Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) region ölkələri arasında dialoq və əməkdaşlıq üçün mühüm platformalardan biri kimi çıxış edir:
“AQEM Asiyanın böyük hissəsini əhatə edən və 28 üzv dövləti bir araya gətirən unikal dialoq formatıdır. Təşkilatın əsas məqsədləri sırasında regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlər arasında qarşılıqlı etimadın artırılması və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi dayanır. Eyni zamanda, AQEM dayanıqlı inkişafın təşviqi və regional problemlərin dialoq yolu ilə müzakirəsi üçün əlverişli imkan yaradır.
Azərbaycanın AQEM-ə sədrliyi də bu istiqamətdə ölkənin regional və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi təqdim olunur. Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində qeyd etdiyi kimi, Azərbaycanın son iki il ərzində təşkilata sədrliyi dövründə əsas diqqət qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin edilməsinə yönəldilib.
Həmçinin ölkəmizin sədrliyi çərçivəsində AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun artırılması istiqamətində səylər göstərilib. Bu yanaşma təşkilatın yalnız siyasi dialoq platforması kimi deyil, həm də konkret əməkdaşlıq təşəbbüslərinin müzakirə olunduğu və həyata keçirildiyi mexanizm kimi inkişaf etdirilməsinə xidmət edir”.
“İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi, xəbərlərin qlobal miqyasda saniyələr ərzində yayıldığı müasir dövrdə media ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Media yalnız informasiya ötürən vasitə deyil, eyni zamanda cəmiyyətlər və dövlətlər arasında qarşılıqlı anlaşmanın formalaşmasına təsir göstərən mühüm kommunikasiya platformasıdır. Obyektiv və məsuliyyətli jurnalistika müxtəlif ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə, stereotiplərin aradan qaldırılmasına və dialoq imkanlarının genişləndirilməsinə töhfə verə bilər.
Xüsusilə qütbləşmənin artdığı bir şəraitdə etibarlı informasiya mühitinin yaradılması mühüm məsələlərdən biridir. Dezinformasiya, yanlış məlumatların sürətlə yayılması və müxtəlif hadisələrin birtərəfli təqdimatı cəmiyyətlər arasında inamsızlığın dərinləşməsinə səbəb ola bilər. Bu səbəbdən media sahəsində peşəkarlıq, məsuliyyət və informasiya mübadiləsinin etibarlılığı regional əməkdaşlığın vacib elementlərindən biri kimi çıxış edir”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin müraciətində Azərbaycanın sədrliyi dövründə göstərilən səylərin AQEM-in institusional imkanlarının gücləndirilməsinə, praktiki birgə fəaliyyətin genişləndirilməsinə və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun artırılmasına yönəldiyi vurğulanır.
Bu yanaşma Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi əhəmiyyəti də nümayiş etdirir. Müxtəlif ölkələrin bir araya gəldiyi beynəlxalq platformalarda dialoqun təşviqi, qarşılıqlı maraqların nəzərə alınması və əməkdaşlıq imkanlarının artırılması regional sabitlik baxımından mühüm amillərdən biridir”.









