backend

Fatma Yıldırım: “Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sahəsinə göstərilən yüksək diqqətin göstəricisidir”

Sentyabrın 2-də tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı mühüm qərarın ictimaiyyətə təqdim olunması Azərbaycan dövlətinin insan amilinə, xüsusilə də səhiyyə sahəsində çalışan insanların əməyinə verdiyi yüksək dəyərin növbəti göstəricisidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması və səhiyyədə insan kapitalının gücləndirilməsi ilə bağlı təşəbbüsünün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəstəklənməsi və müvafiq tapşırıqların verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. 72 mindən çox tibb işçisini əhatə edən bu qərarı yüksək qiymətləndirirəm.

Həkimlərin, tibb bacılarının və digər səhiyyə işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi həm onların sosial rifahının yüksəlməsinə, həm də səhiyyənin inkişafına mühüm stimul verəcək. Xüsusilə regionlarda ixtisaslı həkim çatışmazlığı kimi problemlərin aradan qaldırılması baxımından bu cür addımlar böyük əhəmiyyət daşıyır. Çünki keyfiyyətli tibbi xidmət yalnız müasir xəstəxanalarla deyil, peşəkar və motivasiyalı insan resursları ilə mümkündür.

Son illərdə ölkəmizdə səhiyyə infrastrukturunun yenilənməsi, müasir tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın tətbiqi və tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində mühüm işlər görülüb. Tibb işçilərinin əməkhaqlarının artırılması isə bu siyasətin məntiqi davamıdır.

İnanıram ki, bu qərar səhiyyə işçilərinin əməyinə yeni stimul verəcək, xüsusilə regionlarda kadr potensialının gücləndirilməsinə və vətəndaşlarımıza göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə mühüm töhfə verəcək.

İnsan sağlamlığına xidmət edən hər bir tibb işçisinin əməyinə verilən bu dəyər təqdirəlayiqdir.

Fatma Yıldırım
Milli Məclisin deputatı