Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi bu gün Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək səviyyədədir: “Bu amil xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə əsaslanır. Təbii ki, oxşar mədəni ənənələr və mənəvi dəyərlər də burada mühüm amildir. İki dövlət arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil isə əlaqələrin bütün səviyyələrdə inkişafı ilə bağlıdır. Son üç ildə Azərbaycan Prezidenti yeddi dəfə Qazaxıstana səfər edib. Bu səfərlər və Prezident İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan səmimi dostluq əlaqələrin daha da inkişafına zəmin yaradıb. Eyni zamanda Qazaxıstan Prezidentinin bu müddət ərzində Azərbaycana altı dəfə səfər etməsi ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafını nümayiş etdirir. Bu mənada Qazaxıstan dövlətinin hədiyyəsi olaraq Ermənistanın işğalından azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi olduqca əhəmiyyətli idi”.

Sevinc Hüseynova hesab edir ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir: “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir. Həmçinin nəqliyyat-logistika əməkdaşlığı da genişlənir. Məhz bu məqsədə xidmət edən 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Sözsüz ki, bütün bunların fonunda hər iki dövlətin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qardaşlıq əlaqələri daha da möhkəmlənib. Bu yaxınlarda TDT-nin Qəbələdə Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Ölkələr həmçinin TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti fonunda gələn il onun 100 illiyi qeyd ediləcək. Bununla bağlı Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır ki, bu da qarşılıqlı olaraq bütün sferalarda əlaqələrin inkişafını xarakterizə edir”.