backend

Mingəçevirdə “Bir ömrün zirvəsi – Heydər Əliyev” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Mingəçevir şəhəri üzrə təhsil sektoru və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir ömrün zirvəsi – Heydər Əliyev” adlı inşa müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.

Müsabiqənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, siyasi fəaliyyətinin və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinin şagirdlər arasında daha geniş təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi olub.

Tədbirdə çıxış edən Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Rüstəm Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, belə müsabiqələrin şagirdlərin dünyagörüşünün formalaşmasında və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib, bütün iştirakçılara təşəkkürünü bildirərək qalibləri təbrik edib.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edib. O, gənclərin bu zəngin irsi dərindən öyrənməsinin vacibliyini vurğulayıb və belə tədbirlərin milli ideologiyaya sədaqətli gəncliyin formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd olunub ki, müsabiqədə şəhərin ümumi təhsil müəssisələrinin hər birindən 1 şagird olmaqla ümumilikdə 29 şagird iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən:

🥇 I yer – Mingəçevir şəhəri R. Muradov adına texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Hümbətli Qənirə Vasif qızı

🥈 II yer – Mingəçevir şəhəri R. Mirabov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Abbaslı Bətül Tariyel qızı

🥉 III yer – Mingəçevir şəhəri V. Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Cavadlı Nihal Vüqar qızı

Sonda qaliblərlə xatirə şəkli çəkdirilib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni yaradıcılıq zirvələri arzulanıb.