backend

Uşağın keyfiyyətli təhsil alması valideynin gəlirindən asılı olmamalıdır… – Deputat

Özəl məktəblərin yaranmasını və inkişafını təbii proses hesab edir və düşünür ki, bu rəqabət təhsilin inkişafına da müsbət təsir göstərə bilər. Amma təhsil elə bir sahədir ki, burada hər şeyi bazar prinsipləri ilə ölçmək düzgün deyil. Çünki söhbət adi kommersiya xidmətindən yox, insanın gələcəyindən, uşağın inkişafından və cəmiyyətin gələcək potensialından gedir.
Bunu Sosdem.az-a özəl və dövlət məktəbləri arasındakı təhsil keyfiyyəti, qiymət fərqləri və sosial ədalət məsələlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayevdeyib.
“Yüksək Qiymət Öz-Özlüyündə Yüksək Keyfiyyətin Göstəricisi Sayıla Bilməz”
Millət vəkili özəl məktəblərdəki yüksək təhsil haqlarına və keyfiyyət meyarlarına diqqət çəkib:
“8-15 min manat və daha yüksək illik təhsil haqqına gəlincə, burada əsas sual ‘bu qiymət bahadırmı?’ yox, ‘bu qiymətə hansı keyfiyyət təqdim olunur?’ sualıdır. Əgər məktəb yüksək səviyyəli müəllim heyəti, müasir infrastruktur, fərdi yanaşma, xarici dil, laboratoriyalar, texnologiyalar və digər imkanlar təqdim edirsə, onun xərclərinin yüksək olması başadüşüləndir. Amma yüksək qiymət öz-özlüyündə yüksək keyfiyyətin göstəricisi sayıla bilməz. Mənim əsas narahatlığım sosial bərabərlik məsələsidir. Uşağın keyfiyyətli təhsil almaq imkanının valideyninin gəlirindən asılı olması düzgün yanaşma deyil. Təhsil almaq istəyən və buna qabiliyyəti olan hər bir uşaq üçün dövlət məktəbində yüksək keyfiyyətli təhsil real alternativ olmalıdır. Azərbaycanda dövlət məktəblərində ümumi təhsilin pulsuz olması hüquq kimi artıq mövcuddur, indi əsas məsələ həmin pulsuz təhsilin keyfiyyətini daha da yüksəltməkdir”.
“Dövlət Məktəbləri İlə Özəl Məktəblər Arasındakı Keyfiyyət Uçurumu Aradan Qaldırılmalıdır”
MCP başqanı dövlət məktəblərinin gücləndirilməsinin və təhsildə sağlam rəqabətin vacibliyini vurğulayıb:
“Əminəm ki, uzunmüddətli hədəf dövlət məktəbləri ilə özəl məktəblər arasında keyfiyyət uçurumunun aradan qaldırılması olmalıdır. Valideyn özəl məktəbi yalnız ona görə seçməməlidir ki, dövlət məktəbində istədiyi səviyyəni tapa bilmir. Dövlət məktəbi elə səviyyəyə çatmalıdır ki, yüksək gəlirli ailənin də, orta və aşağı gəlirli ailənin də uşağı orada keyfiyyətli təhsil ala bilsin. Mən özəl məktəblərin inkişafının qarşısının alınmasının tərəfdarı deyiləm. Əksinə, sağlam rəqabət olsun. Amma bu rəqabət dövlət məktəblərinin zəifləməsi hesabına baş verməməlidir. Dövlət həm öz məktəblərinə ciddi investisiya qoymalı, həm müəllimlərin nüfuzunu və əməkhaqqını artırmalı, həm də bütün məktəblər üçün real keyfiyyət standartları müəyyən etməlidir”.
“Məktəbin Əsas Məhsulu Mənfəət Deyil, İnsan Kapitalıdır”
Deputat təhsildə ictimai maraqların qorunmasının və real sosial ədalətin bərqərar edilməsinin vacibliyini ifadə edib:
“Təhsilin biznes modeli ilə idarə olunmasına da tamamilə qarşı deyiləm. Özəl məktəb sahibkarlıq fəaliyyəti göstərə və qazanc əldə edə bilər. Ancaq burada ictimai maraq mütləq qorunmalıdır. Təhsil biznes ola bilər, amma yalnız biznes olmamalıdır. Çünki məktəbin əsas məhsulu mənfəət deyil, insan kapitalıdır. Fikrimcə, gələcəkdə elə bir sistem qurmalıyıq ki, imkanlı ailə istəsə özəl məktəb seçsin, amma heç bir valideyn ‘uşağım yaxşı təhsil alsın deyə mütləq 10-15 min manat ödəməliyəm’ düşüncəsi ilə üz-üzə qalmasın. Dövlət məktəbi də keyfiyyət, müəllim, texnologiya və nəticə baxımından kifayət qədər güclü olmalıdır. Əsl sosial ədalət də budur: pulunuzun çox olub-olmamasından asılı olmayaraq, uşağınızın keyfiyyətli təhsil almaq şansı eyni dərəcədə yüksək olsun”.