backend

Yüksək cərimələrə görə həbs olunan kəndlilər var… – Deputat

“Pay torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə mane olan ağacların kəsilməsinə görə tətbiq edilən bərpa haqqı çox yüksəkdir və fermerlər üçün yeni maliyyə baryeri yaradır. Qanunvericiliyə humanist keçid müddəası əlavə edilməli, bu səbəbdən cəzalandırılan kəndlilərin mülki və cinayət işlərinə yenidən baxılmalıdır”.

Qaynarxett.az xəbər verir ki, bu barədə Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı pay torpaqlarının əkinə yararlı vəziyyətə gətirilməsi qarşısındakı hüquqi və maliyyə maneələrini kəskin tənqid edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
“Fermerin illərlə əldə edəcəyi gəlir bu bərpa haqqını kompensasiya etmir”
Millət vəkili çıxışında qanunvericiliyin mövcud sərt mexanizmlərinin aqrar inkişafa və torpaqların dövriyyəyə qatılmasına ciddi əngəl törətdiyini diqqətə çatdırıb:
“Pay torpağında böyük ağacların kəsilməsi zəruri olarsa, mövcud qaydalara görə bərpa haqqı çox yüksək məbləğə çevrilə bilər. Bu isə qanunun əsas məqsədini zəiflədir. Təsəvvür edək ki, vətəndaş öz pay torpağını əkinə yararlı vəziyyətə gətirmək istəyir. Ağacı qanuni qaydada kəsir, amma sonra elə bir bərpa haqqı ödəməli olur ki, həmin torpaqdan illərlə əldə edə biləcəyi gəlir bu xərci kompensasiya etmir. Belə olan halda fermer yenə də torpaqdan istifadə edə bilmir, ya da bu işə girişməkdən çəkinir. Yəni biz problemi həll etmək istəyirik, amma başqa bir maliyyə baryeri də yaradılır. Ona görə hesab edirəm ki, müvafiq maddəyə yenidən baxılmalıdır. Bərpa haqqı ya diferensiallaşdırılmalı, ya azaldılmalı, ya da müəyyən hallarda güzəşt mexanizmi tətbiq edilməlidir”.
“Məhkəmələrdə kəndlilərlə bağlı çoxlu işlər var, həbs olunanlar var”
Deputat rəsmi instansiyalarda bu mövzu ilə bağlı yaşanan hüquqi böhrana xüsusi diqqət çəkərək, yeni tənzimləmələrin geriyə şamil olunması barədə mühüm təklif irəli sürüb:
“Bu gün məhkəmələrdə pay torpaqlarında kəsilmiş ağaclarla bağlı çoxlu işlər var. İnsanlara yüksək cərimələr yazılıb, bəzi hallarda hətta həbslər də olub. Əgər biz bu gün etiraf ediriksə bu sahədə problem var və qanunla yeni, daha ədalətli mexanizm yaradırıqsa, o zaman bu yanaşma yalnız gələcəyə aid edilməsin. Təklif edirəm ki, qanuna keçid müddəası əlavə olunsun və bu günə qədər oxşar məsələlərlə bağlı başlanmış inzibati, mülki və cinayət işlərinə də bu qanunun humanist və ədalətli yanaşması şamil edilsin. Əlbəttə, söhbət qəsdən meşə qırılmasından və ekoloji cinayətlərdən getmir. Söhbət öz pay torpağında kənd təsərrüfatı fəaliyyəti aparmaq istəyən, amma qanunvericilik boşluqları səbəbindən cəzalandırılan insanlardan gedir”.

“Qanun yalnız icazə verməməli, həm də insana real nəfəs verməlidir”
Layihəni konseptual olaraq dəstəklədiyini bildirən MCP lideri, sənədin kəndlinin torpağa bağlanmasına xidmət etməli olduğunu vurğulayıb:
“Bu qanun kəndlinin torpağa qayıtmasına, pay torpaqlarının istifadəsiz qalmamasına, aqrar istehsalın artmasına xidmət etməlidir. Ona görə də layihəni dəstəkləyirəm, amma hesab edirəm ki, bərpa haqqı və əvvəlki işlərə tətbiq məsələsi mütləq nəzərə alınmalıdır. Qanun yalnız icazə verməməli, həm də insanlara real nəfəs verməlidir”.