Milli Məclisin deputatı Müşfiq Məmmədli Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitində iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın Avrasiyada formalaşan yeni geosiyasi və geoiqtisadi arxitekturada mövqeyinin daha da gücləndiyini göstərir:
“Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında seçim edən deyil, onlarla milli maraqlar əsasında əməkdaşlıq qura bilən müstəqil siyasi aktor kimi çıxış edir.
ŞƏT bu gün yalnız təhlükəsizlik platforması deyil. Çin, Rusiya, Hindistan, Mərkəzi Asiya dövlətləri və digər mühüm aktorların iştirakı ilə təşkilat getdikcə nəqliyyat, iqtisadiyyat, enerji, təhlükəsizlik və yeni texnologiyalar üzrə geniş Avrasiya əməkdaşlıq məkanına çevrilir”.
M.Məmmədlinin sözlərinə görə, Azərbaycanın ŞƏT çərçivəsində fəallığının artması xüsusilə Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları baxımından mühüm əhəmiyyət daşıyır.
“Bakı artıq sadəcə tranzit ölkə deyil. Azərbaycan Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən əsas qovşaqlardan biridir. Ölkəmizin nəqliyyat və logistika imkanları həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində Azərbaycanın strateji əhəmiyyətini artırır”, – deputat vurğulayıb.
Deputat Bişkek sammiti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan birbaşa dialoqa da diqqət çəkib. O qeyd edib ki, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh gündəliyinin davam etdirilməsi baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, sülh gündəliyinin möhkəmləndirilməsi, sərhədlərin delimitasiyası, iqtisadi və ticarət əlaqələri, eləcə də regional kommunikasiyaların inkişafı ilə bağlı məsələlərin müzakirəsi prosesin artıq yalnız siyasi bəyanatlar səviyyəsində olmadığını göstərir.
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması artıq yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirilə bilməz. Bu proses Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən yeni kommunikasiya sisteminin formalaşmasına birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycanın yaratdığı nəqliyyat və logistika imkanları ŞƏT məkanı üçün də strateji əhəmiyyət daşıyır”, – Müşfiq Məmmədli bildirib.
Deputat Azərbaycan-Rusiya münasibətlərinə də toxunaraq qeyd edib ki, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə mümkün təması iki ölkə arasında mövcud məsələlərin ən yüksək siyasi səviyyədə müzakirəsi baxımından əhəmiyyətli ola bilər.
“Azərbaycanın mövqeyi bu məsələdə də aydındır: qarşılıqlı hörmət, suverenlik və milli maraqlar əsasında praqmatik münasibətlərin davam etdirilməsi. Azərbaycan bütün tərəfdaşları ilə məhz bu prinsiplər əsasında əməkdaşlıq edir”, – deyə deputat vurğulayıb.
M.Məmmədli hesab edir ki, Bişkek sammitinin Azərbaycan üçün əsas siyasi nəticələrindən biri ölkənin geosiyasi çəkisinin daha aydın şəkildə ortaya çıxmasıdır:
“Azərbaycan eyni zamanda Çinlə strateji əməkdaşlığı inkişaf etdirir, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı məkanı ilə inteqrasiyanı dərinləşdirir, Rusiya ilə münasibətlərini praqmatik əsaslarda qurur, Ermənistanla birbaşa sülh gündəliyini irəli aparır və Qərblə tərəfdaşlığını davam etdirir.
Başqa sözlə, Azərbaycan artıq Avrasiyada baş verən proseslərin yalnız iştirakçısı deyil, müxtəlif coğrafiyaları, iqtisadi marşrutları və siyasi platformaları birləşdirə bilən dövlətlərdən biridir”.
Deputat həmçinin ŞƏT-in Bişkek gündəliyində təhlükəsizliklə yanaşı iqtisadiyyat, nəqliyyat, süni intellekt və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulmasının Azərbaycanın regional rolunu daha da önə çıxardığını bildirib.
“Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı və burada aparılan ikitərəfli təmaslar bir daha göstərir ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında seçim edən deyil, milli maraqları əsasında müxtəlif tərəfdaşlarla əməkdaşlıq qura bilən müstəqil və praqmatik siyasi aktordur”, – Müşfiq Məmmədli əlavə edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






