış Rusiya kimi dövlət də var.Onların Azərbaycana münasibəti ölkəmizin ŞƏT-də olub-olmamasından yox,həmin dövlətlərin mahiyytindən,ambisiyasından, xislətlərindən və digər amillərdən asılıdır.Ona görə də təbii surətdə Azərbaycanın ŞƏT-lə münasibətlərində ənənəvi münsibətləri olan ölkələrdən əlavə Çinlə olan əməkdaşlıq münasibətləri daha böyük çəkiyə malikdir,getdikcə də artacaq və ağırlıq mərkəzi bu yöndə olacaq..Son illər Mərkəzi Asiya ölkələri ilə ölan əlaqələrimiz də sürətlə inkişaf edir.Yəni təşkilata üzv olan bir çox ölkələrlə Azərbaycanın çox yaxşı münasibətləri var. Buna nümunə olaraq ŞƏT-in əsas qurucu üzvlərindən olan Çinlə Azərbaycan arasındakı strateji tərəfdaşlıq sənədinin imzalanmasını göstərmək olar.Buraya biz Mərkəzi Asiya ölkələri olan Özbəkistan,Qazaxıstanı və Qırğızıstanı da əlavə edə bilərik. Təşkilatın üzvü olan Pakistan,Tacikistan kimi ölkələrlə də Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bu baxımdan Azərbaycan ŞƏT üçün, ŞƏT də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır
Azərbaycanın ŞƏT ilə əməkdaşlığı çoxsahəli və hərtərəfli xarakter daşıyır. Ölkəmizin son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi Azərbaycanın ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlar sırasındadır. Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır..Bu özünü ticarət əlaqələrinin dinamikasında daha əyani göstərir. Azərbaycanın bir sıra ŞƏT ölkələri ilə ticarət əlaqələri xeyli artıb və 2025-ci ildə ölkəmizin 48.9 milyard dollarlıq xarici ticarət dövriyyəsində ŞƏT ölkələrinin payı təxminən 24,2 faiz təşkil edib.Bunun 10 faizi qədəri Rusiyanın, 9,9 faizə yaxını Çinin,1,6 faizi Özbəkistanın, 1,4 faizi Qazaxıstanın,1,3 faizi İranın payına düşür.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının genişlənməsi bir sıra cəhətlərinə görə ölkəmiz üçün həm faydalı və həm də perspektivlidir. Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün ilk növbədə siyasi dialoq, təhlükəsizlik və Avrasiyanın geniş coğrafiyasında iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.Azərbaycan əksər ŞƏT ölkələri əməkdaşlığındakı müsbət dinamika bu platformanı Bakı üçün kifayət qədər geniş siyasi və iqtisadi imkanlar məkanına çevirir.Digər tərəfdən isə Azərbaycanın coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu və digər keyfiyyətləri ölkəmizi ŞƏT üçün cazibədar edir və bu qurum üçün vacib tərəfdaşa çevirib.Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı ölkəmizə siyasi, iqtisadi, nəqliyyat və energetika sahələrində geniş əlaqələr qurmaq imkanı qazandırır. Bu əməkdaşlıqda tranzit və logistika xüsusi yer tutur.Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin,o cümlədən Orta Dəhlizin imkanlarını genişləndirir. İqtisadi əlaqələrə də müsbət təsir edir. Təşkilat üzvləri ilə ticarət dövriyyəsini artırmağa və birgə investisiya layihələri həyata keçirməyə şərait yaradır.Enerji Təhlükəsizliyi sahəsində də əməkdaşlıq üçün xeyli faydalı imkanlar var.Ənənəvi enerji resursları ilə yanaşı, "yaşıl enerji" layihələrinin inkişafına töhfə verir. ŞƏT ölkələri ilə siyasi dialoqun inkişafı ikitərəfli və çoxtərəfli münasibətləri gücləndirir.
Perspektivlərə gəldikdə isə Azərbaycanın ŞƏT məkanı ilə Avropanın iqtisadi infrastrukturu arasında təbii əlaqələndirici mövqeyə malik olması fonunda ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının genişlənməsi Avrasiya məkanında etibarlı nəqliyyat və ticarət qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək və həm də daha da gücləndirmək üçün əlavə imkanlar yaradacaq.Ölkəmizə yeni sərmayələrin,xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpasına və iqtisadi layihələrə xarici investisiyaların cəlb olunması üçün zəmin yaradır.Azərbaycanın ŞƏT ölkələri ilə əlaqələrinin genişlənməsi elm, təhsil, turizm və mədəniyyət sahələrində də əlaqələrin dərinləşməsini təmin edir ki,bu da humanitar istiqamətlərdə çox perspektivlidir.
Əli Məsimli
Milli Məclsin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət










