backend

Qələbənin Azərbaycan Ürəyi: Qanla Yazılan Vəfa Dastanı

Müharibə Azərbaycan üçün sadəcə rəqəmlər deyildi. O vaxtkı balaca respublikamızdan cəbhəyə 800 min oğul və qız yola düşdü. Təsəvvür edin, o dövrün əhalisinə görə bu, hər kəsin qardaşını, atasını və ya yeganə övladını müharibəyə göndərməsi demək idi. Onların tən yarısı-400 min nəfər geri dönmədi. Kimi Berlin divarları önündə, kimi Brest qalasında, kimi isə adsız bir yüksəklikdə can verdi. 122 nəfərin sinəsini bəzəyən "Sovet İttifaqı Qəhrəmanı" ulduzu isə sadəcə bir metal parçası deyil, xalqımızın sarsılmaz iradəsinin simvolu idi. Həzi Aslanovun tankları, Mehdi Hüseynzadənin qorxulu yuxuya çevrilən kəşfiyyatı faşizmin onurğasını sındıran əsas zərbələr oldu.
Cəbhədə kişilər vuruşarkən, kəndlərdə və şəhərlərdə bütün yük qadınlarımızın çiyninə düşdü. Ac idilər, susuz idilər, geyinməyə ayaqqabı tapmırdılar, amma bir gün də olsun şikayət etmədilər. O nasırlı əllər zavodlarda mərmi hazırlayır, tarlalarda taxıl biçirdi. Ən təsirlisi isə odur ki, öz övladı ac ola-ola, Rusiyadan, Ukraynadan gələn on minlərlə qaçqını öz evlərinə qəbul etdilər. Azərbaycan anası sonuncu tikə çörəyini o qaçqın uşaqlarla böldü, onları öz övladı bildi. Bu, dünyada analoqu olmayan bir humanizm nümunəsi idi.
Əgər Azərbaycan elmi olmasaydı, o qələbə bəlkə də heç vaxt gəlməzdi. Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı yanacaq olmasaydı, sovet təyyarələri havaya qalxa bilməzdi. O, Bakı neftini "vuran ürəyə" çevirdi. Və ya əfsanəvi Kərim Kərimov.  Faşistlərin canına vəlvələ salan "Katyuşa" reaktiv yaylım atəşi sisteminin yaradılmasında və təkmilləşdirilməsində onun zəkası dayanmışdı. Azərbaycan təkcə nefti ilə deyil, beyni ilə də faşizmi məğlub etdi.
Berlinin alınması zamanı Rixstaq üzərinə bayraq sancanlar arasında bizim oğullarımızın da olması təsadüf deyil. Bu, 1941-ci ildən başlayan o ağır yolun məntiqi sonu idi. Bakı nefti olmasaydı, tanklar yerindən tərpənməzdi, Azərbaycanın igidləri olmasaydı, o səngərlər keçilməzdi.
Bu qələbə bizim üçün sadəcə hərbi uğur deyil, həm də xalqımızın nə qədər böyük qəlbə, nə qədər dərin zəkaya və nə qədər sarsılmaz bir birliyə malik olduğunun sübutudur. Bu gün biz o 400 min şəhidin ruhu qarşısında baş əyirik, çünki onlar olmasaydı, bu gün biz də olmazdıq.
Təsəvvür edin ki, müharibə nəhəng bir maşındır və bu maşının hərəkət etməsi üçün "qan" lazımdır. O dövrdə bütün Sovet İttifaqının istifadə etdiyi neftin 70%-dən çoxunu, sürtkü yağlarının isə demək olar ki, hamısını təkbaşına Bakı verirdi. Bu nə deməkdir? Bu o deməkdir ki, cəbhədəki hər 10 tankdan 7-si, hər 10 təyyarədən 7-si Bakı nefti ilə işləyirdi.
Hitlerin Bakını ələ keçirmək planı olan "Edelveys" əməliyyatı boşuna deyildi. O bilirdi ki, Bakını alsa, müharibəni udacaq. Amma hesablamadığı bir şey vardı: Azərbaycan xalqının fədakarlığı. Neftçilərimiz 1941-ci ildə dünya tarixində görünməmiş bir rekorda imza atdılar-23,5 milyon ton neft hasil etdilər! Bu rəqəm o dövr üçün fantastik idi. Neftçilər mədənlərdə, buruqların başında yatırdılar. Qışın sazağında, əlləri metala yapışa-yapışa, "Hər şey cəbhə üçün!" deyib işləyirdilər. Əgər bu gün kimsə Qələbədən danışırsa, o, birinci Bakı neftçisinin qarşısında baş əyməlidir. Çünki Bakı nefti olmasaydı, o böyük ordu sadəcə bir dəmir yığınına çevrilərdi.
Yuxarıda  qeyd edildiyi kimi bu savaşda 122 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı oldu. Təbii ki, onların hamısının adını bu kiçik yazıda hallandırmaq mümkün deyil, lakin onların arasında elələri var idi ki, onların rəşadəti bütün sovetlər birliyini heyrətə gətirmişdi. Sovet mətbuatı məhz onlar haqqında yüzlərlə yazı dərc eləmişdi. Məsələn, Həzi Aslanov. İki dəfə qəhrəman adı alan yeganə azərbaycanlı. Onun tankları Stalinqrad döyüşlərində faşistlərin ən güclü diviziyalarını darmadağın edəndə, alman generalları heyrət içində idilər. "Aslanovun tankçıları" ifadəsi düşmən üçün ölüm hökmü kimi səslənirdi.
Və ya İsrafil Məmmədov. Novqorod yaxınlığında cəmi bir dəstə ilə nəhəng bir alman taborunun qarşısını kəsmişdi. Saatlarla davam edən qanlı döyüşdə təkbaşına onlarla faşisti məhv edib, mövqeyini qorumuşdu. Bu, sadəcə hərbi tapşırıq deyildi, bu, Azərbaycanın igidlik geninin hayqırtısı idi.
Müharibə təkcə səngərdə aparılmırdı. Azərbaycan qadınları-analarımız, bacılarımız, gəlinlərimiz. Onlar traktora əyləşdilər, kombayn sürdülər. O vaxtlar "Qadın neftçilər" briqadaları yarandı. Zərif əlləri ilə ağır avadanlıqları təmir edən Səriyyə xanımlar, Leyla xanımlar əslində cəbhənin ikinci xəttində vuruşurdular.
Daha bir sarsıdıcı fakt: Azərbaycan xalqı öz şəxsi vəsaitindən Müdafiə Fonduna milyonlarla manat pul, kiloqramlarla qızıl-zinət əşyası topladı. Analarmız gəlinlik cehizlərini, nənələrimiz barmaqlarındakı tək üzüklərini çıxarıb "Tank kalonnu düzəldilsin" deyə söylədilər. Özü ac idi, amma "Əsgərimiz cəbhədə üşüməsin" deyib, gecə neft lampasının işığında corab toxuyan ananın o fədakarlığı qarşısında hansı düşmən dura bilərdi?
Müharibənin ilk aylarında Rusiya, Ukrayna və Belarusdan minlərlə qaçqın qatar-qatar Bakıya gətirilirdi. Onların hər şeyi məhv olmuşdu – evləri, ailələri, ümidləri.
Azərbaycanlılar onları necə qarşıladı? Heç bir dövlət əmri gözləmədən insanlar vağzallara axışdılar. Hərə bir ailəni, bir yetim uşağı əlindən tutub evinə apardı. O darısqal "İçərişəhər" və ya "Sovetski" məhəllələrindəki evlərdə, bir otaqda iki-üç fərqli millətin nümayəndəsi bir ailə kimi yaşamağa başladı. Azərbaycanlı ev sahibi öz uşağına verdiyi bir parça lavaşın yarısını o qaçqın uşağa verdi. Bu, sadəcə qonaqpərvərlik deyil, bu, insanlığın qələbəsi idi. Faşizm nifrət üzərində qurulmuşdusa, Azərbaycan xalqı sevgi və paylaşmaqla o ideologiyanı yerlə-yeksan etdi.
Yusif Məmmədəliyevin kəşf etdiyi "Molotov kokteyli"nin yanacaq qarışığı tankları yandırırdısa, onun təyyarələr üçün hazırladığı yanacaq sovet aviasiyasını səmada "məğlubedilməz" etdi. Alman kəşfiyyatı illərlə bu yanacağın formulunu oğurlamağa çalışsa da, Məmmədəliyevin dühasına çata bilmədilər.
Kərim Kərimov isə artilleriya və raket texnikası sahəsində elə hesablamalar aparırdı ki, bu, müasir ballistikanın əsasını qoydu. "Katyuşa"ların o qorxunc gurultusu əslində Azərbaycan elminin səsi idi.
Müharibə təkcə açıq cəbhələrdə getmirdi. On minlərlə oğlumuz əsir düşmüşdü, amma ruhları təslim olmamışdı. Onlar həbs düşərgələrindən qaçıb Avropanın göbəyində-Fransa, İtaliya, Yuqoslaviya meşələrində partizan dəstələri yaratdılar.
Burada bir adı qürurla çəkməliyik: Əhmədiyyə Cəbrayılov. Fransızlar ona "Armed Mişel" deyirdilər. O, Fransanın ən ali hərbi mükafatlarını alan yeganə əcnəbi idi. Şarl de Qollun şəxsi dostu olan bu Şəki oğlu, faşist generallarının burnunun ucunda elə əməliyyatlar keçirirdi ki, almanlar onun başına külli miqdarda pul qoymuşdular. Və ya Mehdi Hüseynzadə (Mixaylo). Triestdə, Yuqoslaviyada faşistlərin ən qorxulu yuxusu. Təsəvvür et, təkbaşına bir restoranı partladıb onlarla alman zabitini məhv edən, rəssamlıq qabiliyyəti ilə düşmən sənədlərini saxtalaşdıran bir dahi. Onlar Vətəndən minlərlə kilometr uzaqda vuruşsalar da, hər gülləni Azərbaycanın azadlığı üçün atırdılar.
Azərbaycanın formalaşdırdığı milli diviziyalar içərisində 416-cı Taqanroq diviziyasının yeri başqadır. Bu diviziya Qafqazın ətəklərindən-Mozdokdan döyüşə başladı və 1945-ci ilin mayında Berlinin mərkəzinə qədər addımladı.
Bu diviziyanın keçdiyi yol qanla suvarılmışdı. Azov dənizi sahillərini, Ukraynanı, Polşanı faşistlərdən təmizləyən məhz bizim uşaqlar idi. Berlin əməliyyatı başlayanda 416-cı diviziya şəhərin ən strateji nöqtələrinə hücum edirdi. Berlinin dar küçələrində hər bina bir qala idi, hər pəncərədən ölüm yağırdı. Amma bizimkilər dayanmırdı. Brandenburq qapılarının üzərinə Qələbə bayrağını sancanlar arasında polkovnik Rəşid Məcidovun rəhbərliyi ilə bizim döyüşçülərimiz vardı. Bu, bir millətin faşizm üzərindəki mənəvi zəfəri idi.
Müharibə təkcə öldürmək deyil, həm də yaşatmaq savaşı idi. Bakı o illərdə nəhəng bir hospitala çevrilmişdi. Cəbhədən gələn minlərlə yaralı əsgər Bakının hər tərəfinə səpələnmiş xəstəxanalarda müalicə olunurdu.
Akademik Mustafa Topçubaşov burada bir inqilab etdi. Onun icad etdiyi üsullar sayəsində minlərlə əsgər amputasiyadan xilas oldu, yenidən ayağa qalxdı. Azərbaycanlı həkimlər və tibb bacıları yuxusuz gecələr keçirərək, qanlarını yaralılara verərək onları ölümün pəncəsindən qoparırdılar. Bakı təkcə neft vermirdi, Bakı həm də həyat verirdi.
O illərdə Azərbaycanda insanlar ot kökü yeyirdilər ki, taxıl cəbhəyə getsin. Analarımız öz gəlinlik libaslarını satıb, pullarını tank kolonlarının tikilməsinə bağışlayırdılar.
Məsələn, bir azərbaycanlı qadın-Leyla xanım cəbhəyə yazdığı məktubda deyirdi: "Oğlum, mən burada ac qala bilərəm, amma sən orada zəif düşməməlisən. Sənin güllən boşa getməsin, mən burada 20 saat işləməyə hazıram". Bu sarsılmaz ruh idi Qələbəni gətirən. Bizim xalqımız öz rifahını Qələbəyə qurban verdi. Bu gün biz o insanların çəkdiyi acıların üzərində azad yaşayırıq.
Hətta o sərt sovet rejimində belə, müharibə illərində xalqın inamı sarsılmadı. Məscidlərdə, kilsələrdə qələbə üçün dualar oxunurdu. Şeyxülislam Ağa  Əlizadənin və digər din xadimlərinin xalqa çağırışları insanları bir yumruq kimi birləşdirirdi. Azərbaycan xalqı sübut etdi ki, çətin gündə bir olmaq bizim qanımızdadır.
1944-cü ilin sonları idi. Şərqi Avropanın qapıları artıq açılmışdı. Macarıstan və Avstriya uğrunda ağır döyüşlər gedirdi. Burada bir azərbaycanlı döyüşçünün – Məmməd Məmmədovun adı dillər əzbəri oldu. Dunay çayını keçmək demək olar ki, imkansız görünürdü; qarşı tərəf polad divar kimi hörülmüşdü.
Məmməd və onun dəstəsi buzlu suya atılaraq qarşı sahilə keçdilər. Təsəvvür edin, ətrafda mərmilər yağış kimi yağır, su qan rənginə boyanıb. O, təkbaşına bir pulemyot yuvasını məhv edərək onlarla əsgərin həyatını xilas etdi və ordunun Dunayı keçməsi üçün cığır açdı. Avstriyalılar illər sonra da o "qaraşın qəhrəmanı" xatırlayırdılar.
Bəli, bizim dahi alimimiz, akademik Ziya Bünyadov həm də böyük bir döyüşçü idi. Polşa və Çexoslovakiya uğrunda gedən döyüşlərdə onun göstərdiyi rəşadət dillərdə dastan idi. O, kəşfiyyat bölüyünün komandiri idi.
Vistula çayı üzərindəki körpünü faşistlər partlatmağa hazırlaşırdılar ki, sovet ordusunun yolunu kəssinlər. Ziya Bünyadov öz qrupu ilə gecənin qaranlığında düşmən arxasına keçdi. O, körpünün minalarını təmizləyərkən əlbəyaxa döyüşə girdi. Bir anlıq təsəvvür et: gələcəyin böyük tarixçisi əlində avtomat Polşa torpağında azadlıq üçün vuruşur. O, bu qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adını aldı. Şərqi Avropanın bir çox şəhərlərində onun qədəm izləri var.
223-cü Belqrad diviziyasını unutmaq olmaz. Bu diviziyanın əksəriyyəti azərbaycanlı uşaqlar idi. Onlar Rumıniyanın paytaxtı Buxarestə ilk girən bölmələr sırasında idilər. Bolqarıstanda isə yerli əhali bizim uşaqları gül-çiçəklə qarşılayırdı. Bunun isə səbəbi var idi, çünki azərbaycanlı əsgər özü ac olsa da, çantasındakı sonuncu quru çörəyi o kəndlərdəki ac uşaqlara verirdi. Bizimkilər getdikləri yerə təkcə silah deyil, həm də insaniyyət aparırdılar. Rumıniya tarlalarında həlak olan adsız azərbaycanlı əsgərlərin məzarları bu gün də o torpaqlarda xalqımızın vəfa borcu kimi qalmaqdadır.
Yuxarıda Mehdi Hüseynzadənin (Mixaylonu) qəhrəmanlıqlarından bəhs edildi, onun barəsində çox danışılıb, hətta “Uzaq sahillərdə” adlı film də çəkilib, amma Yuqoslaviya dağlarında vuruşan digər oğullarımız da vardı. Məsələn, Cavad Hakimli. O, Mixaylonun ən yaxın silahdaşı idi. Onlar Yuqoslaviya xalq azadlıq ordusunun tərkibində elə bir qorxu yaratmışdılar ki, almanlar meşəyə girməyə qorxurdular.
Bir dəfə əməliyyat zamanı Cavad və dostları bir faşist həbsxanasını dağıdaraq yüzlərlə yerli insanı edamdan xilas etdilər. Yuqoslavyalı analar öz övladlarına "Cavad" adını qoymağa başladılar. Bax, bu, Azərbaycanın Şərqi Avropadakı mənəvi sərhədləri idi.
Şərqi Avropadan keçib Almaniyanın içərisinə doğru irəliləyən hər bir addımda bir azərbaycanlının qanı var. Polşanın azad edilməsi zamanı göstərilən fədakarlıqlar. Tankçı ordusunda vuruşan azərbaycanlı gənclər Varşava küçələrində yanar tankların içindən çıxmayıb döyüşü davam etdirirdilər. Onlar bilirdilər ki, Berlin nə qədər tez alınsa, Bakıdakı anaların göz yaşı o qədər tez quruyacaq.
Biz həmişə kişilərdən danışırıq, amma Şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovanın müharibə illərindəki rolu bir dastandır. Müharibə başlayanda onun azyaşlı uşaqları olduğu üçün cəbhəyə buraxmırdılar. Bəs o nə etdi? Bakıda planersiz və paraşütçülər klubu açdı. Müharibə illəri ərzində o, 4 mindən çox paraşütçü və 100-ə yaxın təyyarəçi yetişdirib cəbhəyə göndərdi. Onun yetişdirdiyi o gənclər səmanın dəhşətinə çevrildilər. Leyla xanım təkcə uçmurdu, o, Qələbənin qanadlarını Bakıda hazırlayırdı.
Azərbaycan təkcə quru və hava döyüşçüsü verməmişdi. Cəlil Cavadov Dunay hərbi donanmasında xidmət edirdi. Şərqi Avropanın çayları boyunca almanların sualtı minalarını təmizləyən, gəmilərin keçidini təmin edən o idi. Bir dəfə düşmən atəşi altında gəminin zədələnmiş hissəsini buzlu suyun altında təmir edərək onlarla dənizçini batmaqdan xilas etmişdi. Sonralar kontr-admiral rütbəsinə qədər yüksələn bu azərbaycanlı, dənizlərdəki Qələbənin gizli memarlarından biri idi.
Cəbhə xəttindən gələn az bilinən bir hekayə: Tibb bacısı Sona Nuriyeva. Kerç yarımadasında döyüşlər gedərkən, o, yaralıları odun-alovun içindən çəkib çıxarırdı. Bir gün bir əsgəri xilas edərkən özü də ağır yaralanır, amma əlindəki sarğı paketini buraxmır. O, huşunu itirənə qədər həmin əsgərin yarasını bağlayır. Sona xanım sağ qaldı və müharibədən sonra on minlərlə insanın həyatını xilas edən bir həkim oldu. Onun kimi minlərlə azərbaycanlı qız cəbhənin ən ön xəttində "mərhəmət mələyi" idi.
Haqqında çox danışılmayan bir qəhrəman da Məmmədhüseyn Əsədovdur. O, Tehranda keçirilən məşhur "Böyük Üçlüyün" (Stalin, Ruzvelt, Çerçill) görüşü zamanı təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayıb. Alman kəşfiyyatının "Sıçrayış" əməliyyatını-yəni o üç lideri qaçırmaq və ya öldürmək planını puça çıxaranlardan biri məhz bu azərbaycanlı kəşfiyyatçı idi. Əgər o görüş baş tutmasaydı və o liderlər öldürülsəydi, dünya tarixi tamamilə başqa cür olardı. Azərbaycanın uzaqgörən övladları dünya siyasətinin taleyini Bakıdan və Tehrandan idarə edirdilər.
Müharibənin ortasında Bakıda bir hadisə yaşanmışdı. Bir yaşlı kişi hər gün hərbi komissarlığın qapısına gəlirdi ki, onu cəbhəyə aparsınlar. Yaşı ötdüyü üçün götürmürdülər. O isə hər dəfə özü ilə gətirdiyi bir torba gümüş pulu və köhnə qızılları fonda verib deyirdi: "Mən gedə bilmirəmsə, qoy mənim bu var-dövlətim bir faşisti məhv edəcək gülləyə çevrilsin". Adı tarixin dərinliklərində itən bu qoca əslində Azərbaycanın sarsılmaz ruhunun elə özü idi.
Gecə saat 2:10. Radio diktoru Levitanın o titrək, amma möhkəm səsi Bakının bütün küçələrində, bütün evlərində əks-səda verdi: "Faşist Almaniyası qeyd-şərtsiz təslim oldu! Qələbə!"
Həmin an Bakı yatmadı. İnsanlar küçələrə tökülüşdülər. Təsəvvür et, illərdir tətbiq olunan "işıq maskalanması" (gecələr şəhərin işıqlarının söndürülməsi) o gecə ləğv edilmişdi. Bakı ilk dəfə idi ki, belə parlaq işıqlanırdı. Xəzər dənizinin sahilində minlərlə insan bir-birini tanımadan qucaqlayır, ağlayırdılar. Bu həm sevinc, həm də kədər göz yaşları idi. Sevinc ona görə idi ki, artıq kimsə ölməyəcəkdi. Kədər isə ona görə idi ki, o 400 min oğul bu işıqları görə bilməmişdi.
O gecə Bakının məşhur məhəllələrində-Sovetskidə, Dağlı məhəlləsində, İçərişəhərdə qəribə bir mənzərə vardı. Aclıq hələ bitməmişdi, çörək hələ də kartla idi, amma insanlar evlərində nə qalıbsa-bir ovuc kişmiş, bir parça quru çörək, bəlkə gizlədib saxladıqları sonuncu bir az şəkər- hamısını küçəyə çıxarıb ortaq süfrə açdılar.
Müharibə boyu evlərində qonaq etdikləri rus, ukraynalı qaçqınlarla azərbaycanlılar eyni süfrə başında "Qələbə!" deyib sağlığa badə qaldırdılar (bəziləri sadəcə su ilə). O gecə Bakıda millət yox idi, o gecə Bakıda yalnız "qalib insan" vardı. Musiqiçilər eyvanlara çıxıb tar, kamança çalırdılar. Bakının üzərindən atılan bayram atəşfəşanlığının rəngləri Xəzərin sularında rəqs edirdi.
Qələbə elan olundu, amma Bakı vağzalı hələ aylarla, illərlə o "böyük qayıdış"ın intizarını çəkəcəkdi. Bayram gecəsi vağzalda minlərlə qadın əllərində güllərlə deyil, hələ də ümidlə gözləyirdi. "Bəlkə mənimkinin öldüyü səhv yazılıb?", "Bəlkə o da bu qatardan düşəcək?".
O gecənin ən sarsıdıcı məqamı bu idi: şəhər sevinc içində idi, amma hər küncdə bir ana gizlicə ağlayırdı. Çünki Qələbə onun evinə oğul deyil, sadəcə qürur gətirmişdi. Azərbaycan anası o gecə həm qürurundan ucaldı, həm də dərdi ilə Bakının dənizindən daha dərində boğuldu.
Həmin gecə neft mədənlərində iş dayanmadı. Neftçilər Qələbə xəbərini qazma qurğularının başında, neft çənlərinin yanında aldılar. Onlar bir-birini yağlı, qara əlləri ilə qucaqladılar. Onlar bilirdilər ki, bu neft Berlinin küçələrində tankların içində axıb və faşizmi boğub. O gecə Bakı neftçisi öz işini şərəflə bitirmiş bir əsgər kimi dərindən nəfəs aldı.
10 may sabahı Bakı başqa bir şəhər idi. Küçələrdə insanlar hələ də bayram edirdi, amma artıq hər kəs bir şeyi başa düşürdü: indi dağılmış ölkəni, boşalmış anbarları, yaralı ürəkləri bərpa etmək vaxtıdır. Azərbaycan xalqı o gecə cəbhədən gələcək 400 min yarımcan, amma qalib əsgərini qarşılamaq üçün qollarını çırmaladı.
 
Mövsüm Əhməd