backend

Bahar bağında asfaltın dağıdılması sakinlərin haqlı narazılığına səbəb olur: “Azərişıq” niyə yolu bərbad hala salıb? + FOTO/ VİDEO


Suraxanı rayonunun Bahar bağları yaşayış massivində aparılan işlər sakinlərin narazılığına səbəb olub. Sakinlərin bildirdiyinə görə, 2011–2012-ci illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bahar bağları yaşayış massivində yola asfalt örtüyü çəkilib. Həmin vaxt görülən iş sakinlərin rahat gediş-gəlişi baxımından mühüm əhəmiyyət daşıyıb. Lakin indi ərazidə aparılan qazıntı işləri həmin yolun vəziyyətini yenidən müzakirə mövzusuna çevirib.

Sakinlərin sözlərinə görə, “Azərişıq” ASC tərəfindən aparılan işlər zamanı yolun təxminən iki metr enində asfalt örtüyü qazılaraq dağıdılıb, qazıntı sahəsi isə torpaqla doldurularaq hamarlanıb. Belə olan halda haqlı sual yaranır: illər əvvəl çəkilmiş asfaltın qazılmasından sonra yol niyə əvvəlki vəziyyətinə qaytarılmır? Görülən işlərin sonunda asfalt örtüyünün bərpası nəzərdə tutulubmu?

Əlbəttə, elektrik təchizatının yaxşılaşdırılması, mövcud xətlərin təmiri və yenilənməsi zəruri işlərdir. Heç kim bu cür işlərin aparılmasına qarşı deyil. Ancaq infrastrukturun bir sahəsində problem həll edilərkən digər sahəyə ziyan vurulması və yaranmış vəziyyətin aradan qaldırılmaması da qəbuledilməzdir. Elektrik xəttinin təmiri sakinlərin rahat və təhlükəsiz hərəkət etmək hüququnu kölgədə qoymamalıdır.

Burada söhbət təkcə bir neçə metr asfalt örtüyündən getmir. Söhbət görülmüş işə münasibətdən, dövlət vəsaiti hesabına yaradılmış infrastrukturun qorunmasından və sakinlərin gündəlik həyatına göstərilən diqqətdən gedir. Yolun asfalt örtüyü qazılırsa, işlər başa çatdıqdan sonra onun əvvəlki vəziyyətinə qaytarılması məsələsi də diqqətdə saxlanılmalıdır. Əks halda, bir qurumun gördüyü iş digər qurumun fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşür, nəticədə isə narazılıq və əlavə xərc yaranır.

“Azərişıq” ASC-nin rəhbərliyi bu suala aydınlıq gətirməlidir: Bahar bağları yaşayış massivində asfalt örtüyünün qazılması hansı zərurətdən irəli gəlib? İşlərə başlamazdan əvvəl yolun bərpası məsələsi nəzərə alınıbmı? Əgər nəzərə alınıbsa, asfalt örtüyü nə vaxt və hansı qaydada bərpa ediləcək?

Sakinlər aidiyyəti qurumların məsələyə diqqət yetirməsini və qazıntı aparılan sahənin keyfiyyətli şəkildə əvvəlki vəziyyətinə qaytarılmasını gözləyirlər. Çünki torpaqla doldurulmuş sahənin hamarlanması asfalt yolun bərpası demək deyil. Xüsusilə yağışlı havalarda belə sahələrin vəziyyəti daha da pisləşə, hərəkət çətinləşə bilər.

Məsələnin digər tərəfi də budur ki, sakinlər görülən işlərin səbəbi və nəticəsi barədə məlumatlandırılmalıdırlar. İnsanların yaşadığı ərazidə aparılan işlərin gedişi, müddəti və yolun nə vaxt bərpa ediləcəyi barədə aydın məlumat verilməsi həm şəffaflığın, həm də vətəndaşlara hörmətin göstəricisidir.

Aidiyyəti qurumlar, xüsusilə “Azərişıq” ASC və Suraxanı Rayon İcra Hakimiyyəti yaranmış vəziyyətə münasibət bildirməli, problemin həlli üçün konkret tədbirlər görməlidirlər.

Sual açıq qalır: Bahar bağlarında asfaltı qazıb torpaqla doldurmaqla iş bitmiş hesab olunurmu? Sakinlər görülən işlərin nəticəsini deyil, problemin həllini gözləyirlər. Aidiyyəti qurumların cavabı və yol örtüyünün bərpası ilə bağlı atılacaq addımlar ictimaiyyət üçün də maraqlıdır.

Problemi diqqət mərkəzində saxlayacağıq.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırırıq.

Qaynarxett.az