backend

Deputat: ADEX 2026 müdafiə sənayesinin aparıcı şirkətlərini bir araya gətirdi

ADEX (Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi) Qafqaz regionunun müdafiə sənayesi və daxili təhlükəsizlik sahəsində ən böyük ixtisaslaşmış tədbiridir. Bu mənada ADEX Beynəlxalq hərbi-texniki əməkdaşlığın mühüm platforması kimi çıxış edir və iştirakçılara Azərbaycanın hərbi rəhbərliyi və qlobal müdafiə ictimaiyyəti ilə birbaşa görüş imkanı yaradır.
Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ADEX 2026 müdafiə sənayesi sərgisi fonunda Bakı dünyanın müdafiə sənayesinin aparıcı şirkətlərini bir araya gətirdi:
“Sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçirilən VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX 2026 müdafiə sənayesinin aparıcı şirkətlərini, hərbi nümayəndə heyətlərini və dövlət qurumlarını bir araya gətirdi. Üç gün davam edən sərgidə müasir hərbi texnologiyalar, pilotsuz sistemlər, zirehli texnika, aviasiya vasitələri, elektron müharibə və kibertəhlükəsizlik həlləri nümayiş etdirildi.
Bu ilki ADEX miqyasına görə əvvəlki sərgilərdən biri sıra mühüm göstəriciləri ilə seçildi. Təşkilatçıların məlumatına görə, ADEX və paralel keçirilən “Securex Caspian 2026” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirak edib. 14 ölkə milli pavilyonla təmsil olunub. 33 ölkədən 45 xarici nümayəndə heyətinin sərgiyə qatılması isə ADEX-in beynəlxalq müdafiə sənayesi üçün əhəmiyyətli görüş platformasına çevrildiyini göstərdi.
ADEX 2026-da ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Pakistan, İsrail, Rusiya, Cənubi Koreya və digər ölkələrin şirkətləri iştirak ediblər.
Bu il sərgidə bir sıra tanınmış şirkətlər ilk dəfə təmsil olunub. ABŞ-ın “Northrop Grumman”, “Lockheed Martin”, “SIG SAUER”, “Vantor” və “Ondas”, Almaniyanın “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyanın “BAE Systems” şirkətləri sərginin iştirakçıları sırasında yer alıblar.
Türkiyə şirkətləri isə sərgidə geniş ekspozisiya ilə çıxış edib. “Roketsan”, “ASELSAN”, “Baykar”, “Turkish Aerospace Industries”, “HAVELSAN” və digər şirkətlər öz məhsul və texnologiyalarını nümayiş etdiriblər”.

Deputat vurğulayıb ki, ADEX 2026 Azərbaycanın müdafiə sənayesinin imkanlarının nümayiş etdirilməsi baxımından da mühüm platforma oldu:
“Azərbaycan Müdafiə Nazirliyi sərgidə ayrıca stendlə iştirak edib. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi və digər qurumlar öz məhsullarını təqdim ediblər.
Sərginin açıq ekspozisiyasında hərbi nəqliyyat vasitələri, müxtəlif texniki vasitələr və müasir müdafiə texnologiyaları nümayiş etdirilib. Yerli şirkətlərin təqdim etdiyi məhsullar Azərbaycanın müdafiə sənayesində istehsal və texnoloji imkanların genişləndirilməsi istiqamətində görülən işləri nümayiş etdirən əsas elementlərdən biri olub.
ADEX 2026-nın diqqətçəkən xüsusiyyətlərindən biri sərgidə ənənəvi silah sistemləri ilə yanaşı, yeni texnoloji istiqamətlərin də geniş yer alması idi. Pilotsuz uçuş aparatları, süni intellekt əsaslı həllər, elektron müharibə sistemləri, kibertəhlükəsizlik vasitələri, optik-elektron avadanlıqlar, C4ISR sistemləri və rəqəmsal idarəetmə texnologiyaları sərginin əsas mövzuları arasında yer aldı.
Sərginin işgüzar proqramında “Müasir müdafiə sənayesi: innovativ texnologiyalar və inkişaf perspektivləri”, “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə edilməsi və kiberdavamlılıq” mövzularında sessiyalar keçirildi. Elektron müharibə, təhlükəsiz rabitə sistemləri və kibertəhlükələr də müzakirə olunan əsas məsələlər sırasında oldu.
Bu mənada ADEX 2026 müasir müdafiə sənayesində texnologiyanın artan rolunu nümayiş etdirən tədbirlərdən biri kimi yadda qaldı”.
Sevinc Hüseynova bildirib ki, sərgidə müxtəlif ölkələrin şirkətləri yeni və təkmilləşdirilmiş hərbi texnika nümunələrini də təqdim etdilər:
“Türkiyənin BMC şirkəti ADEX 2026 çərçivəsində “PAMİR 4×4”, yenilənmiş “KİRPİ II 4×4” və “VURAN 4×4” platformalarını nümayiş etdirdi. Şirkətin təqdimatında “KİRPİ II”nin yerli “TUNA” mühərriki ilə təchiz olunması da diqqət çəkən məqamlardan biri oldu.
Ümumilikdə zirehli döyüş maşınları, pilotsuz sistemlər, aviasiya texnologiyaları, raket və artilleriya sistemləri, optik-elektron avadanlıqlar, rabitə və komanda-idarəetmə sistemləri sərginin ekspozisiyasında geniş yer tutdu.
ADEX-in əhəmiyyəti yalnız hərbi texnikanın nümayişi ilə məhdudlaşmır. Sərgi çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri və şirkətlər arasında görüşlər keçirilib, hərbi-texniki əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulması məsələləri müzakirə olunub.
ADEX 2026-nın nəticələri göstərir ki, Bakı artıq müdafiə sənayesinin müxtəlif istiqamətlərini bir araya gətirən beynəlxalq sərgi məkanlarından biri kimi çıxış edir. Sərgidə iştirak edən ölkələrin və şirkətlərin coğrafiyasının genişlənməsi, yerli müdafiə sənayesinin təqdimatı və yeni texnologiyalara diqqətin artması tədbirin gündəliyinin əsas xüsusiyyətlərini təşkil edib.
Beləliklə, üç gün ərzində Bakı yalnız müxtəlif ölkələrin hərbi texnikalarının nümayiş olunduğu məkan deyil, həm də müdafiə sənayesinin gələcək inkişaf istiqamətlərinin müzakirə edildiyi beynəlxalq platforma oldu”.