backend

Ailənin dayağı, milli-mənəvi dəyərlərin qoruyucusu olan Azərbaycan qadını

Azərbaycanda qadınlar yalnız 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində diqqət və qayğı ilə əhatə olunmur, onlara yalnız ildə bir dəfə diqqət göstərilmir. Zərif cinsin nümayəndələri hər zaman bu diqqəti, qayğını öz üzərlərində hiss edir, onu yaşayırlar. Əslində, bu da qəribə yaxud təsadüfi deyil. Çünki qadınlar tarixən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb, öz potensialları, bacarıqları ilə dövlət idarəetmə sistemində kişilərlə çiyin-çiyinə çalışıblar. Tomrisdən tutmuş Möminə Xatun, Sara Xatun, Nüşabə, Nigar, Həcər kimi dövlət idarəetmə sistemində ad-san qazanmış, həm də döyüş meydanında qəhrəmanlıq göstərmiş qadınlarımız olub ki, bu gün onların zamanında ortaya qoyduqları fəaliyyətlərlə fəxr edirik.

Azərbaycan qadını həm də maarifçilik hərəkatında mühüm rol oynayıb, bu prosesə öz töhfəsini verib. Bu tendensiya xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində özünü daha qabarıq şəkildə göstərib. Həmin dövrdə ölkədə genişlənmiş maarifçilik hərəkatı qadınların təhsilə cəlb olunmasını sürətləndirdi. Bu prosesdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin təşəbbüsü ilə Bakıda qızlar üçün məktəblərin açılması mühüm rol oynadı. Bu addım qadınların savadlanmasına və gələcəkdə cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına zəmin yaratdı.

Təkcə uzaq tarixdə deyil, elə keçən əsrdə də Azərbaycan tarixində qadınlar ictimai fəallıqları ilə seçiliblər. Şərqdə ilk dəfə seçib-seçilmək hüququnun məhz XX əsrin əvvəllərində Azərbaycanda verilməsi də bu məsələdə xüsusi rol oynayırdı. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri olmuşdur.

Azərbaycan qadını tarixən ailənin dayağı, milli-mənəvi dəyərlərin qoruyucusu, eyni zamanda cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyət kimi səciyyələndirilib. Bütün bu xüsusiyyətləri Azərbaycan qadını tarixin bütün dövrlərində şərəflə, qüsursuz şəkildə həyata keçirib.

Qadınların cəmiyyətdə iştirakçılıq göstəricisinin, onların ictimai-siyasi həyatda rolunun artması müstəqillik illərində daha açıq şəkildə müşahidə edilməyə başlandı. Azərbaycan qadınlarına yaradılan şərait nəticəsində onlar dövlət quruculuğu, elm, mədəniyyət, biznes və beynəlxalq münasibətlər sahəsində fəal iştirak etməyə başladılar. Məhz qadınlar üçün yaradılmış şəraitin nəticəsidir ki, bu gün qadınlar parlamentdə, dövlət strukturlarında, qeyri-hökumət təşkilatlarında və özəl sektorda geniş şəkildə təmsil olunurlar.

Bütün müşahidə edilən bu müsbət tendensiya, heç şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə qadınlara yönəlik həyata keçirdiyi siyasətdən irəli gəlirdi. Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan cəmiyyətində lider qadınlar yetişirdi.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşaraq deyirdi:

“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.
Ulu Öndər qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı, Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Azərbaycan Qadınlarının Birinci Qurultayı da məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf etdi və 1998-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirildi. Bu, dövlət qadın siyasətinin tarixində mühüm hadisə idi.

Günümüzdə dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət yeni dünya düzənində yaranmış yeni reallıqlara, meyarlara uyğunlaşdırılaraq həyata keçirilməkdədir. Belə ki, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində həm qabaqcıl ölkələrdən birinə çevrilib, həm də bu istiqamətdə mühüm yeniliklərə imza atıb.
Azərbaycan Respublikasının Konstitusiyasında da kişi ilə qadının eyni hüquq və azadlıqları təsbit olunur. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarır.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub.

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda da qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib.

Günümüzdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə rəhbəri ilə çiyin-çiyinə çalışaraq Azərbaycanı beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edən simalardan biri də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Uzun illər ərzində Mehriban xanım Əliyevanın göstərdiyi çoxşaxəli fəaliyyət qadınların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakına töhfə verib.

Hələ Heydər Əliyev Fondunun prezidenti olarkən Mehriban xanım sosial və humanitar layihələrə rəhbərlik edərək təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə sahələrində genişmiqyaslı proqramların həyata keçirilməsi ilə qeyd edilən istiqamətlərdə mühüm nailiyyətlərə imza atıb. Paralel olaraq, Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi xeyirxah missiyası ilə minlərlə insanın taleyini müsbət mənada dəyişib, onlarda yaşamaq eşqi yaradıb, ölümlə mübarizə aparan ayrı-ayrı insanlara əl tutaraq onların həyatda qalmasına vəsilə olub.

Mehriban Əliyeva da hər zaman çıxışlarında gender bərabərliyi, qadın hüquqlarının qorunması və ailə dəyərlərinin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. O, qadınların yalnız ailə institutunda deyil, eyni zamanda dövlət idarəçiliyi, elm, mədəniyyət və biznes sahələrində də fəal rol oynamasının vacibliyini vurğulayır.

Mehriban Əliyeva Azərbaycanı beynəlxalq humanitar platformalarda da layiqincə təmsil edir, ölkəmiz adına uğurlar qazandırır. O, mədəniyyətlərarası dialoq, multikulturalizm və humanitar əməkdaşlıq sahəsində təşəbbüslərlə çıxış edir. Bu fəaliyyət qadın liderliyinin qlobal miqyasda təşviqinə və Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.

Bu gün Mehriban xanım Əliyeva ictimai fəaliyyəti ilə yanaşı, siyasi fəaliyyəti ilə də diqqət çəkir. Ölkənin Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva ölkə başçısı ilə eyni addımlayır, Azərbaycan naminə, dövlətimiz üçün təkcə daxili deyil, eləcə də beynəlxalq prizmada çiyin-çiyinə mübarizə aparır. Elə ən son Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təxribatçı ünsürlərin verdiyi suala Mehriban xanım Əliyevanın qarşısındakını nokaut vəziyyətinə salan cavabı zərif cinsin “yumşaq güc” nümayişinin göstəricisidir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı