backend

Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu

Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimində Azərbaycan xalqına sədaqətlə xidmət edəcəyini bəyan edərək bildirmişdir: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu fikir onun dövlətçilik fəaliyyətinin əsas prinsiplərindən birini ifadə etmişdir.

Ümummilli Lider Heydər Əliyev qarşıya çıxan mürəkkəb siyasi, sosial və iqtisadi problemlərin həlli istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Bu siyasət nəticəsində ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün zəruri şərait formalaşdırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənmiş, ölkənin dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri genişlənmişdir. Bununla yanaşı, qlobal əhəmiyyətli enerji və kommunikasiya layihələrinin reallaşdırılması Azərbaycanın iqtisadi və geosiyasi imkanlarının artmasına mühüm töhfə vermişdir.

Dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkənin siyasi-hüquqi sisteminin inkişafına da mühüm təsir göstərmişdir. Senzuranın ləğvi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, məhkəmə-hüquq islahatlarının aparılması, Ombudsman və digər mühüm dövlət təsisatlarının yaradılması bu siyasətin əsas istiqamətlərindən olmuşdur. Ölüm hökmünün ləğvi isə insan hüquqlarının qorunması sahəsində mühüm hüquqi addımlardan biri kimi tarixə düşmüşdür.

Beləliklə, 3 oktyabr 1993-cü il prezident seçkiləri Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi tarixi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlətçilik siyasəti ölkədə sabitliyin və inkişafın əsaslarını formalaşdırmış, müstəqil Azərbaycanın dövlət institutlarının möhkəmlənməsinə və beynəlxalq mövqelərinin güclənməsinə mühüm zəmin yaratmışdır.

Sevil Hacıyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı