backend

Yoxsulluq statistik deyil, qlobal riskdir… – Deputat

“Avropa Komissiyasının açıqladığı son rəqəmlər həyəcan təbili çalır: yoxsulluq artıq Avropa İttifaqı üçün lokal bir çətinlik deyil, sistemli sosial riskə çevrilməkdədir. Hər beş nəfərdən birinin, hər dörd uşaqdan birinin bu təhlükə ilə üz-üzə qalması məsələnin təkcə gəlir azlığı deyil, dərin struktur böhranı olduğunu sübut edir”.
Bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev qlobal iqtisadiyyatda müşahidə olunan sosial tənəzzül meyillərini şərh edərkən bildirib.
Bahaçılıq və orta təbəqənin zəifləməsi
Millət vəkili qeyd edib ki, yaşayış xərclərinin kəskin artması ailələrin alıcılıq qabiliyyətini daxildən gəmirir:
“Enerji böhranı, inflyasiya və ərzaq qiymətlərinin durmadan yüksəlməsi aşağı gəlirli təbəqəni daha da küncə sıxır. Əmək bazarındakı qeyri-sabitlik, müvəqqəti işlər və gənclər arasında işsizlik sosial yaraları dərinləşdirir. Bu mənfi tendensiya yalnız Avropa ilə məhdudlaşmır, eyni mənzərə post-sovet ölkələrində də özünü büruzə verir. Gəlirlərin artım tempinin inflyasiyadan geri qalması insanların real rifahını aşağı salır və sosial narazılıq risklərini stimullaşdırır”.
Sosial balansın pozulması: Siyasi və iqtisadi təhdidlər
MCP başqanının fikrincə, yoxsulluğun dərinləşməsi zəncirvari şəkildə dövlətin bütün sütunlarına təsir göstərəcək:
“Bu proses vaxtında balanslaşdırılmasa, ilk növbədə təhsil və səhiyyə əlçatanlığı zəifləyəcək, imkan bərabərsizliyi artacaq. İqtisadi müstəvidə daxili bazarın daralması, siyasi müstəvidə isə populizmin güclənməsi və sabitliyin pozulması qaçılmaz ola bilər. İnsanların daha yaxşı şərait üçün miqrasiya axınlarına üz tutması isə əlavə gərginlik ocaqları yaradacaq. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: ölkəmizdə də orta təbəqənin zəifləməsi sosial balansı poza bilər və bu, məni deputat kimi ciddi şəkildə narahat edən əsas məsələdir”.
Nəticə: Orta təbəqənin qorunması şərtdir
Sonda deputat dövlətlər qarşısında duran əsas çağırışı belə xülasə edib:
“Bu günün əsas hədəfi təkcə yoxsulluğu azaltmaq deyil, cəmiyyətin onurğa sütunu olan orta təbəqəni qorumaq və sosial balansı saxlamaqdır. Əks halda, bu gün kağız üzərindəki statistik rəqəmlər sabah idarəolunmaz sosial və siyasi partlayışların əsasına çevriləcək”.