“Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının inkişafında yeni mərhələnin başlanğıcı kimi də xarakterizə olunur. Sözsüz ki, ölkəmizin başçısının Qırğız Respublikasına dövlət səfərinə dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.”
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində yüksək səviyyəli rəsmi qarşılanması iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir: “Dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan–Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi əlaqələrin dinamik inkişafından məmnunluqlarını ifadə edərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar.
Danışıqlar zamanı ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin regional nəqliyyat dəhlizlərinin inkişafı, beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının vacibliyi qeyd edilib.
Görüşlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı da əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev Türk dünyasının birliyinin möhkəmləndirilməsinin, ortaq dəyərlərin qorunmasının və üzv dövlətlər arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə həyata keçirilən birgə layihələrin regionun inkişafına və sabitliyinə mühüm töhfə verdiyi bildirilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edərək, regional və qlobal məsələlər üzrə mövqelərin yaxın olduğunu diqqətə çatdırıblar. Azərbaycanın və Qırğızıstanın suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqelərinin qarşılıqlı şəkildə dəstəkləndiyi bir daha ifadə olunub”.
Deputat bildirib ki, Azərbaycan–Qırğızıstan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib: “Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlar əsasında formalaşan müttəfiqlik münasibətlərinə çevrilib. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri isə bu inkişafın məntiqi davamı olmaqla yanaşı, iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını təşkil edir.
Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin möhkəm təməli isə Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri zamanı qoyulub. Sonrakı dövrdə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması, qarşılıqlı səfərlərin intensivləşməsi və hüquqi bazanın genişlənməsi münasibətlərin davamlı inkişafını təmin edib”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib: “Bu siyasət nəticəsində Qırğızıstan ilə əlaqələr son illərdə xüsusilə sürətlə inkişaf edib. Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında formalaşan yüksək etimada əsaslanan münasibətlər siyasi dialoqun intensivləşməsində həlledici rol oynayıb. Son illər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı dövlət və rəsmi səfərlər iki ölkənin strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisidir.
Bu günə qədər Azərbaycan ilə Qırğızıstan arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Hazırda tərəflər münasibətləri daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəltmək istiqamətində ardıcıl addımlar atırlar. Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkənin siyasi münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı hesab olunur.
Sözsüz ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra Azərbaycanın geosiyasi mövqeyi daha da güclənib və ölkəmiz regionlararası əməkdaşlığın əsas iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı və Azərbaycanın bu platformada fəal rol alması ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır.
Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq da münasibətlərin mühüm sütunlarından biridir. Hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, qarşılıqlı mədəni layihələr və ortaq tarixi irsin təbliği xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə isə Heydər Əliyevin adını daşıyan təhsil müəssisəsinin fəaliyyət göstərməsi bu əməkdaşlığın rəmzi nümunələridir”.
Şura sədri onu da əlavə edib ki, Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək xüsusi minnətdarlıq doğurur: “Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın maliyyə dəstəyi ilə inşa edilən Ayköl Manas adına tam orta məktəb iki ölkə arasında dostluğun və qardaşlığın simvoluna çevrilib. Bu layihə təkcə təhsil sahəsinə deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın möhkəmləndirilməsinə xidmət edir.
Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Qırğızıstan vahid mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən birgə təşəbbüslər münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər açır.
Bu gün Azərbaycan və Qırğızıstan qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlər modeli formalaşdırıblar. Siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin strateji tərəfdaşlığının uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin dövlət səfəri isə bu münasibətləri yeni məzmunla zənginləşdirərək gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət





